Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını xeyli dərəcədə dəyişdirib. Həyata keçirilən bu tədbirlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə zəmin yaradıb. Görülən işlər çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzində saxlanılan sahələrdəndir. Son illərdə Naxçıvan şəhərində onlarla yaşayış binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunur. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində daha müasir yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər dövlətimizin vətəndaşlara göstərdiyi qayğının parlaq ifadəsidir. Qeyd edək ki, muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar gənc ailələrin də yeni mənzillərlə təmin olunmasına imkan verib. Əgər gənc ailələrin bir qismi fərdi ev inşa etməyi seçirsə, digər bir hissəsi isə hazır mənzil almağa üstünlük verir. Muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikilməsi bu istiqamətdə həyata keçirilən ən böyük layihələrdən biridir.
“Gənclər şəhərciyi” yaşayış kompleksinin ümumi ərazisi 23 min 109 kvadratmetrdir. Ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli, ikisi isə 13 mərtəbəli olmaqla, 6 bina yerləşir. Yeni yaşayış kompleksindəki 4 binada mənzillər iki və üçotaqlı, 13 mərtəbəli binalarda isə bir, iki, üç və dördotaqlıdır. Ümumilikdə, binalarda 506 mənzil vardır. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu ən müasir tələblər səviyyəsində qurulub. Hazırda şəhərcikdə yerləşən 4 binada yaşayış mövcuddur, iki binada isə son tamamlama işləri görülür və artıq bir neçə gündür yeni mənzil alan ailələrin bura köçməsinə başlanılıb.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 99 nömrəli, 36 mənzilli binanın yenidən qurulması isə artıq başa çatdırılıb. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada ilkin olaraq qəzalı vəziyyətdə olan eyvanlar və sonradan artırılan hissələr sökülüb, sonrakı mərhələdə bina beton sütunlarla möhkəmləndirilib, dam örtüyü, pəncərələr dəyişdirilib, bina arxaya doğru 3 metrlik məsafədə artırılıb ki, bu da sakinlərin mənzil sahəsinin genişlənməsinə şərait yaradıb. Binanın su-kanalizasiya, qaz və elektrik xətləri tamamilə yenilənib. Həmin küçədə yerləşən 111 nömrəli yaşayış binasında da yenidənqurma işlərinə başlanılıb. Hazırda binada söküntü işləri aparılır.
Naxçıvan şəhərinin Atabəylər məhəlləsində isə 3 nömrəli yaşayış binasının yenidən qurulması başa çatdırılıb. “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada dam örtüyü, pəncərələr dəyişdirilib, zirzəmi hissə əsaslı şəkildə təmir olunub, kommunikasiya xətləri yenilənib. Hazırda burada son tamamlama işləri aparılır.
Həmin məhəllədə yerləşən 2 nömrəli 5 mərtəbəli yaşayış binasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Qeyd edək ki, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər Naxçıvan şəhərinin simasına gözəl memarlıq nümunələri bəxş etməklə yanaşı, həm də dövlətimiz tərəfindən insan amilinə göstərilən qayğı kimi qiymətləndirilir.
Xəbərlər şöbəsi