23 Dekabr 2024, Bazar ertəsi

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır.  Torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının daha da möhkəmləndirilməsi məqsədilə torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir. 

Ötən iki onillikdə muxtar respublikada kənd təsərrüfatının davamlı inkişafına yönəldilmiş kompleks islahatlar həyata keçirilmiş, aqrar sahənin inkişafına xidmət edən infrastruktur, texnika parkı, səmərəli kredit təminatı, proqram xarakterli idarəetmə formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş və icrası uğurla başa çatdırılmış “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, icrası uğurla davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sektorun inkişafında ciddi dönüş yaratmış, müvafiq sahələr üzrə yüksək inkişaf göstəricilərinə nail olunmuşdur.

Əkinlərin aparılması zamanı rayonlaşmanın əhəmiyyəti nəzərə alınaraq muxtar respublikanın bütün ərazisi üzrə əkin atlasları tərtib olunmuş, hər bir bələdiyyənin torpaq xəritəsi, kənd təsərrüfatına yararlı torpaq sahələrinin qida maddələri ilə təminolunma kartoqramları hazırlanmışdır. Müasir əkin texnologiyaları əsasında məhsul istehsalının artırılmasına, eyni zamanda torpaqların münbitliyinin yüksəldilməsinə köməklik göstərilməsi məqsədilə muxtar respublikanın bütün şəhər və rayonlarında aid dövlət orqanları ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında intensiv əlaqələr qurulmuşdur.
Həyаtа kеçirilən tədbirlər nəticəsində muxtar rеspublikа əhаlisinin kеyfiyyətli ərzаq məhsullаrı ilə təmin оlunmаsında, kənd təsərrüfаtının bütün sаhələrinin inkişаfında əvəzsiz rola malik olan torpaqlardan istifadənin səmərəliliyi artırılmış, əkinəyararlı torpaq sahələri genişləndirilmiş və suvarma suyu ilə təminat yaxşılaşdırılmışdır.
Kənd təsərrüfatının inkişafı və torpaqlardan səmərəli istifadə ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrasının təmin olunması məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən muxtar respublika üzrə 4122 hektar şoranlaşmış, 6182 hektar qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən kənd təsərrüfatına yararlı torpaq sahələri müəyyənləşdirilmiş və xəritələşdirilmiş, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.
Meyvə bağlarının salınması üçün sututarlara yaxın ərazilərdə və çay vadilərində istifadə olunmayan torpaqlar müəyyənləşdirilmiş, əkin dövriyyəsinə daxil edilməsi məqsədilə Şərur rayonunda 221,96, Babək rayonunda 124,11, Culfa rayonunda 314,8, Ordubad rayonunda 183,36, Şahbuz rayonunda 93,3, Sədərək rayonunda 90,67, Kəngərli rayonunda 617,41, Naxçıvan şəhərində 47,18 hektar olmaqla, muxtar respublika üzrə dövlət və bələdiyyə mülkiyyətində cəmi 1692,79 hektar torpaq sahəsi plana alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə əlaqədar Naxçıvan şəhəri üzrə dövlət ehtiyat fondu torpaqlarında 25, qış otlaq sahələrində 177, cəmi 202 hektar, Babək rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 277, qış otlaq sahələrində 184, cəmi 461 hektar, Kəngərli rayonu üzrə dövlət ehtiyat fondu torpaqlarında 996, qış otlaq sahələrində 1030, cəmi 2026 hektar əkinəyararlı torpaq sahəsi xəritələşdirilərək əkin dövriyyəsinə cəlb olunmuşdur.
Ötən illər ərzində muxtar respublikada müasir meliorasiya və irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması əkin sahələrinin genişləndirilməsinə, torpaqlardan səmərəli istifadəyə və bol məhsul istehsalına şərait yaratmışdır. Kənd təsərrüfatına yararlı torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılmasının nəticəsidir ki, torpaqların münbitliyinin qorunması və yüksəldilməsi əsasında az məhsuldar və istifadəsiz torpaqlar da əkin dövriyyəsinə cəlb edilmişdir. Mövcud suvarma şəbəkələrinin yenidən qurulması və bərpası, eləcə də suvarılmayan yeni torpaq sahələrinin su ilə təmin edilməsi nəticəsində suvarılan torpaq sahələri 1994-cü ildəki 20874 hektardan 2016-cı ildə 60579 hektara çatdırılmışdır ki, bundan 4245 hektarı dövlət mülkiyyətində, 7571 hektarı bələdiyyə mülkiyyətində, 48763 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Müqayisə edilən dövrdə suvarılan torpaq sahələri 39705 hektar və ya 2,9 dəfə artmışdır ki, bunun da əsas hissəsini xüsusi mülkiyyətdə olan torpaq sahələri təşkil edir. Bu isə dövlətin torpaq mülkiyyətçilərinə davamlı dəstəyinin daha bir ifadəsidir.
İllər üzrə muxtar respublikada torpaqlardan istifadə vəziyyətilə bağlı məlumatlara nəzər saldıqda aydın olur ki, torpaq istifadəçiliyi sahəsində yol verilən nöqsanlar nəticəsində muxtar respublikada əkin aparılan torpaq sahələrinin ərazisi 1994-cü ildə 23299 hektaradək azalmışdır. Lakin 1995-ci ildən başlayaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi sahəsində və əkin aparılan torpaq sahələrinin kəmiyyət göstəricilərində artım müşahidə olunmuşdur. Belə ki, 1994-cü illə müqayisədə 1996-cı ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 1060 hektar artırılaraq 148475 hektara, əkin sahələri isə 3383 hektar artırılaraq 26682 hektara çatdırılmışdır.
Muxtar respublikada aparılan torpaq islahatı və əkinçiliyin təşviqi nəticəsində əkin aparılan sahələr ilbəil genişləndirilmiş, 2000-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 157165 hektara, əkin aparılan torpaq sahələri isə 29500 hektara çatdırılmışdır. Bu tendensiya sonrakı illərdə daha sürətlə davam etmiş, 2005-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 162447 hektar, əkin aparılan torpaq sahələri 41326 hektar təşkil etmişdir. 2010-cu ildə kənd təsərrüfatına yararlı torpaq sahələri 162341 hektar, əkin aparılan torpaq sahələri 50819 hektar ərazini əhatə etmişdir ki, bu da torpaq mülkiyyətçilərinə dövlət qayğısının davamlı olaraq gücləndirilməsinin nəticəsidir.
2017-ci il 1 yanvar vəziyyətinə tərtib edilmiş torpaq balansı göstəricilərinə əsasən muxtar respublika üzrə kənd təsərrüfatına yararlı torpaqların sahəsi 164262 hektar təşkil etmişdir. Bunun 53001 hektarı əkin, 1437 hektarı çoxillik əkmələr, 633 hektarı dincə qoyulmuş sahələr, 3040 hektarı biçənəklər, 106151 hektarı örüş sahələridir. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi olaraq əkin aparılan torpaq sahələri 1994-cü illə müqayisədə 29702 hektar, yaxud 2,3 dəfə artmışdır.
Həyətyanı torpaq sahələri də daxil olmaqla 2016-cı il ərzində muxtar respublika üzrə 61526 hektar sahədə əkin aparılmışdır ki, bu da 2015-ci ildəki müvafiq göstəricidən 103 hektar çoxdur. Həmçinin 2016-cı ildə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə çoxillik əkinlərin sahəsi də 20 hektar artmışdır.
Torpaq sahələrindən səmərəli istifadə olunması istehsal edilən məhsul həcminin artırılmasına müsbət təsir göstərmiş, 2016-cı ildə 429 milyon 448 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. 1995-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 390 milyon 876 min manat və ya 11,1 dəfə artmışdır. Müqayisə aparılan dövrdə 241 milyon 519 min manatlıq, yaxud 11,8 dəfə çox bitkiçilik məhsulları istehsal edilmişdir.
Aparılan təhlillər deməyə əsas verir ki, ötən dövr ərzində muxtar respublikada torpaq ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, meliorasiya və irriqasiya sistemlərinin yaxşılaşdırılması, səmərəli kredit mexanizminin qurulması, dövlət yardımlarının verilməsi, aqrotexniki tədbirlərin səviyyəsinin yüksəldilməsi və aqrolizinq xidmətinin genişləndirilməsi aqrar sahənin dinamik inkişafını təmin etmişdir.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli Fərmanı muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində yeni mərhələnin əsasını qoymuşdur. Fərmana əsasən muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotu­nun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi mərhələlərlə həyata keçiriləcəkdir. Bu isə muxtar respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotunun aparılmasını, torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsini təmin edəcəkdir.

Nurlan Fətəliyev
Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsi
aparatının rəhbəri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR