23 Dekabr 2024, Bazar ertəsi

Kiçik sahibkarlığın inkişafı hər bir ölkənin iqtisadiyyatı üçün mühüm amillərdən sayılır. Çünki sahibkarlığın bu formasını inkişaf etdirmədən heç bir halda dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Kiçik sahibkarlıq subyektləri gündəlik tələbat məhsullarına olan ehtiyacların ödənilməsində böyük rola malik olmasına, eyni zamanda vergi ödəmələrinə görə büdcədə mühüm yer tutmasına görə seçilir.

Bundan əlavə, böyük sahibkarlıq subyektlərindən fərqli olaraq, kiçik sahibkarlıq subyektləri biznesdə ehtimal olunacaq böhranlara qarşı daha çox davamlıdır və bu cür vəziyyətlərdə daha tez toparlana bilirlər. Digər tərəfdən, biznesə başlayarkən sərmayə həcminin böyük olmaması, sahibkarın maliyyə işlərindən tutmuş reklam işləri və idarəetməyədək hər sahəyə birbaşa nəzarət etməsi, bunun da nəticəsində hərtərəfli təcrübə qazanması onu daha da maraqlı edir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrində biznesin ən geniş yayılmış forması kiçik sahibkarlıqdır. Alman iqtisadi möcüzəsinin bel sütununu təşkil edən kiçik və orta sahibkarlıq subyektləri bu gün milyonlarla insanın iş yerinə çevrilib. Təcrübə də göstərir ki, kiçik biznesdə uğur qazanmağın başlıca səbəbi ölkədəki sabitlik, dövlətin bu sahənin inkişaf etdirilməsinə marağı və dəstəyidirsə, digər tərəfdən sahibkarların öz işlərinə sevgi ilə yanaşmasıdır. Məhz bu iki amil birləşdikdə sahibkarlar istehsal etdikləri məhsullara dəyər qazandırmağı bacarırlar.

Son illərdə muxtar respublikamızda özəl sektorun inkişaf etdirilməsinə yaradılmış münbit şərait çoxsaylı kiçik sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına səbəb olub. Bu sahədə atılmış addımların nəticəsidir ki, bu gün regionumuzda kənd təsərrüfatı məhsullarından tutmuş mebel sənayesinədək, dərman bitkilərinin emalından tikinti sektorunadək xeyli sayda kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərir. Vaxtaşırı olaraq oxucularımız qəzetimiz vasitəsilə bu cür sahibkarlıq subyektləri ilə tanış olur, onların fəaliyyəti ilə bağlı məlumatlar alırlar. Elə bu dəfə də fəaliyyəti ilə tanış olduğumuz sahibkar öz işinə böyük məhəbbətlə yanaşan, ailə təsərrüfatını kiçik biznesə çevirməyi bacaran, nəticədə, əlavə bir neçə nəfər üçün də iş yeri yaradan istehsalçılarımızdandır.
“AY-Beton” divar daşları istehsalı müəssisəsi Culfa rayonunun Yaycı kəndində yerləşir. Müəssisə haqqında ilk dəfə Culfa rayonuna növbəti səfərimdə eşitmişdim. Tanıdıqlarımdan bir neçəsinin onun məhsulu barədə ağızdolusu danışması məndə müəssisə ilə yaxından tanış olmağa maraq oyatdı və beləliklə yolumu bu kənddən saldım.
Yaycı Culfa rayonunun ən böyük kəndi olsa da, kənddə Nadir Vəlixan­ovun adını çəkən kimi müəssisənin yerini hamı sənə göstərə bilər. Elə biz də bu soraqla müəssisəyə gəlib çatdıq. Müəssisənin rəhbəri Nadir Vəlixanovla hal-əhval tutduqdan sonra gəlişimizin məqsədini dedik. Sahibkar əvvəlcə bizi müəssisə ilə tanış etdi. Müsahibimiz bildirdi ki, sovet dövründə tikinti sektorunda iş icraçısı olaraq çalışması sonradan onu belə bir müəssisə yaratmağa sövq edib. Kəndin boş ərazilərindən birində hazır­da fəaliyyət göstərən müəssisəni qurub. 2007-ci ildən fəaliyyət göstərən müəssisədə ilk olaraq qəliblərdə beton divar daşları istehsal edilib. Standartlara uyğun istehsal edilən divar daşları keyfiyyəti ilə seçilib və tezliklə Yaycı kəndi də daxil olmaqla ətraf kəndlərdən özünə xeyli alıcı toplayıb. İşə başladığı ilk illərdə müəssisədə işləyən özü və iki oğlu – Asiman və Yasin olub. Nadir Vəlixanov müəssisənin ad seçimində də övladlarının adındakı ilk hərfləri əsas götürüb. Beləliklə, “AY-Beton” divar daşları istehsalı müəssisəsi Vəlixanovların birgə zəhməti hesabına əsl ailə təsərrüfatı kimi formalaşıb, sonradan isə kiçik sahibkarlıq subyektinə çevrilib. İran İslam Respublikasından betonqarışdıran, betonu qəliblərə yayan avadanlıqlar və müxtəlif formalı və ölçülü qəliblər alıb gətirərək müəssisənin fəaliyyətini daha da genişləndirib. Öyrəndik ki, hazırda müəssisədə beton divar daşları ilə yanaşı, su quyuları üçün beton halqalar, bordürlər, döşəmə kilid daşları da istehsal olunur. Bu məhsullar üçün yerli xammaldan istifadə edilir. Müəssisəyə məxsus “ZİL-130” markalı yükünüözüboşaldan avtomobillə Naxçıvan şəhərindən qum, sement gətirilir. Betonqarışdıran avadanlıqlarla qarışdırılan beton aidiyyəti üzrə qəliblərə tökülür, müəyyən müddətdən sonra qurutma sahələrinə sərilir.
Sahibkarın sözlərinə görə, son bir neçə ildə müəssisədə istehsal olunan kilid daşlara alıcılar tərəfindən maraq artıb. Hazırda burada 6 modeldə və 2 ölçüdə (30x30 sm, 40x40 sm) döşəmə daşlar istehsal olunur. Cari ildən müəssisəyə alınmış yeni qəliblər vasitəsilə burada su arxları və divar kənarları üçün nəzərdə tutulmuş üzlük daşlar da istehsal ediləcək. Keyfiyyəti və qiymətinin münasibliyi ilə seçilən məhsullara Culfa, Ordubad rayonları ilə yanaşı, Naxçıvan şəhərindən də tələbat vardır. Öyrəndik ki, hazırda müəssisədə 4 nəfər kənd sakini işlə təmin olunub. Nadir Vəlixanov qazandıqları uğurların səbəbini sahibkar­lığa göstərilən dövlət qayğısı, istehsal etdikləri məhsulların keyfiyyəti və bunun da nəticəsində qazandıqları müştəri məmnuniyyəti ilə əlaqələndirdi. Sahibkar onu da vurğuladı ki, dövr dəyişdikcə zamanın tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək, istehlakçı kütləsinin həcmini böyütmək istehsalçının qarşısında duran mühüm vəzifə olmalıdır. Çalışacağıq ki, iqtisadiyyatımızın inkişafına öz töhfəmizi verək.
Bəli, bu gün keyfiyyətli məhsul istehsal etmək bütün sahibkarlarımızın ümdə vəzifəsinə çevrilməlidir. Unutmayaq ki, biznes yalnız fəaliyyət istiqamətlərini düzgün müəyyənləşdirənlər üçün qazanc mənbəyidir. Sahibkar üçün qazanc həm də istehsal etdiyi məhsulun dəyərini yaratmaqdır. Keyfiyyətli məhsul isə əsl təbliğat vasitəsidir. Çünki müasir dövrdə ölkə­lər tarixi, mədəniyyəti, təbiəti ilə yanaşı, həm də dəyərli və keyfiyyətli məhsulları ilə təbliğ olunurlar.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR