23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanın müasirliyini və inkişafını özündə əks etdirən
yaşayış məntəqəsidir

Qıvraq qəsəbəsi muxtar respublikamızdakı mövcud beş qəsəbədən biridir. Qəsəbə statusunu Kəngərli rayonu yaradıldıqdan sonra alıb. Uzun illər Qıvraq kənd kimi tanınıb, həm də digər kəndlərdən fərqli olaraq bura yolu düşənlərin sayı çox olub. Bunun da səbəbi odur ki, hələ Sovetlər Birliyi dövründən kənddə böyük bir hərbi hissə yerləşir. Bu hərbi hissədə keçmiş SSRİ-nin müxtəlif regionlarından, eləcə də Azərbaycanın bəzi bölgələrindən xidmət edənlər çox olub. Buna görə də Qıvraq kəndinin adı ölkəmizin hüdudlarından kənarda da tanınıb. Ancaq kənd həmin dövrlərdə muxtar respublikanın digər kəndlərindən fərqlənməyib, toz-torpaqlı küçələr, nahamar yollar, baxımsız qalmış ərazilər Qıvrağın simasını “bəzəyib”. Yeganə fərq bu kənddə hərbçilərə məxsus bir neçə bina olub. 

Kəndin hazırkı Kəngərli rayonunun müxtəlif yaşayış məntəqələrinə gedən yolların qovşağında, eləcə də Naxçıvan-Sədərək magistral avtomobil yolu üzərində yerləşməsi bu inzibati ərazinin rayon mərkəzinə çevrilməsində əsaslı rol oynayıb. Cəmi 13 il bundan əvvəl adıçəkilən magistral avtomobil yolunun kənarları boyunca boş və baxımsız qalmış çöllük ərazilərdə rayon mərkəzinin salınmasına çoxları inanmayıb. Ancaq ötən əsrin sonlarında yenidən qazandığımız müstəqilliyin bəhrələri bu ideyanı həyata keçirməyə imkan verib. İdarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan yeni rayonun mərkəzində qısa müddət ərzində müxtəlif təyinatlı tikililər istifadəyə verilib. Rayon İcra Hakimiyyəti, Maliyyə və Polis şöbələri, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Şöbəsi, rayon məhkəməsi, prokurorluğu, Mərkəzi Xəstəxana, Qaz İstismarı İdarəsi, Tarix-Diyarşünaslıq Muzeyi və rayonun digər idarə, müəssisə və təşkilatları üçün müasir layihə əsasında yeni binalar inşa olunub. Həmin binalarda çalışanlara hərtərəfli iş şəraiti yaradılıb. Qəsəbəarası yollara asfalt salınıb, gözoxşayan gülkarlıqlar yaradılıb. Bir sözlə, qəsəbə müasir rayon mərkəzinə çevrilib. 

Rayon mərkəzində diqqətçəkən yaraşıqlı ünvanlardan biri Heydər Əliyev Mədəniyyət və İstirahət Parkıdır. Park, sözün həqiqi mənasında, ulu öndərin adına layiq istirahət guşəsidir. Məlumat üçün bildirək ki, 2012-ci il may ayının 30-da parkın açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edərək bu münasibətlə qıvraqlıları, ümumilikdə, Kəngərli rayonunun sakinlərini təbrik edib, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib: “Biz iki il əvvəl də sizinlə görüşmüşük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada, doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl Mədəniyyət Evi tikilmişdir. Yəni Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir. Çünki Naxçıvan Muxtar Respublikasının hər bir tərəfində, hər bir rayonunda sürətli inkişaf gedir və getməlidir... Bu gün gözəl Mədəniyyət Evinin açılışında toplaşmışıq. Bu, böyük rəmzi məna daşıyır. Çünki bir neçə il əvvəl Kəngərli rayonu inzibati ərazi kimi mövcud deyildi. Bir neçə il bundan əvvəl Vasif Talıbov belə təşəbbüslə çıxış etmişdi. Mən bu təşəbbüsü təkcə kağız üzərində deyil, əməldə dəstəklədim və qısa müddətdə rayon yaradıldı. Qeyd etdiyim kimi, bu gün rayonun artıq inzibati mərkəzi vardır. Bu mərkəz böyüyəcəkdir və əminəm ki, gələcək illərdə Kəngərli rayonunda bundan da gözəl və yaxşı işlər görüləcəkdir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, Kəngərli rayonunun və bütün Naxçıvan Muxtar Respublikasının sakinlərinə yeni uğurlar arzu edirəm”.
Qeyd edək ki, Qıvraq qəsəbəsinə xüsusi gözəllik verən Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında sakinlərin mənalı istirahəti üçün hərtərəfli şərait yaradılıb. Daimi su xətti çəkilib, yeni gülkarlıqlar salınıb, uşaqlar üçün müxtəlif oyun qurğuları quraşdırılıb. Artıq park rayonda müxtəlif tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Qəsəbə sakinlərini, o cümlədən burada xidmət edən hərbçi ailə­lərinin üzvlərini parkda tez-tez görmək olar. Qıvraq qəsəbə sakini, təqaüdçü Vaqif Cəfərov dedi ki, çox qısa müddətdə qəsəbədə belə böyük işlərin aparılmasına bəzən inanmaq olmur. Ümumilikdə, Qıvraq kəndində heç bir dövrdə bu cür abadlıq, quruculuq işləri görülməyib, yollar bu qədər rahat, küçələr bu qədər abad olmayıb. Son illər qəsəbədə yeni ticarət mərkəzi, şadlıq sarayı tikilərək istifadəyə verilib. Ulu öndərimizin adını daşıyan bu parkın salınması isə rayon mərkəzinə hərtərəfli gözəllik bəxş edib. Parka tez-tez yolumuz düşür, havaların isinməsi ilə bura gələnlərin sayı artır.
Söhbətləşdiyimiz digər qəsəbə sakini Ələkbər Quliyev isə bildirdi ki, torpağa, xalqa bağlılıq, əzmkarlıq, təşəbbüskarlıq olan yerdə hər şeyə nail olmaq mümkündür. Burada nələr yaradıldığını özünüz də görürsünüz. Bu görülən işlər dövlətimizin vətəndaşlara göstərdiyi böyük qayğının nəticəsidir. Bizim də borcumuz odur ki, yaradılanların qədrini bilək, dövlətimizin qüdrətlənməsi üçün daha səylə çalışaq. Çünki dövlətimiz nə qədər güclü olarsa, vətəndaşlarımız da bir o qədər firavan yaşayar.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, qəsəbədə hərbi hissə yerləşir. Ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, son illərdə bu hərbi hissədə mühüm quruculuq işləri görülüb, hərbçilərimizə xidmət üçün hərtərəfli şərait yaradılıb, müxtəliftəyinatlı yeni binalar istifadəyə verilib. Bundan əlavə, hərbi hissənin ətrafı abadlaşdırılıb, yeni gülkarlıqlar salınıb, yaşıllaşdırma işləri aparılıb. Hazırda bu hərbi hissədə muxtar respublikamızın, eyni zamanda ölkəmizin müxtəlif bölgələrindən olan hərbçilər xidmət edir.
Qəsəbədə olarkən söhbətləşdiyimiz Qıvraq bələdiyyəsinin sədri Mikayıl Tarverdiyev dedi ki, 5600-dən çox sakini olan qəsəbədə ötən hər il böyük işlər görülüb. Qəsəbənin daxili yolları abadlaşdırılıb, ətraf ərazilərdə hektarlarla meyvə bağları salınıb. Ötən il Qıvraq qəsəbə tam orta məktəbi əsaslı təmir olunub, yeni uşaq bağçasının tikintisi başa çatdırılıb və artıq obyekt təhvilə hazırlanır. Cari ildə isə qəsəbədə yeni yaşayış binasının tikilməsi nəzərdə tutulub və tikili üçün ərazi müəyyənləşdirilib.
Qəsəbənin təsərrüfat həyatı ilə də maraqlandıq. Həmsöhbətimiz bildirdi ki, ötən il 654 hektar sahədə taxıl, 90 hektar sahədə isə yonca əkilib. Qarğıdalı əkininə maraq artıb, bu il 40 hektarda əkin aparılması nəzərdə tutulub. Bundan əlavə, son illərdə meyvəçiliyə göstərilən dövlət dəstəyi hesabına 20 hektar ərazidə meyvə bağı salınıb. Artıq bu bağlardan məhsul əldə olunur. Cari ildə isə əlavə olaraq 4 hektar sahədə meyvə bağının salınması planlaşdırılıb. Mikayıl Tarverdiyev onu da bildirdi ki, Qıvraq qəsəbəsində görülən işlər qəsəbə sakinləri tərəfindən böyük minnətdarlıqla qarşılanmaqla yanaşı, onların qurub-yaratmaq əzmini də yüksəldir. Hər kəs başa düşür ki, indi yaşamaq və işləmək üçün hərtərəfli şərait var. Müsahibimiz son günlərdə muxtar respublikada qəbiristanlıqlarda aparılan abadlaşdırma işlərinin də hamı tərəfindən razılıqla qarşılandığını söylədi. Dedi ki, qəsəbə sakinləri hamılıqla bu işə səfərbər oldu. Belə bir tədbirin keçirilməsini hər kəs minnətdarlıqla dilə gətirir.
Qəsəbədə gəzərkən ətrafdakı səliqə-sahman və təmizlik də nəzərimizdən yayınmadı. Lazımi yerlərdə qoyulmuş tullantı qutuları və hər kəsin təmizliyə riayət etdiyi ilk baxışdan görünürdü. Artıq muxtar respublikamızın sakinləri üçün təbii hal sayılan abad və təmiz yaşayış məntəqəsində yaşamaq düşüncəsi qıvraqlılar üçün ikiqat məsuliyyət tələb edir. Çünki Qıvraq qəsəbəsi muxtar respublikada yeganə qəsəbədir ki, Türkiyə Respublikasından və İran İslam Respublikasından Naxçıvana gələn əcnəbi qonaqlar məhz bu qəsəbədən keçməli olurlar. Bu mənada, Qıvraq qəsəbəsi həm də muxtar respublikaya yolu düşən qonaqlar üçün ilkin təəssürat yaradan yaşayış məntəqəsi rolunu oynayır.

Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR