Xarici ticarət dövriyyəsinin artması sosial-iqtisadi inkişafın sürətlənməsinə əsaslı təsir göstərən amillərdən biridir. Odur ki, hər bir dövlət imkan daxilində xarici ticarət dövriyyəsinin həcminin davamlı olaraq artırılmasına xüsusi diqqət yetirir. Başqa bir müsbət cəhət xarici ticarətin yerli iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafına təsir göstərməsi, əsas stimullaşdırıcı amillərdən birinə çevrilməsidir. Bu zaman istehsal edilən məhsulun yüksək keyfiyyəti, rəqabətə davamlı olması da böyük əhəmiyyət kəsb edir.
Bu gün ölkəmizdə olduğu kimi, muxtar respublikada da həyata keçirilən səmərəli və məqsədyönlü islahatlar xarici iqtisadi əlaqələrin dərinləşməsi prosesini sürətləndirməkdədir. Son illərdə muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənmişdir. 2017-ci ilin yanvar ayında muxtar respublikada 24 milyon 681 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1 faiz artaraq 23 milyon 830 min 600 ABŞ dolları, idxalın həcmi 50,1 faiz azalaraq 850 min 700 ABŞ dolları təşkil etmiş, 22 milyon 979 min 900 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Muxtar respublikamızda sahibkarlığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaratmışdır. Yaradılmış münbit şərait ticarət əlaqələrinin genişlənməsinə, yüksək- keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına imkan vermişdir. Məhz bunun nəticəsidir ki, muxtar respublikada rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal olunur. Hazırda Naxçıvanda 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Məhz bu cür sistemli tədbirlər nəticəsində muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanları artmaqla iqtisadi əlaqələrimiz daha da genişlənmişdir. Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq qarşıda duran əsas vəzifələrdən biridir. Artıq məhsullarımız daxili bazarda öz yerini getdikcə möhkəmləndirir. Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, Gürcüstan və digər ölkələrə muxtar respublikadan dəri, mebel, daş və beton məhsulları, sement, gips və gips lövhələr, mineral sular, vafli məmulatları və bir çox məhsul ixrac edilir.
Muxtar respublikada istehsal olunan ixracyönümlü ərzaq məhsullarının keyfiyyəti yüksəkdir. Müasir dünyada təbii məhsullara verilən üstünlük belə məhsulların xarici bazarlara çıxarılma imkanlarını artırır. Bu məqsədlə muxtar respublikada ilk dəfə olaraq məhsul ixracına dəstək məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Müəssisənin əsas vəzifəsi məhsulların respublika ərazisində satışının genişləndirilməsi, qablaşdırma, dizayn, markalanma və digər göstəricilərin yaxşılaşdırılması, xarici ölkələrə ixracın təşkil edilməsindən ibarətdir.
Bu gün ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara dəstək verilir. Bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Son illər keçirilmiş 200-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 1000-dən çox nümayəndə iştirak etmiş, 500-dən çox çeşiddə məhsul Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Türkiyə, Belarus, Avstriya, Polşa, İran və bir çox ölkələrdə nümayiş olunmuşdur.
Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini verməkdədir.
Bu gün qarşıda duran mühüm vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində işlər aparılır. Artıq ölkə ixracatçıları xaricdə keçirilən sərgilərdə “Made in Azerbaijan” brendi altında vahid ölkə stendi ilə təmsil olunurlar. Bu çərçivədə cari ildə Almaniyaya təşkil olunmuş ilk ixrac missiyasında muxtar respublikadan da nümayəndə heyəti iştirak etmiş və Berlin şəhərində keçirilmiş “Yaşıl Həftə” beynəlxalq qida sərgisində muxtar respublikada fəaliyyət göstərən 9 şirkətin 18 növdə və 54 çeşiddə məhsulunun nümayişi təmin olunmuşdur.
Muxtar respublika sahibkarları bu gün nəinki qonşu ölkələr, həmçinin dünyanın bir çox ölkəsi ilə yaxından əməkdaşlıq edirlər. Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti Dubayda keçirilən ən nüfuzlu sərgilərdən biri olan “Gulfood 2017” sərgisində Naxçıvanın brend məhsullarından olan “Sirab” mineral suyunu nümayiş etdirmişdir.
Muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında əsas ərzaq məhsullarının keyfiyyətinə nəzarət edilməsi mühüm yer tutur. Bu məqsədlə qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. İxrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar da məhz buradan təmin olunur. Verilən sertifikatlar ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaradır.
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Belə ki, artıq muxtar respublikada investisiya təşviqi sənədinin tətbiqinə başlanmışdır.
Bu istiqamətdə muxtar respublika əhalisinin süd və süd məhsullarına, o cümlədən xama və qaymaq məhsullarına olan tələbatının tam ödənilməsi, eləcə də idxalın əvəzlənməsi və tələbatdan artıq istehsal olunan məhsulların ixracının stimullaşdırılması məqsədilə 2016-cı ildə xama və qaymaq istehsalı sahəsinə investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilmişdir.
Muxtar respublika ixracatçılarının qarşılaşdığı çətinliklərdən biri də məhz yük daşımaları və logistik xidmətlərlə bağlıdır. Lakin sevindirici haldır ki, ötən il bu sahədə də yaxşı nəticələr əldə edilmişdir. Belə ki, Naxçıvan-Bəndərabbas dəmir yolu marşrutu ilə yerli məhsulların körfəz ölkələrinə, eləcə də beynəlxalq dəniz limanlarına sərfəli tariflərlə çıxışına şərait yaradılmışdır. Dəmir yolu vasitəsilə muxtar respublikadan artıq Orta Asiya ölkələrinə də çıxış təmin olunmuşdur ki, bu da ixracatçılara dövlətimiz tərəfindən verilən əvəzsiz töhfədir.
Sahibkarların mütəmadi olaraq maarifləndirilməsi, onlara texniki və metodik dəstək göstərilməsi istiqamətində muxtar respublikanın İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi seminarlar və treninqlər təşkil olunur. Məhsulların virtual məkanda təbliği, satışı şəbəkəsinin genişləndirilməsi, yeni məhsulların yaradılması, inkişaf etdirilməsi və digər bir çox sahədə lazımi dəstək göstərilir. Yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur.
Təsadüfi deyil ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında məhsul ixracına diqqət yetirilməsi nazirlik qarşısında bir daha həllivacib vəzifə kimi qoyulmuşdur.
İxracın artırılmasına nail olmaq üçün qarşıda duran əsas istiqamət isə rəqabətqabiliyyətli və yüksəkkeyfiyyətli məhsulların istehsalını təşviq etmək, müəssisələrin mövcud potensialını inkişaf etdirmək, məhsulların daha geniş məkanda təbliğini təmin etmək və real sektorda dayanıqlı ixraca nail olmaqdan ibarətdir. Qarşıdakı günlərdə bu istiqamətlərdə həyata keçirilən tədbirlər daha da gücləndiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti