Naxçıvan Biznes Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrin sahibkarları üçün ixracda təşviqlərin verilməsi, “Made in Azerbaijan” brendinin mahiyyəti və onun tətbiqi mexanizmləri barədə seminar təşkil olunub.
Seminar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilib. Seminarda fondun vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1 mart 2016-cı il tarixli “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, ölkə rəhbərinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilən “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” sahibkarların xaricə mal ixracını asanlaşdırmaqla yanaşı, onlara dövlət tərəfindən hərtərəfli təminat yaradıb.
Qeyd olunub ki, bu sahədə muxtar respublikada da ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlar üçün əlverişli şərait yaradılır. Sahibkarlara yaradılan bu şəraitin nəticəsidir ki, muxtar respublikadan xarici ölkələrə məhsul ixracı genişlənir, şirkətlər öz məhsullarını beynəlxalq arenada nümayiş etdirirlər.
Vurğulanıb ki, bugünkü seminarın da əsas məqsədi xaricə mal ixrac edən sahibkarlara qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və təşviqi üçün dəstək mexanizmləri və “Made in Azerbaijan” brendinin mexanizmləri ilə bağlı yenilikləri çatdırmaqdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İxracın təşviqi departamentinin direktoru Fuad Cəfərov qeyri-neft məhsullarının ixracatçılarına ixrac təşviqinin verilməsi proseduru, müraciət qaydaları və tələb olunan sənədlər barədə ətraflı söhbət açıb. Seminarda “Made in Azerbaijan” brendinin mexanizmlərinin mahiyyəti və tətbiqi haqqında məsələlər də ətraflı müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasında ixracda təşviqlərin tətbiq edilməsi, “Made in Azerbaijan” brendinin dəstək mexanizmlərindən istifadə imkanları ilə bağlı görülən işlər və perspektivlər barədə iştirakçılara məlumat verilib.
Seminarda sahibkarların mövzu ilə bağlı sualları cavablandırılıb, təkliflər dinlənilib.
Kərəm Həsənov