23 Dekabr 2024, Bazar ertəsi

Arpaçayın problemləri

Arpaçayı qədim Naxçıvan torpağının, bərəkətli Şərurun incisi adlandıranlar heç də səhv etmirlər. Mənbəyini durnagözlü bulaqlardan, saf su mənbələrindən alan bu çaya el məhəbbəti ilə neçə-neçə söz qoşulub, mahnı yazılıb. Son onillikdə çayın yatağında salınan dəryaça təbiətin ecazkarlığını artırmaqla həm də təsərrüfat əhəmiyyətinə malikdir. Arpaçaydan çəkilən kanallar indi Şərurun qan damarları hesab olunur. Çayın ətrafında təbiətə, ətraf mühitə qayğı göstərmək, ekoloji pozuntuya yol verməmək şərtilə gözəl istirahət guşələri yaratmaq mümkündür.
Şərqi Arpaçay öz axarını Zəngəzur dağ silsiləsinin 3050 metrliyindən alır, onun mənbədən mənsəbə uzunluğu 126 kilometrdir və bütün bu ərazidə çay insan laqeydliyinə məruz qalır. Arpaçay Araza doğru axdıqca çirkləndirilir. Bədxah qonşularımız ermənilər bu çaya, demək olar ki, qənim kəsilmişlər. Ermənistanın şərqində yerləşən irili-xırdalı sənaye müəssisələri və yaşayış massivlərindən çıxan zərərli çirkab suları birbaşa çaya axıdılır. Yaz və yay aylarında bu çirklənmə daha güclü olur. İndi ermənilərin Arpaçaya vurduqları illik ziyan 100 min manatlarla yox, milyon manatlarla ölçülür. 4-5 il bundan əvvəl onlara edilən etirazlara heç olmasa cüzi reaksiya verirdilər. Qondarma Dağlıq Qarabağ problemini ortaya atdıqdan sonra isə tam özbaşınalıq edirlər.
Arpaçayda hər ayda iki dəfə tərəfimizdən lazımi tədqiqat işləri aparılır, ümumi vəziyyəti təhlil edirik. Laboratoriya təhlilləri göstərir ki, biz özümüz bu çaya heç də bədxahlarımızdan yaxşı münasibət göstərmirik. Gümüşlü filiz mədənindən, Şərur rayonunun bu çayın kənarında yerləşən təsərrüfatlarından çaya ziyan dəyir. Xidmət sexləri, sənaye və ictimai iaşə müəssisələrindən çıxan tullantının çoxu məhz çayın yatağına tökülür, suya qarışır. Xanlıqlar kəndi ərazisində yerləşən üzüm emalı müəssisəsindən çıxan çirkab və zərərli tullantılar çayı ciddi surətdə çirklənməyə məruz qoyur. Zavodda yüz min manatlarla xərc qoyub təmizləyici qurğu tikilsə də, neçə illərdən bəri bir gün belə, işləməyib. Qiymətli avadanlıqlar sıradan çıxıb. Müəssisədə ekoloji pozuntular üçün məsuliyyət daşıyan şəxslər dəfələrlə tərəfimizdən cərimə olunsalar da, bu barədə rayonun aid təşkilatlarına müraciət edilsə də, heç bir nəticə yoxdur. Arpaçayın yatağında bir neçə yerdə çınqıl və asfalt-beton sexlərinin salınması, yanaşı təsərrüfatlarda mineral gübrələrdən, zərərli maddələrdən düzgün istifadə olunmaması, Şərur Şəhər Sanitar-Mühafizə İdarəsinin məişət tullantılarını çayın kənarına tökməsi elə bir antisanitariya vəziyyəti yaradıb ki, sözlə ifadə etmək çətindir. Hazırda iş o yerə çatıb ki, çayın bizim ərazidə tezliklə quruması təhlükəsi yaranıb. Bu mənada, çaydan ayrılan sol və sağ sahil kanallarının nizama salınması xüsusilə vacibdir ki, su sərfi qaydaya düşsün və Arpaçayın axarı tükənməsin. Çayın sahilində qeyri-qanuni yerləşdirilən hər cür sex, müəssisə və kooperativlər oradan götürülməlidir. Biz təbiətimizin zərərləri bahasına 5-10 nəfərin qazancı üçün kədərli vəziyyətə göz yummamalıyıq. Arpaçayın dərdləri və xilası yolları əsasən bunlardır.

Naxçıvan Muxtar Respublikası Təbiəti
Mühafizə Komitəsinin Laboratoriya şöbəsi
“Şərq qapısı” qəzeti, 22 yanvar 1992-ci il

Evlərə nur, tarlalara bolluq, təbiətə gözəllik bəxş edən Arpaçay

O dövrdən bizi elə də böyük zaman ayırmır. Ancaq həmin dövr hələ uzun zaman yaddaşlarımızda ən yeni tariximizin ağrılı illəri kimi xatırlanacaq. Taleyin Azərbaycanı tarixin ən böyük sınaqlarından birinə çəkdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvan böyük çətinliklərlə qarşılaşmışdı. Ana Vətəndən ədalətsiz qərarlar üzündən ayrı düşmüş bu qədim diyar blokada vəziyyətinə salınmaqla məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 

Sabahı üçün heç bir nikbin proqnozun verilə bilmədiyi Naxçıvan sanki yeni minilliyə daxil olmaq üçün tarixin ona əxz etdiyi mürəkkəb imtahanlardan keçməli idi. İqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, energetika, rabitə və digər sahələrin iflic duruma düşdüyü həmin dövrdə təbiət də ona göstərilən “münasibətdən” öz payını almış, “ölüm” və ya “qalım” mübarizəsinə cəlb edilmişdi. Bir zamanlar adına təriflər söylənən, şəninə mahnılar qoşulan Arpaçay da bu problemlərin girdabında daha əvvəlki tək gur axmır, Şərurun incisi ola bilmirdi. 24 il bundan əvvəl “Şərq qapısı” qəzetində dərc olunmuş “Arpaçayın problemləri” yazısı da məhz həmin dövrün reallıqlarını, Naxçıvanın bu gözəl təbiət abidəsinə qarşı olan biganə münasibəti bir daha gözlərimiz önünə gətirir.

 Arpaçay Şərur rayonunun sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik obyektlərdəndir. Çay üzərində yaradılmış dəryaça ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana bəxş etdiyi əvəzsiz yadigarlardan biridir. Bir zamanlar çoxları üçün xəyal kimi görünən Arpaçay dəryaçasının tikintisi sovet dövründə ulu öndərin siyasi uzaqgörənliyinin nəticəsi olaraq həyata keçirilib. 1977-ci ildə 150 milyon kubmetr su tutumu olan Arpaçay Su Anbarının istifadəyə verilməsi Şərurda kənd təsərrüfatının sürətli və davamlı inkişafı üçün əsaslı zəmin yaradıb. Lakin qeyd etdiyimiz kimi, ötən əsrin sonlarında muxtar respublikada bir çox sahələrin bərbad vəziyyətə düşməsi Arpaçaydan da yan keçməyib. Çaya olan biganə münasibət bir müddət davam edib. Yalnız 1995-ci ildən başlayaraq muxtar respublikada aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi, Arpaçay kimi mühüm hidroloji abidələrin mühafizəsinə də diqqət artırılıb. Burada əsas diqqət ediləsi məqam ondadır ki, muxtar dövlətin həyata keçirdiyi tədbirlər 

sayəsində təkcə bu tipli obyektlər deyil, ümumilikdə, təbiətə olan münasibət köklü surətdə dəyişib. Heydər Əliyev yolunun uğurlu davamının nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 27 faizdən çoxu xüsusi mühafizə olunan təbiət əraziləridir. Bu sahədə atılan addımlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə ümumi ərazisi 68911,18 hektar olan “Arpaçay” Dövlət Təbiət Yasaqlığının yaradılmasıdır. Arpaçayın mühafizəsində mühüm əhəmiyyəti ilə seçilən bu addım təbiətə ən böyük qayğının nümunəsidir. Əlbəttə, təbiətə hansı münasibəti göstərsən, onun qarşılığını da alacaqsan. İndi Arpaçay Su Anbarının hesabına Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektara yaxın əkin sahəsi suvarılır, yeni yaşıllıqlar, meyvə bağları salınır.
Müasir dövrü elektrik enerjisi olmadan təsəvvür etmək mümkün deyil. Əgər indi muxtar respublikanın ərazisində elektrik enerjisinin texniki səbəblərdən qısa müddətdə kəsilməsi əhalidə müəyyən təəccüb doğurursa, çox da uzaq olmayan 15-20 il əvvəl elektrik enerjisinin gün ərzində 2-3 saat verilməsi insanlara sevinc hissi yaşadırdı.
Əgər hazırda muxtar respublikamız elektrik enerjisi ixrac edirsə, müqayisə etdiyimiz dövrdə Naxçıvan bu enerji növünün idxalından asılı idi. Bu asılılıqdan bizi məhz Arpaçay kimi su dəryaçaları xilas etdi. Əgər vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən muxtar respublikamızda belə su anbarları yaradılmasaydı, yəqin ki, bu gün Naxçıvanın enerji ixracından da danışa bilməyəcəkdik. Qeyd edək ki, ötən dövrdə ölkəmizin elektroenergetika sektoru üzrə enerji təchizatının daya­nıqlılığı, səmərəliliyi və təhlükəsizliyi prinsipləri nəzərə alınaraq mühüm dövlət proqramları qəbul olunub. Proqramlara əsasən, muxtar respublikamızda da olduqca əhəmiyyətli işlər görülüb. Haqqında bəhs etdiyimiz Arpaçay üzərində 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları tikilib istifadəyə verilib.
Dövlət başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması mərasimində iştirak edərək deyib: “Bu gün Naxçıvanda əlamətdar bir gündür. Biz “Arpaçay-1 və 2” Su Elektrik stansiyalarının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisə bir daha onu göstərir ki, bu gün Naxçıvan inamla, uğurla inkişaf edir. Naxçıvanda böyük infrastruktur layihələri icra edilir. Respublika çox dinamik inkişaf dövrünü yaşayır”.

Bəli, ötən əsrin sonlarında insanların laqeydliyi ucbatından müxtəlif problemlərlə üz-üzə qalan Arpaçay bu gün ona göstərilən qayğının əvəzini artıqlaması ilə ödəyir. İndi Arpaçayın kənarında yaradılmış restoranlar muxtar respublika sakinlərinin və qonaqların mənalı istirahəti üçün ideal məkanlardır. Arpaçay isə evlərə nur, tarlalara bolluq, təbiətə gözəllik bəxş edir.

 Səbuhi Həsənov
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə
təqdim olunmaq üçündür

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR