23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunun Xanlıqlar kəndində keçirilən səyyari müşavirədə yaz-tarla işlərinə hazırlığın vəziyyəti, şoranlaşmış və çəmənləşmiş torpaqların keyfiyyətinin yaxşılaşdırılaraq əkin dövriyyəsinə daxil edilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Müşavirədə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müzakirə olunan məsələ ilə əlaqədar məruzəsi və məruzə ətrafında müzakirələrdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Şərur Rayon İdarəsinin rəisi Vəfadar Hüseynovun, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəmməd Cəlilovun və bir sıra bələdiyyə sədrlərinin çıxışları olub.
Bildirilib ki, Şərur rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun 2016-cı ilin sosial-iqtisadi inkişafının təhlili göstərir ki, kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığa nail olunub, 25 min 675 ton dənli və dənli-paxlalılar, 6 min 936 ton qarğıdalı, 83 ton günəbaxan, 11 min 142 ton kartof, 4 min 300 ton soğan olmaqla, 28 min 791 ton tərəvəz, 6515,5 ton bostan, 20 min 498,4 ton meyvə, 1468 ton üzüm istehsal edilib. İl ərzində, ümumilikdə, 134 milyon 330 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 6,2 faiz çoxdur.

Rayonda istehsal olunan meyvə və tərəvəz məhsullarının tələbatdan artıq hissəsinin saxlanılaraq payız-qış mövsümlərində satışı üçün Danyeri kəndində 250 ton, Qarabürc kəndində 80 ton, Məmmədsabir kəndində 320 ton, Düdəngə kəndində 810 ton, Cəlilkənddə 600 ton, Püsyan kəndində 450 ton, Çərçiboğan kəndində 80 ton, Aşağı Aralıq kəndində 150 ton, Yuxarı Aralıq kəndində 180 ton, Sərxanlı kəndində 80 ton, ümumi tutumu 3 min ton olan soyuducu anbarlar fəaliyyət göstərir. Bu anbarların 6-sı ötən il tikilib istifadəyə verilib.
Əhalinin ilboyu təzə və keyfiyyətli tərəvəz məhsulları ilə təmin olunması üçün rayonun Məmmədsabir kəndində 2 min 100 kvadratmetr, Çərçiboğan kəndində isə 10 min kvadratmetr sahədə müasirtipli istixana kompleksləri fəaliyyət göstərir.
Bildirilib ki, rayonun malik olduğu 87 min 226 hektar torpaq sahəsinin 25 min 510 hektarı kənd təsərrüfatına yararlıdır. Əkin sahələri isə 17 min 115 hektar təşkil edib. Bunun 12 min 492 hektarı və ya 72,9 faizi suvarılan torpaqlardır. Əkin sahələrinin xeyli hissəsi müxtəlif tip torpaq sahələridir. Ona görə də əkin sahələrindən sabit və yüksək məhsul götürü­l­məsi və onun ildən-ilə artırılması, ilk növbədə, torpaqların münbitliyinin, keyfiyyətinin və struktur vəziyyətinin yaxşılaşdırılması ilə mümkündür. Bu məqsədlə rayon ərazisində şoranlaşmış və çəmənləşmiş torpaqların meliorasiya və irriqasiya tədbirləri vasitəsilə keyfiyyətini və struktur vəziyyətini yaxşılaşdırmaqla əkin dövriyyəsinə daxil edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
Vurğulanıb ki, ərazidə şoranlaşmış və qrunt sularının səviyyəsi yüksək olan torpaqların ümumi sahəsi 3 min 528 hektardır. Həmin torpaqların 330 hektarı şoranlaşıb, 3 min 198 hektarında isə qrunt suları torpağın üst münbit qatına toplaşıb. Bu torpaqların 10 hektarı dövlət mülkiyyətində, 1154 hektarı bələdiyyə mülkiyyətində, 2 min 364 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Şoranlaşmış və qrunt sularının səviyyəsi yüksək olan torpaq sahələri, əsasən, Arazboyu kənd­lərdədir. Həmin kəndlərin ərazisində şoranlaşmanı aradan qaldırmaq və qrunt sularının səviyyəsini nizamlamaq üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən mövcud olan sutoplayan kollektorlar və digər kanallar tələb edilən dərinlikdə qazılaraq lildən təmizlənir və drenaj şəbəkələrində əsaslı təmir işləri yerinə yetirilir. Rayonun bəzi kəndlərində torpaqların şoranlaşması ilə yanaşı, çəmənləşmə prosesi də yaranıb.
Qeyd olunub ki, bəzi sahələrdə qrunt suları torpağın üst münbit qatına toplandığından becərmə işlərini həyata keçirmək mümkün olmur. Bu da torpaqların ilbəil çəmənləşməsinə səbəb olur. Çəmənləşmənin aradan qaldırılması üçün qrunt sularının səviyyəsini əsaslı meliorativ tədbirlərlə aşağı salmaq, sonradan əkin işlərinə başlamaq, belə sahələrdə ilk olaraq taxıl bitkiləri əkmək lazımdır. Bir-iki il sonra növbəli əkin sisteminə keçməli və sahələrə tələb olunan normada üzvi və mineral gübrələr verilməlidir. Bu yolla çəmənləşmiş torpaqların keyfiyyətini yaxşılaşdırmaqla əkin dövriyyəsinə daxil edilməsi mümkündür. Həyata keçirilən bu tədbirlər nəticəsində 2016-cı ildə rayon üzrə 603 hektar torpaq əkin üçün istifadə vəziyyətinə gətirilib.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin yanvar-fevral aylarında rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 18,2 kilometr məsafədə ara arxlar, 3,5 kilometr məsafədə kollektor kanallar və 12 kilometr məsafədə beton və torpaq kanallar qazılaraq lildən təmizlənib. Şoranlaşmış və çəmənləşmiş torpaqların əkin dövriyyəsinə tam daxil edilməsi üçün həyata keçirilən bu tədbirlər davam etdiriləcəkdir.
Müşavirənin gedişi zamanı sakinlər qeyd olunan məsələlərlə əlaqədar rastlaşdıqları problemlərdən danışıblar, bu problemlərin aradan qaldırılması üçün müvafiq təşkilatlara lazımi tapşırıqlar verilib.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR