Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər görülmüş, 4,7 kilometr magistral kanal, 44 kilometr ara arxları, 2,13 kilometr kollektor lildən təmizlənmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 2,64 kilometr məsafədə selə qarşı istiqamətləndirici bənd salınmışdır.
Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində görülən tədbirlər ötən ay da davam etdirilmişdir. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin ərazisini əhatə edən 107 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilmiş, müxtəlif diametrli borularla 2380 metr boru xətti quraşdırılmışdır. Babək rayonunun Kültəpə kəndinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün görülən işlər isə davam etdirilir. Bundan başqa, Şahbuz rayonunun Kükü kəndindəki “Qanlı göl” su anbarının suburaxıcı qülləsində əsaslı təmir işlərinə başlanmışdır.
Muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində avqust ayında 2,8 kilometr yeni içməli su xətti çəkilmiş, 6 kəhrizdə təmir-bərpa işləri davam etdirilmişdir. Həmçinin suvarma və içməli su mənbəyi kimi istifadə olunan 79 subartezian quyusunda təmir işləri aparılmış, Şərur rayonunun Qarxun kəndində 1 ədəd yeni subartezian quyusu qazılaraq istismara verilmişdir. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 2660 metr kanalizasiya və 7014 metr su xətti çəkilmişdir. Ordubad şəhərində isə müxtəlif diametrli borularla 275 metr su və 2117 metr kanalizasiya xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti