Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı təmin olunub, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsinə dövlət maliyyə dəstəyi göstərilib, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni istehsal və xidmət sahələri, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri yaradılıb. Aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artıb, muxtar respublikada istehsal olunan sənaye məhsulunun 93 faizi özəl sektorun payına düşüb.
Son illər Naxçıvanda yaradılan istehsal müəssisələrindən biri də “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin direktoru Ələddin Allahverdiyev bildirdi ki, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış 15 min kvadratmetr ərazidə 3 istehsal sahəsi, ayrı-ayrı iş otaqları, sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilib.
Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə çalışan işçilərin sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılıb, havalandırma sistemi qurulub ki, bu da istehsal prosesi zamanı yaranan tozun və tullantıların kompressorlar vasitəsilə sexdən kənarlaşdırılmasına və xüsusi bunkerlərə yığılmasına imkan verir.
Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər və melamin örtüklü plitələr istehsal olunması nəzərdə tutulan müəssisədə artıq laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər istehsalı sahələrində İtaliyanın “Omma” və “Osoma”, Almaniyanın “İdm”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb.
Hər birinin aylıq istehsal gücü 10 min ədəd mebel materialları olan yeni istehsal sahələrində xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 100 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər ölkəmizdə, o cümlədən muxtar respublikamızda fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.
Mebel istehsalı müəssisələrini yüksəkkeyfiyyətli mebel materialları ilə təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına artan tələbatın ödənilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Müəssisədə ağac yonqarları lövhələrinin boyanması sahəsi və anbar binalarının layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün 1860 kvadratmetr, anbar binasının inşası üçün isə 1645 kvadratmetr torpaq sahəsi ayrılıb, əraziyə kommunikasiya xətləri çəkilib. Müasir tələblərə cavab verən anbar binası inşa olunub, ətrafında abadlıq işləri aparılıb, yola asfalt-beton örtük salınıb. İstifadəyə verilən anbar binası xammal və hazır məhsulların müəyyən olunmuş şəraitdə saxlanılmasına və istehsal müəssisələrinə vaxtında göndərilməsinə əlverişli şərait yaradıb. Onu da qeyd edək ki, müəssisənin fasiləsiz fəaliyyət göstərməsində mühüm rol oynayan xammal və hazır məhsulların vaxtında daşınması da diqqət mərkəzində saxlanılıb, “DAF” markalı ağırtonnajlı yük avtomobilləri alınıb. Hazırda ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün binanın inşasına hazırlıq işləri görülür.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, buraya da mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, Almaniyanın dünyada məşhur olan “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır. Hazırda istehsal edilən mebel materiallarının xarici ölkələrdə tanıdılması ilə bağlı tədbirlər görülür. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik şirkətlərlə təcrübə mübadilələri aparılır, biznes əlaqələri qurulur ki, bu da Naxçıvan məhsullarının xarici bazarlara ixrac olunmasına imkan verəcək. Ayrı-ayrı şirkətlərlə bağlanmış müqaviləyə uyğun olaraq, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən mebel materialları yaxın vaxtlarda xarici bazara çıxarılacaq.
Kərəm Həsənov