Son dövrlər muxtar respublikada əhalinin keyfiyyətli yerli ərzaq məhsulları ilə etibarlı təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, səmərəli məşğulluq təmin edilmişdir.
Əhalinin özünüməşğulluğunun təmin edilməsində mühüm yer tutan arıçılığın inkişafı üzrə də genişmiqyaslı tədbirlər, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfranslar keçirilmiş, sahibkarlar pulsuz dərman preparatları ilə təmin edilmişdir. Təkcə 2016-cı ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə, son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kreditlərin verilməsi bu sahənin inkişafına geniş imkanlar yaratmışdır.
Arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq məqsədilə “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyi yaradılmışdır.
1 yanvar 2017-ci il tarixə muxtar respublikada 70 min 537 arı ailəsi mövcud olmuşdur ki, bu da 1 yanvar 1996-cı il tarixə olan göstəricidən 8,8 dəfə çoxdur. Ümumi arı ailələrinin 9056-sı Şərur, 9736-sı Babək, 13573-ü Ordubad, 13710-u Culfa, 1607-si Kəngərli, 20195-i Şahbuz, 645-i Sədərək rayonlarının, 2015-i isə Naxçıvan şəhərinin payına düşmüşdür. Naxçıvan Muxtar Respublikası arı ailələrinin say göstəricisinə görə ölkə üzrə ilk yerdə təmsil olunmuşdur.
Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir etmiş, 2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsalı qeydə alınmışdır. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olmuşdur.
Muxtar respublikada arıçılığın inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə Naxçıvan şəhərində “Arıçılıq məhsulları – bal festivalı” keçirilmişdir.
İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən mühüm tədbirlər arıçılığın inkişafına, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına geniş imkanlar yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti