Bir neçə gün bundan əvvəl beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqındakı çıxışında çox mühüm bir məqama toxundu. Ali Məclisin Sədri bildirdi ki, “...Yeni müəssisələr yaradılarkən muxtar respublikanın bütün rayonları üzrə əmək və xammal ehtiyatları, təsərrüfatçılıq ənənələri nəzərə alınmalıdır. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemini həll edir, əhali gəlirlərinin həcminin artmasına müsbət təsir göstərir. Ona görə də ailə təsərrüfatlarının yaradılmasına üstünlük verilməlidir”.
Həqiqətən də, müasir dövrdə inkişaf etmiş ölkələrin hamısında özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların özəyini təşkil edən ailə biznesi üzərində qurulub. Bəs ailə təsərrüfatı nədir? Bu cür təsərrüfatların fəaliyyəti ölkəmizdə hansı qanunvericiliklə tənzimlənir və bunun mahiyyəti nədən ibarətdir?
Qeyd edək ki, Azərbaycanda ailə təsərrüfatları haqqında hüquqi bazanın yaradılması 2005-ci ilə təsadüf edir. Belə ki, “Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu”nda (14 iyun 2005-ci il) göstərilir ki ailə kəndli təsərrüfatı – ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalının, emalının, saxlanmasının, daşınmasının və satılmasının) birgə həyata keçirilməsidir. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, onun ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır. Qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və onun səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi, kənd yerlərinin inkişafının sürətləndirilməsinə şərait yaratmaqdır.
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri kiçik və orta sahibkarlıq subyektləri tutur. Təşəbbüskarlıqda həlledici rol da məhz onlara məxsusdur. Bunu inkişaf etmiş ölkələrin real iqtisadi vəziyyətlərindən, təcrübələrindən də əyani şəkildə görmək mümkündür. Ancaq ailə təsərrüfatları kiçik sahibkarlıq subyektləri deyil, ondan aşağı meyarda fəaliyyət növüdür. Yəni ailə təsərrüfatları kiçik sahibkarlıq üçün bir növ başlanğıc rolunu oynayır. O zaman sual yaranır ki, ailə təsərrüfatlarını kiçik sahibkarlıq subyektlərindən necə fərqləndirmək mümkündür? Bunun üçün sahibkarlıq subyektlərinin təsnifatı haqqında məlumatlara ehtiyac duyuruq.
Vurğulayaq ki, sahibkarlıq subyektlərinin təsnifatı üçün vahid beynəlxalq meyarlar yoxdur. Ayrı-ayrı ölkələrdə müxtəlif meyarlar mövcuddur. Məsələn, Almaniyada, Belçikada, Böyük Britaniyada, Niderlandda, Portuqaliyada meyar kimi müəssisənin dövriyyə göstəricisi, İtaliya və İrlandiyada daşınmaz əmlakın həcmi istifadə olunur. Meyarlar arasındakı fərqlilik milli xüsusiyyətlərin, sənayeləşdirmə səviyyəsindəki fərqin, ölkənin beynəlxalq əmək bölgüsündə yeri və rolunun nəticəsidir. Dünya təcrübəsi göstərir ki, müxtəlif təşkilati-hüquqi formalı müəssisələrin kiçik və orta sahibkarlıq subyektlərinə aidliyinin əsasında duran daha ümumi meyarlara işçi heyətinin sayı, nizamnamə kapitalının miqdarı, aktivlərin və dövriyyənin həcmi kimi meyarlar daxildir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin daxil olduğu İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı 19 nəfərədək şəxsin çalışdığı müəssisələri mikro, 99 nəfərədək şəxsin çalışdığı müəssisələri kiçik, 100-499 nəfərin çalışdığı müəssisələri orta, 500 nəfərdən çox şəxsin çalışdığı müəssisələri isə iri müəssisələr kimi təsnifləşdirir. Məsələn, Avropa Birliyi ölkələrində 150 milyon məşğul əhalinin 100 milyon nəfərinin çalışdığı 16 milyondan çox kiçik və orta müəssisə fəaliyyət göstərir. Onlardan, təxminən, 15 milyonu (90 faizdən çoxu) 10 nəfərədək işçisi olan mikro müəssisələrdir, qalan bir milyon müəssisədə çalışanların sayı 10-250 nəfər arasında dəyişir. Qardaş Türkiyə Respublikasında işçilərinin sayı 9 nəfərədək, illik dövriyyəsi 1 milyon lirəyədək olan müəssisələr mikro müəssisələr, işçilərinin sayı 10-49 nəfərədək, illik dövriyyəsi 8 milyon lirəyədək olan müəssisələr kiçik müəssisələr, işçilərinin sayı 50-249 nəfərədək, illik dövriyyəsi 40 milyon lirəyədək olan müəssisələr orta müəssisələr sayılır.
Azərbaycanda sahibkarlıq subyektlərinin təsnifatı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Qərarında göstərilən meyarlara əsaslanır. Belə ki, həmin qərara əsasən, sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Həmin meyarlara görə, işçilərinin orta siyahı sayı 25 nəfərə kimi, illik gəliri isə 200 min manatadək olanlar kiçik, 25 nəfərdən 125 nəfərədək və 200 min manatdan 1 milyon 250 min manatadək olanlar isə orta sahibkarlar sayılır. Buradan da bir daha aydın olur ki, ailə təsərrüfatları həm işçi sayı, həm də illik dövriyyə baxımından göstərilən rəqəmlərdən daha aşağı meyarları özündə əks etdirir. Bəs ailə təsərrüfatlarının inkişaf etdirilməsinin hansı müsbət tərəfləri var?
Adından da göründüyü kimi, ailə təsərrüfatı ailə üzvlərinin iştirak etdiyi, idarəçiliyin və varisliyin ailə ənənələri ilə həyata keçirildiyi biznes modelidir. Yəni işin bünövrəsini ailənin başçısı – ata qoyur, bu biznesin inkişafına və davamına ana, həmçinin sonradan uşaqlar və nəvələr də qoşulurlar. Ailə təsərrüfatında gəlirlərin və kapitalın idarə edilməsində ailə üzvlərinin hamısı bərabər iştirak edir ki, bu da etibarlılığı şərtləndirən vacib amillərdəndir. Ailə biznesində maliyyə intizamı yüksəkdir, hər kəs bir-birinə çox etibar edir. Buna görə də belə biznesdə digər müştəri və tərəfdaşlarla konfliktlərə çox az rast gəlinir. Ailə təsərrüfatı yaradanda bir çoxları işə məhz ailə üzvlərini cəlb etməyə çalışır. Bunun müsbət tərəfi ondadır ki, gəlir ailə büdcəsindən kənara çıxmır, qazancdan hamı bəhrələnir. Digər tərəfdən, ailə üzvlərinin bir-birindən sirləri olmur, buna görə də biznesdə gözlənilməz uğursuz hadisələrin ehtimalı və maddi itkilər çox az olur. Ailə təsərrüfatının digər bir müsbət cəhəti odur ki, biznesin zəif zamanlarında işçilər daha az əməkhaqqı ilə, hətta pulsuz işləməyə razı olurlar. Maliyyə çətinlikləri olduqda, ailə üzvlərinə bunu izah etmək çox asandır. Bundan əlavə, ailə təsərrüfatında bütün ailə üzvləri biznesdə böyük təcrübə keçir və valideynlərin şəxsi timsalında bunu öyrənmə daha effektiv olur. Bu isə ailə başçısına uşaqlarının gələcəyinin təmin olunması və onlara biznesi daha irəli aparmaları üçün geniş imkanlar yaradır. Və nəhayət, ailə təsərrüfatı istehsal etdikləri məhsulda yeni dəyərlər yaradır və bu dəyərlər biznes inkişaf etdikcə yaşayır.
Ailə təsərrüfatlarının daha önəmli tərəflərindən biri burada ailə üzvlərinin məşğulluğunun təmin olunmasıdır. Məlumdur ki, muxtar respublikamızda əmək qabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Deməli, iş üçün şəhərə üz tutanlar elə yaşadıqları yerdə öz məşğulluqlarını təmin edə bilərlər. Bu isə ailə təsərrüfatçılığının, başqa sözlə desək, mikrosahibkarlığın inkişafına, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə öz töhfəsini verər. Bundan başqa, istənilən ailə təsərrüfatı davamlı inkişaf edirsə, bu təsərrüfatın kiçik sahibkarlıq subyektinə çevrilməsi də qaçılmazdır. Çünki sahibkar özü bunda maraqlı olur. Bu isə təsərrüfata digər işçilərin cəlbini zəruri edir, başqaları üçün əlavə iş yerləri yaranır. Buradan isə o nəticəyə gəlmək mümkündür ki, ailə təsərrüfatçıları öz məşğulluqlarını özləri təmin edirlər. Ümid edirik ki, muxtar respublikada yaşayan ailələr bu işə yetərincə təşəbbüs göstərsələr, bu, naxçıvanlı ailələrin postneft dövrünə ən böyük töhfəsi olmaqla yanaşı, region iqtisadiyyatının daha da inkişaf etməsinə öz müsbət təsirini göstərər.
Yazının sonunda qeyd edək ki, bu gün dünyada ailə biznesinin təsiri ilə böyüyərək inkişaf etmiş və dünya iqtisadiyyatında mühüm yerlər tutmuş yüzlərlə şirkət var. Hazırda Böyük Britaniyada firmaların 75 faizini, ABŞ-da 90 faizini, Avropa İttifaqı ölkələrinin 85 faizini ailə biznesi şirkətləri təşkil edir. Nisbətən zəif də olsa, qonşu Rusiyada da ailə biznesi inkişaf edir. Hər birimizin yaxından tanıdığı və dəyərləri milyard dollarla ölçülən “Siemens”, “Adidas”, “Samsung Electronics”, “Tissot” və adını sadalamadığımız yüzlərlə şirkət ailə biznesi üzərində qurulub. Nəsillər dəyişsə də, ailə biznesləri öz ənənəsinə sadiqliyini qoruyur: bütün gəlirlər ailə üzvləri arasında bərabər bölünür.
Səbuhi Həsənov