23 Dekabr 2024, Bazar ertəsi

Nümunəvi ailə təsərrüfatları qurub, daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin edən və təbii ki, əldə etdiyi gəlirlə təsərrüfatını ildən-ilə genişləndirən, ailə büdcəsini daha da möhkəmləndirən təsərrüfatların sayı bu gün yüzlərlədir. Onlardan biri – Culfa rayonunun Ləkətağ kəndində yaşayan Alıyar Quliyevlə elə onun yaşadığı ünvanda görüşüb, yaratdığı təsərrüfatla tanış olduq. 

Alıyar Quliyevlə söhbətimizdə dedi ki, təsərrüfatçılığa həmişə maraq göstərmişəm. İllər keçdikcə, gəlirim artır, bu sahəyə daha ürəkdən bağlanırdım. Məhsulları – əti, yağı, südü, pendiri, qatığı, qaymağı bazara çıxarıb satır, əldə etdiyim gəlirlə özümüzə yaxşı gün-güzəran qururdum. Bir müddət sonra təsərrüfatımı genişləndirdim. Heyvandarlıqla məşğul olan sahibkarlar yaxşı bilirlər. Vaxtında kifayət qədər yem tədarük etməsən nə təsərrüfatı saxlaya, nə də gəlir götürə bilərsən. Həyətyanı torpaq sahəsində, təbii biçənəklərdə texnika ilə biçin aparmaq mümkün olmadığından kərənti ilə ot biçib, yem tədarük edirdik. Bu da, təbii ki, çox çətin və vaxt aparan bir iş idi. 2010-cu ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən 40 faiz güzəştlə əl üçün otbiçən aldıq. Artıq dağ yamaclarındakı biçənəklərimizi belə, rahatlıqla biçirik. Bizim üçün bundan yaxşı nə ola bilər?

“Kənddə yaşayan hər kəs ailəsini təmin edəcək və bazara çıxarılacaq qədər kənd təsərrüfatı məhsulları istehsal etməyə çalışır. Bunun üçün hər cür şərait yaradılıb. Bu şəraitdən maksimum bəhrələnməli, təsərrüfatımızı daha da genişləndirməliyik”, – deyən sahibkar onu da qeyd etdi ki, bir müddət əvvəl iki arı (beçə) alıb heyvandarlıqla yanaşı, arıçılıqla məşğul olmağa başlamışdım. Məqsədim ən azı ailəmizi təmin edəcək qədər bal istehsal etmək idi. Amma illər keçdi, nəinki ailəmizi təmin edəcək, hətta bazara məhsul çıxaracaq qədər bal əldə etmək imkanı yarandı. Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal festivalı”na digər sahibkarlar kimi mən də məhsullarımı çıxardım. Bu da məhsullarımızın tanıdılmasına, satışına, yeni müştərilərin cəlb olunmasına əlverişli şərait yaratdı. Arıçılıqla məşğul olan sahibkarlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, pulsuz dərman preparatları ilə təmin ediliblər.
Elə söhbətimizin bu məqamında Bakı şəhərindən gələn qonaqlar bizə yaxınlaşdı. Alıyar gələn qonaqlarla bizi tanış etdi. Öyrəndik ki, əslən Naxçıvandan olan Aydın, Nadir və Etibar uzun illərdir, Bakıda yaşasalar da, muxtar respublikanın keyfiyyətli kənd təsərrüfatı məhsullarını almaq üçün hər il bura gəlirlər. Onlar bildirdilər ki, muxtar respublika hər il daha da gözəlləşir, kəndlər abadlaşır. Xüsusi vurğuladılar ki, Çeşməbasar kəndindən Ləkətağadək çəkilən avtomobil yolu və bu yol üstündə yerləşən yaşayış məntəqələrində aparılan abadlıq-quruculuq tədbirləri, istifadəyə verilən məktəb binaları, kənd və xidmət mərkəzləri insanı valeh edir. Artıq muxtar respublikada kəndlərə şəhər görkəmi verilib, şəhər rahatlığı yaradılıb. Bu əsrarəngiz gözəlliyi biz də seyr etdik. Dost-tanışlarımıza da bura səfər etmələrini tövsiyə edəcəyik...
Alıyar hər biri üçün hazırlanmış bağlamaları – balı, pendiri, yağı, çaşırı, sobu turşusunu, cəviz kisəsini maşına yığdı. Nadir bal yığılmış qabın qapağını açıb bir qaşıq götürüb dadına baxdı. Araya çökən sükutu da elə Alıyar pozdu.
– Hə, necədir? Niyə danışmırsan?
– Danışa bildim, danışmadım? Boğazımı yandırdı. Məhsula söz ola bilməz. İnşallah bu il bizim payımızı bir az da artırarsan, – deyib xudahafizləşdilər.
Biz də sahibkara uğurlar arzulayıb oradan ayrıldıq. Son illər istifadəyə verilən Çeşməbasar-Boy­əhməd avtomobil yolu və yol kənarında yerləşən ayrı-ayrı yaşayış məntəqələrində ucaldılan quruculuq ərməğanlarını və Naxçıvanın yenilməzlik simvolu Əlincəqalanı seyr edə-edə Naxçıvan şəhərinə yollandıq...

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR