Ölkəmiz yenicə müstəqillik əldə etdiyi dövrdə Almaniyadan gəlmiş bir qonaq Naxçıvanla tanışlıqdan sonra “Siz böyük sərvətə maliksiniz”, – demişdi. Bəli, Tanrı muxtar respublikamıza zəngin yeraltı və yerüstü sərvətlər bəxş edib. Elə Naxçıvançayboyu qum, çınqıl, daş məmulatları da bu sərvətin bir parçasıdır. Sovet hakimiyyəti illərində bu sərvətlərdən kortəbii şəkildə istifadə olunurdu.
Ötən əsrin 90-cı illərinin sonlarından muxtar respublikamızda başlayan və getdikcə sürətlənən tikinti-quruculuq işlərinin keyfiyyətlə aparılmasında, idxaldan asılılığın aradan qaldırılmasında tikinti məhsulları istehsal edən müəssisələrin həyata vəsiqə alması zərurəti yaranmışdı. İnşaat meydançalarının tikinti materialları ilə vaxtında təmin edilməsi üçün ardıcıl həyata keçirilən tədbirlərin nəticəsi kimi 2005-ci ildə Gəmiqaya Beton Zavodu və Qum-Çınqıl Karxanası fəaliyyətə başladı. Müəssisənin açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Quruculuq işləri hər bir sahəni əhatə edir. Həyata keçirilən tikinti üçün keyfiyyətli xammalın, tikinti materialının olması zəruri şərtlərdən biridir. Tikintidə özülün möhkəmliyi betonun, suvağın davamlılığı isə qumun keyfiyyətindən asılıdır. Əvvəllər qum istehsalı ekologiyamıza zərərli, kortəbii şəkildə həyata keçirilirdi, çay qırağından, şoran yerlərdən götürülən qum tikinti işlərinə tam yararlı olmurdu. Tikintidə vaxtından əvvəl təmir işləri aparmaq lazım gəlirdi. Yeni müəssisənin işə düşməsi bu problemlərin aradan qalxmasına şərait yaradacaqdır”.
Bu günlərdə yolumuzu həmin ünvandan saldıq. 2008-ci ildən “Gəmiqaya Beton Məmulatları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilən müəssisə ilə tanışlıq zamanı öyrəndik ki, bütün istehsal prosesləri avtomatlaşdırılmış qaydada aparılır. Texnoloji proseslərə kompüter vasitəsilə nəzarət olunur. Cəmiyyətin iki qumələmə sahəsi var. Bu sexlərin hər biri saatda 100 ton xammal istehsal etmək gücünə malikdir. Qum ələnməsi üçün xammal Naxçıvançaydan gətirilir. Bu xammaldan hazırlanan məhsuldan həm beton zavodunda, həm də dekorativ daşların istehsalında istifadə olunur.
Müəssisə saatda 100 kubmetr beton istehsal etmək gücündə qurulub. Burada əvvəlcə 4 ədəd betonqarışdıran, 1 ədəd betonvuran avtomaşının gücündən istifadə olunurdusa, bu gün 27 ədəd betonqarışdıran və 4 ədəd betonvuran avtomaşının olması istehsal sahəsinin genişləndirilməsini, muxtar respublikada tikinti-quruculuq işlərinin vüsətini təsdiq edən amillərdir.
Eyniprofilli müəssisələrin Şərur və Ordubad rayonlarında da istehsal sahələrinin qurulmasında isə məqsəd ondan ibarətdir ki, muxtar respublika ərazisindəki inşaat obyektləri yaxın məsafədə istehsal edilən keyfiyyətli yerli materiallarla – qumla, çınqılla, beton və digər tikinti materialları ilə təchiz olunsun.
Müəssisənin icraçı direktoru Nurəddin Bağırovla kilid daş istehsalı sexindəki istehsal prosesi ilə də tanış olduq. Qeyd edək ki, bu daşın da xammalı elə çaydan götürülür. Və üyüdücü avadanlıqdan keçirildikdən sonra kilid daş qazanına tökülür. Burada ona sement qarışdırılır və sonra kilid daş qurğusuna daxil edilərək toz boya vurularaq rəngləndirilir. Saatda 70 ədəd istehsal olunan kilid daşlar bir həftə günün altında qalaraq qurudulur. Bu müddət ərzində davamlılığını artırmaq üçün hər gün üzərinə su vurulur və sonra laboratoriyadan keçirilərək satışa buraxılır.
Yeni müəssisələrin yaradılması bir tərəfdən muxtar respublikanın inkişafına xidmət edirsə, digər tərəfdən də yeni iş yerlərinin açılmasına imkan verir. Elə bəhs etdiyimiz müəssisədə çalışan 42 nəfər hər mövsümə uyğun olaraq geyim dəsti ilə təmin olunub, onların işə gəlib-getmələri üçün xüsusi maşınlar ayrılıb.
Kollektivin əməyi ilə cari ilin yeddi ayında müəssisədə 25 adda tikinti materialı, xüsusən sifarişə uyğun olaraq 52 min 347,73 ton beton qarışığı, 18 min 382,86 ton qum-çınqıl, 748,80 kubmetr kərpic, 772,97 ton beton məmulatları istehsal olunub muxtar respublikanın tikinti obyektlərinə çatdırılıb.
Hafizə Əliyeva