Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf xətti ölkəmizdə digər sahələrlə yanaşı, tikinti-quruculuq işlərinin də geniş vüsət almasına səbəb olub. Dövlətimizin iqtisadi qüdrətinin gücü kimi dəyərləndirilən tikinti-quruculuq tədbirləri Naxçıvan Muxtar Respublikasında da genişmiqyaslılığı ilə seçilir.
Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirib. Bu sahədə əldə olunmuş təcrübənin nəticəsidir ki, hər il muxtar respublikanın şəhər və rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində yeni binalar tikilir, müasir istehsal sahələri, sosial infrastruktur yaradılır, qədim tikililər təmir olunur, kommunikasiya sistemləri yenilənir.
Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də tikinti-quruculuq tədbirləri davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, cari ildə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində 414 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzi binalarının tikintisi, Şərur rayonunun Ələkli kəndində 216 şagird yerlik tam orta məktəb binasının, kənd musiqi məktəbi və kənd mərkəzi binalarının yenidən qurulması, xidmət mərkəzi binasının tikintisi, Ərəbyengicə kəndində 192 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının, Qarahəsənli kəndində kənd və xidmət mərkəzi binalarının tikintisi və 216 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, Babək rayonunun Payız kəndində 252 şagird yerlik tam orta məktəb binasının yenidən qurulması, kənd və xidmət mərkəzi binalarının tikintisi, Culfa rayonunun Dizə kəndində 216 şagird yerlik tam orta məktəbin, kənd və xidmət mərkəzi binalarının tikintisi, Ordubad rayonunun Üstüpü kəndində 252 şagird yerlik tam orta məktəbin, kənd mərkəzi, xidmət mərkəzi və həkim ambulatoriyası binalarının tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, ötən il muxtar respublikada 14 təhsil müəssisəsi, 4 həkim ambulatoriyası, 9 feldşer-mama məntəqəsi, 29 mədəniyyət obyekti, 13 kənd mərkəzi, 14 xidmət mərkəzi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 17 inzibati bina inşa olunub, 61,5 kilometrdən artıq yeni avtomobil yolları salınıb, 3 körpü tikilib, 2 körpü isə yenidən qurulub.
Xəbərlər şöbəsi