Bu sahənin genişləndirilməsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə,
ekoloji tarazlığın qorunmasına öz töhfəsini verəcək
Bu il Naxçıvanda qış fəsli çox sərt keçdi. Şaxtalı hava şəraiti insanları sınağa çəkməyə çalışdı. Ancaq artıq ötən əsrin 90-cı illərinin əvvəlləri deyildi və naxçıvanlılar ən sərt qışdan belə, qorxmurdular. Vaxtında görülmüş qışa hazırlıq tədbirləri nəticəsində bəzi yerlərə bir metrə yaxın qar yağsa da, şaxta 20 dərəcəyə çatsa da, əhali heç bir problemlə qarşılaşmadı. Havalar getdikcə isinir, yazın ilıq nəfəsi duyulur. Xalqımız bir neçə gündən sonra Novruz bayramını qeyd edəcək. Bahar fəslinin müjdəçisi olan Novruz bayramından sonra təsərrüfat işləri genişləndirilir, yaz əkinlərinə başlanılır.
Bu il Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı istiqamətində əhəmiyyətli tədbirlər həyata keçiriləcəkdir. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Ali Məclisin Sədri bu sahənin inkişafı ilə əlaqədar aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyub. 2017-ci ildə əkilməyən boş torpaq sahələri əkin dövriyyəsinə cəlb olunacaq, şoranlaşmış və ya çəmənliyə çevrilmiş torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması üçün tədbirlər görüləcək, müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi davam etdiriləcək, heyvandarlığın inkişafına, torpaqlardan düzgün və təyinatı üzrə istifadəyə diqqət artırılacaqdır. Meyvəçilik, arıçılıq kimi tarixi ənənələrə malik sahələrdə istehsal həcminin artırılması üçün tətbiq olunmuş və özünü doğrultmuş mütərəqqi üsullardan istifadəyə nail olunması da qarşıya qoyulan vəzifələr sırasındadır. Qeyd edək ki, arıçılıq bu il daha çox diqqət yetirilən sahələrdən biri olacaqdır. Ona görə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramın “Giriş” hissəsində də qeyd olunduğu kimi, arıçılıq iqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsidir. Muxtar respublikanın əlverişli təbii iqlim şəraiti, zəngin yem ehtiyatları bazası bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Muxtar respublikada arıçılığın inkişafı üçün davamlı tədbirlər görülür. Belə ki, arı ailələrinin və arıçılıq məhsullarının çeşidinin artırılması, arıçılıqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi keyfiyyətli məhsul istehsalına, bazarın yerli məhsullarla təmin olunmasına imkan verib.
Bu dövlət proqramının qəbul olunmasınadək Naxçıvanda arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb. Təkcə 2016-cı ildə arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə 335 min 600 manat, ümumilikdə, son beş il ərzində 2 milyon 341 min 600 manat həcmində kreditlər verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu gün muxtar respublikada 70 min 530-dan çox arı ailəsi saxlanılır. Bu da 1 yanvar 1996-cı il tarixə olan göstəricidən 8,8 dəfə çoxdur. Arı ailələrinin artımı məhsul istehsalına da müsbət təsir göstərib, 2016-cı ildə muxtar respublikada 1403 ton bal istehsal edilib. Bal istehsalı bir il öncəyə nisbətdə 0,5 faiz, 1995-ci illə müqayisədə isə 14,6 dəfə çox olub.
Muxtar respublikada arıçılığın inkişafını stimullaşdırmaq məqsədilə 2016-cı ildə Naxçıvan şəhərində “Arıçılıq məhsulları – Bal festivalı” keçirilib.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə daha böyük uğurlar qazanılacaq, yerli və ənənəvi arı cinsləri yetişdiriləcək, məhsul istehsalı artırılacaqdır. Dövlət proqramında arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının ixracının stimullaşdırılması nəzərdə tutulub. Dövlət proqramının icrası nəticəsində muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödəniləcək, bu məhsulların ixracına nail olunacaq, arı ailələrinin sayı 100 minə çatdırılacaq, arıçılıq sahəsində mütəxəssislər hazırlanacaqdır.
Ötən il qəbul olunan dövlət proqramı barədə hazırladığımız yazılarda, əsasən, proqramın iqtisadi əhəmiyyətindən bəhs etmişik. Doğrudur, əvvəldə də qeyd etdiyimiz kimi, bu mühüm dövlət proqramının icrası Naxçıvana iqtisadi fayda gətirəcək. Minbir dərdin dərmanı olan bal istehsalı artırılacaq, ixrac imkanları genişlənəcək. Ancaq arıçılığın inkişafının muxtar respublikamıza iqtisadi faydaları qədər digər faydaları da olacaqdır. Bu günlərdə “Qurani-Kərim”i mütaliə edərkən, arıçılıqla bağlı xarici mətbuatda dərc olunan yazını oxuyarkən anladım ki, bu proqram çox böyük uzaqgörənliklə qəbul olunub. Bal arıları ekoloji tarazlığın qorunmasında, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsində mühüm rol oynayır.
Bal arısı Allah-Taalanın yaratdığı o canlılardandır ki, onun adında “Qurani-Kərim”də surə var. “Qurani-Kərim”in “Ən Nəhl” (Bal arısı) surəsində buyurulur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: “Rəbbinin yollarını itaətlə tut”) (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!”
Bəs “Qurani-Kərim”in nə üçün məhz 16-cı surəsi “Bal arısı” adlandırılıb. Bunda çox böyük bir hikmət var. Aparılan elmi araşdırmalardan da məlum olduğu kimi, bal arısı ailəsini idarə edən, yəni arıların inkişafını təmin edən və yumurta qoyan ana arının yumurtadan çıxdığı günlərin sayı 16-dır. Bal arısının 16 xromosomu vardır. Digər bir maraqlı məqam ondan ibarətdir ki, “Qurani-Kərim”in 16-cı surəsinin 128 ayəsindən yalnız iki ayəsi, 68 və 69-cu ayələri sırf bal arısı barədədir. Hər üç ədəddə “6” rəqəmi var. Bu rəqəmin bal arısı ilə birbaşa əlaqəsinin olmasını sübut edən bunlardır: bal arısının şanı 6 bucaqlıdır, bal arısının 6 məhsulu (bal, mum, vərəmum, güləm, arı südü və arı zəhəri), 6 ətrafı, 6 geni (idarəetmə sistemi) vardır.
Alimlərin araşdırmalarına görə, həşəratlar arasında yeganə bal arısıdır ki, ana arı iki yumurtalığa malikdir. O, həm mayalanmış, həm də mayalanmamış yumurta qoyur. Mayalanmış yumurtadan işçi arı, mayalanmamış yumurtadan isə erkək arı çıxır. Ana arı elə yaradılıb ki, heç vaxt öz “qardaşı” ilə cütləşmir və ana arı erkək arılar ilə cütləşmədən də yumurta qoymaq qabiliyyətinə malikdir.
Bal arısının maksimal məhsuldar uçuşu 3 kilometr radiusundadır. Bal arısı bu radiusda tapdığı çiçək sahəsini, eləcə də pətəkdən həmin sahəyə qədər olan məsafəni müəyyən edir, bu barədə pətəkdə olan arı ailəsinə özlərinə məxsus nitq vasitəsilə xəbər verir. Bu, o deməkdir ki, pətəkdən həmin sahəyə neçə arının getməsi xüsusi nitq vasitəsilə çatdırılır. Çünki artıq sayda arının həmin sahəyə getməsi əlavə bal tükənməsinə səbəb olar və ailə heç bir nəticə əldə etməz. Deməli, bal arıları Allah-Taalanın möcüzəsidir, Uca Yaradanın iradəsi ilə hərəkət edirlər. Bu mənada, bal arılarının təbiətin zənginləşdirilməsində, ekoloji tarazlığın və insanların sağlamlığının qorunmasındakı mühüm rolu təsadüfi deyildir.
AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov deyir ki, canlıların yaşadığı mühitlə və mühitin canlı orqanizmlərlə qarşılıqlı əlaqəsi vardır. Bu əlaqələrdən biri də bal arıları ilə bitki aləminin qarşılıqlı münasibətidir ki, bunun əsasında çarpaz tozlanma dayanır. Çiçəkli bitkilərin 80 faizi ancaq çarpaz tozlanma ilə toxum əmələ gətirir ki, çarpaz tozlanmanı da ən yaxşı formada bal arıları həyata keçirir. Yaxşı hava şəraitində bir arı gün ərzində 4000 çiçəyə qona bilir, bir güclü arı ailəsi isə 15 milyondan 40 milyona qədər çiçəkdən keçir. Tədqiqatlarla müəyyən olunub ki, arı ailələrinin günəbaxan, qarabaşaq, pambıq sahələrinə vaxtında gətirilməsi nəticəsində həmin bitkilərin məhsuldarlığı 20-25 faiz artır.
Meyvə və giləmeyvələr bütünlüklə arılar tərəfindən tozlandırılarsa məhsuldarlıq 2 dəfə artar. Hesablamalara görə, bal arıları ilə tozlandırma nəticəsində kənd təsərrüfatı bitkilərindən əldə olunan qazanc arıların istehsal etdiyi məhsulların dəyərindən 10 dəfələrlə çoxdur. Praktik olaraq sübut olunan fakt budur ki, kənd təsərrüfatı bitkiləri sahələrinin məhsuldarlığının artırılmasının ən sadə, ucuz yolu bal arıları vasitəsilə tozlandırmanı geniş tətbiq etməkdir. Ən yüksək aqrotexniki qaydalar, meliorativ tədbirlər, qiymətli bioloji-kimyəvi qatqılar belə, onu əvəz edə bilməz. Bal arılarının çarpaz tozlanmada iştirakı nəticəsində bitkilərin təkcə məhsuldarlığı, keyfiyyəti deyil, yaşıl kütləsi də xeyli artır. Yaşıllıqlar isə planetimizdəki bütün canlıların yaşamasının əsas səbəblərindən biridir. Yaşıllıqlar atmosferdə oksigen yaradır, karbon qazını udur, yerdə Günəş enerjisinin toplanmasına səbəb olur. Əgər bir avtomobilin il ərzində atmosferə, təqribən, 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və 200 kiloqram karbon qazı buraxdığını nəzərə alsaq, bitki aləminin, həşərat tozlandırıcıların, xüsusilə bal arılarının yerləşdiyi ərazidə ekoloji tarazlığın bərpa olunmasında, eroziyanın qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb etdiyi aydın olar.
İnsanlar tərəfindən təbiətin arzuolunmaz dərəcədə dəyişdirilməsi arılarla, eləcə də digər tozlandırıcı həşəratlarla bitki aləmi arasındakı əlaqələrdə çox ciddi təhlükə yaradıb. Sənayenin sürətli inkişafı arı ailələrinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Son 40-50 ildə elmi-texniki tərəqqi, ətraf mühitin çirklənməsi, təbiət ərazilərinə tullantıların atılması arıların kütləvi qırılmasına, arı məhsullarının tərkibinin keyfiyyət baxımından dəyişilməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, dahi Albert Eynşteyn sonuncu arının ölümündən sonra dünyadakı canlıların 30 il, indiki alimlər isə, sadəcə, 4 il yaşayacağını bildiriblər.
Deməli, bal arıları canlı aləmin, bütövlükdə dünyanın var oluşunun əsas səbəblərindən biridir. Bu mənada, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” çox böyük uzaqgörənliklə qəbul edilib və strateji məqsədlərə xidmət edir.
Onu da qeyd edək ki, ekoloji tarazlığın qorunması, təbiətin zənginləşdirilməsi üçün Naxçıvanda nə mümkündürsə edilib. Yaşıllıq sahələri genişləndirilib, qoruq və yasaqlıqlar yaradılıb, digər tədbirlər həyata keçirilib. Arıçılığın inkişafına diqqətin artırılması, dövlət proqramının qəbul edilməsi də bu istiqamətdə görülən işlərin davamıdır.
Dünyanın inkişaf etmiş ölkələrinin keçdiyi yolu, qazandıqları uğurları təhlil etdikdə görürük ki, onların müəyyənləşdirdiyi hədəflər olub. Təbii ki, Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da uzaq perspektiv üçün nəzərdə tutulan hədəfləri vardır. Bu hədəflərə çatmaq üçün mərhələli şəkildə tədbirlər həyata keçirilir. Əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək, təbiəti zənginləşdirmək, ekoloji tarazlığı qorumaq, ixrac imkanlarını genişləndirmək məqsədilə əvvəlcə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul edilib və icrası uğurla başa çatdırılıb. Növbəti mərhələdə isə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Sonrakı mərhələdə məhsuldarlığı yüksəltmək, flora ehtiyatlarını qorumaq və daha da zənginləşdirmək, əhalinin sağlamlığını keyfiyyətli məhsullarla qorumaq lazım idi ki, məhz bu mərhələdə arıçılıqla bağlı dövlət proqramı qəbul edilib. Bu proqramın uğurlu icrası arıçılığın inkişafına çox ciddi təsir göstərəcək, onu aqrar bölmənin mühüm bir sahəsinə çevirəcəkdir.
İndi arıçılıqla məşğul olmağın əsl zamanıdır. Builki qış mövsümünün yağıntılı keçməsi, xüsusilə dağlıq ərazilərə xeyli qar yağması gül-çiçəklərin daha çox olacağından xəbər verir ki, bu da arıçılığın inkişafı üçün əvəzedilməzdir. Bundan başqa, qəbul edilən dövlət proqramı arıçılıqla məşğul olan təsərrüfat sahiblərinə geniş imkanlar yaradacaqdır. Bu sahənin, dolayısı ilə, iqtisadiyyatımızın inkişafına, təbiətimizin zənginləşdirilməsinə, ekoloji tarazlığın qorunmasına töhfə verməyin vaxtıdır. Arıçılıqla məşğul olan və bu il bu sahə ilə məşğul olmağa yeni başlayacaq təsərrüfatçılara uğurlar arzulayırıq.
Tural Səfərov