Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram münasibətilə
təşkil edilmiş yarmarkadan reportaj
Neçə gündür ki, bayram ab-havası ilə yaşayan, Novruz ovqatlı muxtar respublika sakinlərinin sevincini başa düşmək çətin deyil. Ona görə ki, Novruz xalqımızın kökü yüz illərə söykənən ən əziz bayramıdır. Hamı bu əziz və müqəddəs bayramı könül açıqlığı, süfrə bolluğu ilə qarşılamağa çalışır və bunun üçün də heç bir çətinlik yoxdur.
Bir vaxtlar məlum səbəblər ucbatından yaşadığımız çətinliklər artıq arxada qalıb. Xüsusilə də bayramlar ərəfəsində keçirdiyimiz daxili narahatçılıqlara son qoyulub. Bu gün dükan-bazarlarımızda bolluqdur. Necə deyərlər, istəsək quş südü, can dərmanı tapar, istənilən məhsullarla süfrəmizi bəzəyə bilərik. Buna həm maddi imkanlarımız var, həm də təminat baxımından dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinin belə, mağazalarına daxil olub, bayram üçün istədiyin məhsulları ala bilərsən. Kənd adamlarının hələ ötən payızda bayram üçün yaratdığı ehtiyat məhsullar da öz yerində. Bununla belə, artıq ənənə halını almış bayram yarmarkalarının təşkili də Novruzu təmtəraqla, istədiyimiz şəkildə keçirməyə imkan yaradıb. Hər il olduğu kimi, bu il də Naxçıvan şəhərindəki Mərkəzi bazar öz qapılarını əhalinin üzünə açıb.
Budur, biz də bazarda təşkil edilmiş yarmarkadayıq. İlk olaraq istehsalçı və istehlakçılarla görüşürük. Şərur rayonunun Yuxarı Daşarx kəndindən yarmarkaya məhsul gətirmiş Anar Rzayev deyir ki, Novruz xalqımızın ən qədim bayramlarındandır. Hamı çalışır ki, bu bayramda süfrəsi bol olsun. Ona görə də ailələr tərəfindən müxtəlif şirniyyatlar hazırlanır, səmənilər cücərdilir, digər işlər görülür. Bir neçə ildir ki, Naxçıvan şəhərində bayramqabağı təşkil olunan yarmarkalar bu əziz bayramı layiqincə qeyd etməyə imkan verir. Belə tədbir həm məhsul istehsalçılarının, həm də istehlakçıların ürəyincədir. Ona görə də yarmarka təşkilatçılarına minnətdarıq. Mərkəzi bazarda ənənəvi bayram yarmarkasının təşkilində əsas məqsəd süfrələrimizdə əsl bayram bolluğu yaratmaqdır.
Cavad Səfərov Şahbuz rayonunun Külüs kəndindən yarmarkaya məhsul gətirib. O da söhbətimizə qoşulur. Deyir ki, son bir neçə ildir, Naxçıvan şəhərində təşkil olunan bayram yarmarkasına məhsul satmağa gəlir: “Naxçıvan şəhərində belə bir bayram yarmarkasının təşkil olunması həm bizim kimi torpaq mülkiyyətçilərinə, həm də alıcılara şərait yaradır. Artıq bir neçə ildir ki, mən halal zəhmətlə əldə etdiyim məhsulları satmaq üçün bura gətirirəm. Bu il də xeyli məhsul gətirmişəm. Gətirdiyim ağartı məhsullarını iki saat müddətində satıb qurtarmışam. Bizə yaradılmış bu şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
Babək rayonunun Nehrəm kəndindən tərəvəz məhsulları gətirmiş Füzuli Cəfərov onlar üçün yaradılan şəraitdən razılıq edir. Bildirir ki, burada piştaxta və elektron tərəzi ilə təmin olunub. Məhsulun satışından da razıdır. Deyir ki, hər kəs bu bayram günündə süfrəsinin bol olmasını istəyir. Digər satıcı İsrafil Məmmədov isə Kəngərli rayonunun Xok kəndindən məhsul gətirib. Satdığı pendir, şor, yağ öz təsərrüfatındandır. Müsahibimiz deyir ki, bu cür yarmarkaların təşkili fərdi təsərrüfat sahiblərinə öz məhsullarını satmaq üçün hərtərəfli şərait yaradır. Hamı çalışır ki, yerli məhsul alsın, çünki yerli məhsullarımızın tamını heç nə ilə müqayisə etmək mümkün deyil.
Yarmarkaya gələn paytaxt sakinləri də yaradılmış şəraitə görə razılıqlarını bildirirdilər. Şəhər sakini Saday Quliyev deyir ki, muxtar respublikanın müxtəlif yerlərindən yarmarkaya gətirilən məhsullar həm keyfiyyəti, həm də qiymətinin ucuzluğu ilə diqqət çəkir. Ötən illərə qayıdan həmsöhbətim onu da xatırladır ki, neçə illər bundan əvvəl bayrama hazırlaşarkən xeyli çətinliklərlə üzləşirdik. Aldığımız məhsulların çoxu xarici ölkələrdən gətirilmiş məhsullar idi. Ancaq şükürlər olsun ki, indi hər kəsin istədiyi növdə və çeşiddə ala biləcəyi yerli məhsullarımız var.
Alıcılar yarmarkada sanitar-gigiyenik qaydalara əməl olunması üçün həyata keçirilən tədbirlərdən də razılıqla danışdılar. Belə tədbirlərin davamlı olacağına əminliklərini bildirdilər.
Yarmarkada öyrəndik ki, muxtar respublikanın kənd yaşayış məntəqələrindən buraya 120 təsərrüfat subyekti məhsul gətirib. 36 emal və istehsal müəssisəsindən yarmarkaya çıxarılan 114 adda, 210 çeşiddə məhsulun da alıcıları çoxdur. Bu məhsullar daha çox “Ləzzət”, “Bərəkət”, “Hilal”, “Damla”, “Fərda” və başqa müəssisələrə məxsusdur. Alıcılar 9 soyuducu anbarın və istixana kompleksinin məhsullarına da böyük maraq göstərirlər. Muxtar respublikanın quşçuluq təsərrüfatlarının məhsulları da istehlakçıların ürəyincədir. 9 idxalçı müəssisənin meyvə məhsullarının topdansatış qiymətinə pərakəndə satışı da təşkil edilib.
Məlumat üçün bildirək ki, yarmarka martın 20-dək davam edəcəkdir.
Muxtar Məmmədov