23 Dekabr 2024, Bazar ertəsi

Sənaye iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən müəssisələrin məcmusunu təşkil edir və əsasən iki böyük – hasil və emal edən sahələri özündə birləşdirir. Ölkəmizin, eləcə də muxtar respublikamızın təbii şəraiti, xammal zənginliyi sənayenin müxtəlif istehsal formalarının inkişaf etdirilməsinə şərait yaradır.
Hələ XX əsrin ortalarından başlayaraq Naxçıvan Muxtar Respublikasının sənayesi Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutaraq intensiv inkişaf yoluna qədəm qoyub, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra yeni vüsət alıb. Ulu öndərin muxtar respublika iqtisadiyyatına göstərdiyi böyük qayğı nəticəsində 1970-1985-ci illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün Naxçıvan Muxtar Respublikasına 900 milyon manat sərmayə qoyulub, müxtəlif istehsal müəssisələri tikilib istifadəyə verilib. Ötən əsrin sonlarında SSRİ-nin dağıl­ması nəticəsində iqtisadi əlaqələrin pozulması və digər amillər muxtar respublikanın iqtisadiyyatına da təsirsiz ötüşməyib, digər sahələr kimi sənaye də ağır vəziyyətə düşüb. Yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, muxtar respublikanın sənayesində də əsaslı islahatlar aparılıb və bunun nəticəsində sənaye məhsulu istehsal edən dövlət və qeyri-dövlət bölmələrində yaradılmış müəssisələr hesabına ümumi sənaye məhsulunun həcmində hər il dinamik artım olub.

Naxçıvan Muxtar Respublikasının son 20 ildən artıq dövrdə keçdiyi iqtisadi inkişaf yoluna nəzər salsaq, görərik ki, sənaye istehsalı bu dövrdə özünəməxsus inkişaf yolu keçib. Belə ki, 1995-2001-ci illərdə aparılmış məqsədyönlü tədbirlər nəticəsində region iqtisadiyyatında yaranmış durğunluq tamamilə aradan qaldırılıb, 2001-ci ildə sənayenin ümumi məhsulunun həcmi 1995-ci illə müqayisədə 1,7 dəfə artıb. Muxtar respublikanın blokada şəraitində olmasına, xammalın və materialın daşınması sahəsində çətinliklərə baxmayaraq, Alt Trikotaj, Tikiş və Mebel fabriklərinin, emal müəssisələrinin, Elektrotexnika Zavodunun fəaliy­yəti bərpa edilib, Badamlı-Vayxır-Naxçıvan mineral su kəmərinin çəkilməsi ilə mineral su istehsalı artıb. Şüşə Qablar Zavodunda energetika sənayesi üçün keramik izolyatorların, Dəmir-Beton Məmulatları Zavodunda beton elektrik dirəklərinin, yol kənarına döşəmək üçün beton plitələrin və digər məmulatların istehsalına başlanılıb. Bu dövrdə muxtar respublikada hasil sənayesi də diqqətdən kənarda qalmayıb. Naxçıvanda tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər istehsalına başlanılıb və nadir tikinti məhsullarının dünya bazarına çıxarılması təmin edilib. Sonrakı illərdə isə muxtar respublikada davamlı inkişafın təmin edilməsi, sahibkarlıq fəaliyyətinə meylin stimullaşdırılması və bu istiqamətdə bütün cəhdlərin hərtərəfli dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, bu sahədə müxtəlif dövlət proqramları hazırlanıb. İcrası uğurla başa çatan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”nın əsas məqsədi Naxçıvan Muxtar Respublikasında yerli təbii sərvətlərdən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaqdan ibarət olub. Həyata keçirilən islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrasının uğurla başa çatdırılması, Ali Məclis Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın icrasının hazırda davam etdirilməsi nəticəsində ciddi iqtisadi uğurlara nail olunub və sürətli inkişaf üçün zəngin potensial formalaşıb. Təkcə “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın uğurlu icrası nəticəsində muxtar respublika sənayesində 5,2 dəfə artım qeydə alınıb. İcrası hazırda davam etdirilən dövlət proqramında isə sənayeləşmə siyasətinə uyğun olaraq muxtar respublikada yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması, dövlət əhəmiyyətli müəssisələrin fəaliyyətinin dəstəklənməsi, xarici və yerli investisiyaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi, ixtisaslaşmış və ümumi təyinatlı sənaye parklarının yaradılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.
Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması regionda sənaye sahələrinin inkişafının təmin edilməsini nəzərdə tutan dövlət siyasətinin mühüm bir hissəsini təşkil edir. Çünki sənaye parklarının yaradılması iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vacib məsələlərin həlli baxımından xüsusilə əhəmiyyətlidir. Sənaye parklarının bu əhəmiyyətli cəhətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə sənaye parklarının yaradılmasına başlanılıb. Bu sahədə müvafiq qanunvericilik bazası baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Əsasnamə” sənaye parklarının yaradılmasına, idarə edilməsinə və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsinə geniş imkanlar yaradıb.
Ümumilikdə götürsək, ötən dövrdə muxtar respublikada özəl sektorun inkişafına göstərilən dövlət qayğısı nəticəsində yeni istehsal müəssisələrinin sayı artıb, yerli istehsalın həcmi genişlənib. Məsələn, əgər 1996-cı ildə muxtar respublikada 10 adda məhsul istehsal olunurdusa, hazırda 366 adda məhsul istehsal olunur. Yeni yaradılan sahibkarlıq müəssisələri hesabına əhalinin 344 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye sahibkarlığı artıq muxtar respublikada özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublikada bu gün aqrar-sənaye kompleksi böyük üstünlüyə malikdir. Hazırda muxtar respublikada avtomobil və tikinti materialları, ərzaq və məişət əşyaları istehsalı ilə məşğul olan çoxsaylı müəssisələr fəaliyyət göstərir. 1996-cı ildə muxtar respublikada, ümumilikdə, 40 sənaye müəssisəsi vardısa, ötən dövr ərzində onların sayı 11 dəfə artırılaraq 442-yə çatdırılıb. Yeni fəaliyyətə başlayan müəssisələr, əsasən, yerli xammaldan istifadə əsasında fəaliyyətlərini qurublar ki, bu da hazır məhsulun daha ucuz qiymətə istehlakçılara çatdırılmasına imkan yaradır. Hazırda muxtar respublikada mövcud olan 442 istehsal müəssisəsindən 311-i və ya 70 faizi tamamilə yerli xammaldan istifadə edərək fəaliyyət göstərir. Bunun nəticəsində bir tərəfdən digər sahələr də inkişaf edir, ikinci tərəfdən isə daxili bazar etibarlı şəkildə qorunur.
Cari ilin fevral ayında muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Milli iqtisadiyyatı formalaşdırmaq, daxili bazarı xarici amillərin təsirindən qorumaq üçün sağlam sahibkarlıq mühitinin yaradılması zəruridir. Bu amil nəzərə alınaraq ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərmişdir”.
Muxtar respublikada sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, hazırda sənaye sahəsində məhsul istehsalının 96 faizi özəl bölmənin payına düşür. Bu isə o deməkdir ki, özəl sektorun inkişaf etdirilməsi sənayenin də inkişafına yol açıb, bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunub. Ötən il muxtar respublika üzrə ümumi daxili məhsulda 28 faizlik payla ilk yeri sənaye sahəsi tutub və onun ümumi həcmi 942 milyon manatı ötüb. 2017-ci ilin yanvar-fevral aylarında isə 332 milyon 643 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, burada da ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 164 milyon 647 min 700 manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 0,9 faiz üstələyir. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, sənaye sahibkarlığı muxtar respublika iqtisadiyyatının lokomotivini təşkil edir.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR