Dövlət Miqrasiya Xidmətində muxtar respublikamızda fəaliyyət göstərən mehmanxana nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Aysel Əliyeva “Dövlət Miqrasiya Xidməti muxtar respublika ərazisində turizmin inkişafına öz töhfəsini verməyə çalışır” mövzusunda çıxış edib. Qeyd olunub ki, bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Eyni zamanda muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla xidmət arasında yaradılmış “Elektron hökumət portalı” üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu vardır.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 15 iyul 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq 2014-cü ilin aprel ayından 3 dildə vətəndaşların istifadəsinə verilən xidmətin rəsmi internet səhifəsi muxtar respublikanın təbliğində və təşviqində böyük rol oynayır. Belə ki, burada muxtar respublikanı əks etdirən şəkillərin yerləşdirilməsi, Naxçıvan Muxtar Respublikasının portal saytına keçidin verilməsi əcnəbilərdə həm muxtar respublika barədə ilkin təsəvvürün yaranmasına, həm də ölkəyə gəldiyi vaxtdan miqrasiya qanunvericiliyi ilə tanış olmaqla müraciətlərinin göndərilməsinə imkan yaradır.
Yaradılmış sayt üzərində “Elektron xidmət” və “Onlayn ödəmə” bölməsinin istifadəyə verilməsi, “Sual-cavab və müraciətlər” bölməsinin daim istifadəçilərə açıq olması əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının məkandan asılı olmayaraq miqrasiya qanunvericiliyi ilə bağlı suallar ünvanlamalarına və verilən sualların xidmət tərəfindən operativ cavablandırılmasına şərait yaradır.
Diqqətə çatdırılıb ki, “Elektron hökumət portalı”nın istifadəçisi olan Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Artıq bu sahələr Dövlət Miqrasiya Xidməti tərəfindən avtomatlaşdırılıb, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə verilib. Həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, Azərbaycan Respublikası vətəndaşlığına bərpa, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.
Adları qeyd edilən hər bir xidmət növü üzrə inzibati reqlamentlər hazırlanıb və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərində yerləşdirilib. İnzibati reqlamentlərdə, əsasən, xidmətin interaktiv və ya informativ olması, sənədləşmələr, hüquqi əsasları göstərilir. Hər bir müraciət edən şəxs inzibati reqlamentlərlə tanış olaraq müvafiq xidmət növü üzrə xidmətə müraciət edə bilər.
Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Qiyas Paşayev “Elektron hökumət portalı” üzərindən sənədlərin göndərilməsinin praktik icrasını əks etdirən video-slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Kərəm Həsənov