Bu gün muxtar respublikada rahat və geniş yollar çəkilir, müasir şəhərsalma mədəniyyətinin yüksək tələblərinə cavab verən əzəmətli binalar inşa olunur.
Son günlər muxtar respublikamızda havaların isinməsi tikinti sektorunda işlərin canlanmasına səbəb olub. Belə ki, hazırda Akademik Həsən Əliyev küçəsində 4 mərtəbəli yaşayış binasında əsaslı yenidənqurma işlərinə başlanılıb. İlkin mərhələdə yaşayış binasına sakinlər tərəfindən sonradan artırılmış balkonlar sökülür. Sonrakı mərhələdə isə binanın eni 3 metr artırılacaq, daxildə təmir işləri aparılacaq, kommunikasiya xətləri yenilənəcək, dam örtüyü yenisi ilə əvəz olunacaqdır. Yaşayış binasının əsaslı şəkildə yenidən qurulması mənzillərin sahəsinin genişlənməsinə səbəb olacaq, burada yaşayan sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdıracaq.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının fasadının üzlənməsi də cari ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdəndir. Bu obyektdə də işlərə başlanılıb. Belə ki, hazırda xəstəxana binasının özülünü bərkitmək üçün qazıntı işləri aparılır.
Son illərdə Əziz Əliyev küçəsində yerləşən “Cahan” Ticarət Mərkəzinin qarşısında həm piyadaların, həm də sürücülərin sərbəst hərəkətində problemlər yaranır, sıxlıq müşahidə olunur. Bu problemin həlli üçün cari ildə piyadaların yolun sağ və sol hissəsinə rahat keçidini təmin etmək üçün piyada körpüsünün tikilməsi nəzərdə tutulub. Hazırda Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən ərazidə körpünün dayaqları üçün qazılmış yerlərdə beton-qəlib işlərinə başlanılıb. Obyektdən verilən məlumata görə, eni 3 metr, uzunluğu 26 metr olacaq piyada körpüsü 3 dayaq üzərində tikiləcək. Avtomobil yolunun üzərində inşa olunacaq piyada körpüsünün dam örtüyü şəffaf materialla örtüləcək ki, bu da piyadalara yağıntılı havalarda rahat hərəkət etmək üçün imkan verəcək.
Ümumiyyətlə, muxtar respublikada elə bir sahə yoxdur ki, orada tikinti-quruculuq işləri həyata keçirilməsin. Son 21 ildə yüzlərlə yeni istehsal müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün müasir binalar, hərbi təyinatlı obyektlər istifadəyə verilib. Təkcə 2016-cı ildə muxtar respublika üzrə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 2015-ci ilə nisbətən 5 faiz artaraq 997 milyon manatdan çox olub. İnvestisiya qoyuluşlarının 921 milyon manatından və ya 92 faizindən bilavasitə tikinti-quraşdırma işlərində istifadə olunması quruculuq işlərinin genişləndirilməsinə və kənd yerlərində infrastrukturun yenilənməsinə şərait yaradıb. Bunun nəticəsidir ki, 2016-cı il ərzində muxtar respublikada 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 17 inzibati bina inşa olunub, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınıb, 3 körpü tikilib, 2 körpü isə yenidən qurulub.
Xəbərlər şöbəsi