Muxtar respublikada əhalinin səmərəli məşğulluğu, həyat və məişət şəraitinin yaxşılaşdırılması üzrə keçirilən tədbirlər demoqrafik proseslərə müsbət təsir göstərmiş, əhali artımının dinamikliyi təmin edilmişdir.
Muxtar respublikada 1 yanvar 2017-ci il tarixə əhalinin sayı bir il öncəyə nisbətdə 4 min 720 nəfər artaraq 449 min 143 nəfər təşkil etmişdir. Hazırda muxtar respublika əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin 29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 82 nəfər olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 21 nəfər çoxdur.
1995-ci ilin sonu ilə müqayisədə əhalinin sayı 111,3 min nəfər artmışdır. Son 22 il ərzində muxtar respublikada 65,1 min nikah bağlanmış, 160 min uşaq doğulmuşdur.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması ölüm, o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salmışdır. Əgər 1995-ci ildə ölüm göstəricisi əhalinin hər min nəfəri hesabı ilə 6 nəfər olmuşdursa, hazırda bu göstərici 4,1 nəfər təşkil edir. Hər min nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1995-ci ildə 20,6 nəfər qeydə alındığı halda, 2016-cı ildə bu göstərici 1,5 nəfər təşkil etmişdir.
Doğumun dinamik artımı muxtar respublika əhalisinin sayında gənclərin ümumi sayının artmasına müsbət şərait yaratmışdır. Əgər 1995-ci ildə gənclərin sayı ümumi əhalinin 22 faizini təşkil edirdisə, 1 yanvar 2017-ci il tarixə bu göstərici 30,8 faizə çatmışdır. 1995-ci illə müqayisədə gənclərin sayı 64 min nəfər artaraq 138 min nəfərdən artıq olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin
mətbuat xidməti