23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” və 2008-ci il 21 avqust tarixli “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” sərəncamları aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan verib. Həmin sərəncamlar Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacının ödənilməsinə, habelə mineral gübrə və texnikanın saxlanması üçün xüsusi anbarların tikilməsinin təmin edilməsinə müsbət təsir göstərib, sadalanan işlərin görülməsini sürətləndirib, bütövlükdə isə ərzaq təhlükəsizliyinin yaradılması istiqamətində mühüm rol oynayıb.
Muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi üstün istiqamət verilən sahələrdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən və icrası uğurla başa çatan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada əhalini ilin bütün fəsillərində keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə soyuducu anbarlar, yerli xammala əsaslanan kənd təsərrüfatı təyinatlı istehsal müəssisələri yaradılıb. Belə tədbirlərin həyata keçirilməsi nəticəsində yerli istehsalın inkişafına təkan verilir, muxtar respublika əhalisinin tələbatı yerli istehsal hesabına ödənilir, yeni iş yerləri açılır.

Qeyd edək ki, muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da sözügedən istiqamətdə reallaşdırılan tədbirlər öz müsbət nəticələrini verməkdədir. Əkin sahələrinin genişləndirilməsi, məhsuldarlığın ilbəil yüksəldilməsi rayonda bu sahənin inkişafına göstərilən qayğının ifadəsidir. Cari ilin taxıl tədarükü kampaniyası bunu bir daha göstərdi. Biçini optimal müddətdə başa çatdırmaq üçün torpaq mülkiyyətçiləri bütün texnika və avadanlıqlarla təmin edilmişdi.
Rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi də diqqət mərkəzində saxlanılır. Bu qayğının nəticəsidir ki, cari ildə 1324 torpaq mülkiyyətçisinə 7 min 436 hektar əkin sahəsinə görə 664 min 600 manat subsidiya verilib. Şərurlu təsərrüfatçılara 1 milyon manatdan çox kreditin ayrılması da kənd təsərrüfatının inkişafına göstərilən qayğıdır. Elə bu qayğıdan bəhrələnən təsərrüfatçılar cari ilin məhsulu üçün 7637 hektar sahədə taxıl əkini aparıblar. Bunun 7320 hektarını buğda, 317 hektarını arpa təşkil edib. Sahələrdən 24 min 117 ton məhsul götürülüb. Sahələrdən bol məhsul götürən taxılçılar gələn ilin məhsulu üçün şum qaldırılmasına başlayıblar.
Rayon ərazisi tərəvəzçilik üçün də əlverişlidir. Odur ki, torpaq mülkiyyətçiləri 1578 hektar sahədə tərəvəz bitkiləri, o cümlədən 123 hektarda soğan, 52 hektarda sarımsaq əkini aparıblar. Hazırda sahələrin məhsulu toplanır. Şərurlu zəhmət adamları bostançılığa da maraq göstərirlər. Elə 474 hektar sahədə əkilən bostan məhsulları da bunu təsdiq edir. Hazırda əkin sahələrində yığım aparılır.
İkinci çörək sayılan kartof əkininə şərurlular ilbəil zəhmət sərf etməkdən yorulmurlar. Torpaq mülkiyyətçiləri 760 hektar sahədə bu vacib sahənin əkinini həyata keçirib və hələlik sahələrdən 9000 tondan çox məhsul götürüblər. Qeyd edək ki, rayonda məhsulların saxlanılması üçün 1920 ton tutumu olan 8 soyuducu anbarın olması isə kənd əməkçilərinə böyük töhfədir.

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR