23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan şəhərindəki Mərkəzi bazardan reportaj

Muxtar respublikamız sosial-iqtisadi inkişafının yeni mərhələsindədir. Bu inkişafda başlıca amillərdən biri sahibkarlara yaradılan şərait, onlara göstərilən dəstək və qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsidir. Artıq naxçıvanlı sahibkarların öz məhsullarını bir neçə ildir ki, xarici bazarlara çıxarmaları təmin edilib. Qarşılıqlı olaraq xarici ölkələrdən də muxtar respublikaya müxtəlif emal və istehsal məhsullarının gətirilməsi diqqətdə saxlanılıb. Naxçıvan şəhərindəki Mərkəzi bazarda İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilən ərzaq məhsulları və əl işlərinin sərgi-satışının təşkil edilməsi də  bunun nəticəsidir. 

Məlumat üçün bildirək ki, Qərbi Azərbaycan Vilayəti İran İslam Respublikasının inkişaf etmiş böyük bölgələrindən biridir. Vilayətin mərkəzi qədim yaşayış məntəqələrindən biri olan Urmiya şəhəridir.
Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında mövcud olan bir sıra sahələr üzrə əlaqələr sırasında ticarət əlaqələri xüsusi yer tutur. 2011-ci ilin payızında Urmiya şəhərində 5 gün müddətində Naxçıvan Muxtar Respublikasının ilk ticarət və sənaye sərgisi təşkil edilib. Qərbi Azərbaycan Vilayətinin isə muxtar respublikada ilk ticarət və sənaye sərgisi 2015-ci ilin 14-17 avqust tarixlərində keçirilib.

Naxçıvan Muxtar Respublikası ilə Qərbi Azərbaycan Vilayəti arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan növbəti sərgi-satış naxçıvanlılar tərəfindən maraqla qarşılanıb.
Dünən biz də həmin sərgi-satışda olduq. İranlı sahibkarlarla görüşdük. Urmiya şəhərinin “Dalanper” istehsal müəssisəsindən sərgi-satışa tomat, yuyucu toz, qənd və digər məhsullar gətirmiş Seyid Haşim Bərzənci və Abbas Piri ilk müsahiblərimiz oldular. Burada onlar üçün yaradılmış şəraitdən xeyli razılıq etdilər. Seyid Haşim Bərzənci bildirdi ki, neçə illərdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Naxçıvana birinci dəfədir gəlir. Burada yüksək alıcılıq mədəniyyəti görür. Naxçıvanda həm də naxçıvanlıların səmimiyyətinin, qonaqpərvərliyinin şahidi olub. Gətirdiyi malları satıb qurtarmaq üzrədir. Onun ortağı Abbas Piri deyir ki, sərgi­-satış başa çatdıqdan sonra Qərbi Azərbaycan Vilayətinə Naxçıvanda istehsal olunmuş məhsullar aparacaqlar. Çünki həmin məhsullar öz keyfiyyəti ilə seçilir.
Sonda hər iki müsahibim belə sərgi-­satışların gələcəkdə də davam etdiriləcəyi arzusunda olduqlarını bildirdilər, təşkilatçılara minnətdarlıqlarını ifadə etdilər.
Sərgi-satışda “Kursar” şirkətinin məhsulları da həvəslə alınırdı. Şirkətin rəhbəri Hacı Həsən Məhəmmədi ilə söhbət zamanı bildirdi ki, birinci dəfədir, Naxçıvana gəlib. Bu qədim diyar haqqında çox eşidib. Bura gələndən sonra deyilənlərin həqiqət olduğunu öz gözləri ilə görüb. Naxçıvanlılar istiqanlıdırlar, səmimidirlər. Naxçıvanlıların keyfiyyətli məhsula qiymət vermək bacarıqlarından danışan sahibkar onu da bildirdi ki, burada yüksək təşkilatçılıq da sahibkarlara xoş təsir bağışlayıb. Bir neçə naxçıvanlı sahibkarla işbirliyi qurmaq barədə razılığa gəliblər. Arzu edirlər ki, gələcəkdə də belə sərgi-satışlar təşkil olunsun. Naxçıvanlıların istehsal etdikləri məhsullar Urmiyada, onların məhsulları isə Naxçıvanda satılsın, ticarət əlaqələri daha da genişləndirilsin.
Səlmas şəhərindən gəlmiş sahibkar Məhəmməd Əlizadə öz şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları ilə naxçıvanlıların qonağıdır. Deyir ki, bundan sonra Naxçıvana tez-tez gələcək. Çünki burada yaradılan şərait yüksək səviyyədədir. O, burada olarkən Naxçıvanda sahibkarlığın inkişafına dövlətin xüsusi qayğı göstərdiyini görüb: “Naxçıvanlı sahibkarlar bununla qürur duya bilərlər. Əgər dövlət öz sahibkarına belə şərait yaradırsa, bu şəraitdə yüksəkkeyfiyyətli məhsul istehsal etmək heç də çətin deyil. Naxçıvan şəhəri də bizdə çox gözəl təəssürat yaratdı, şəhərin gözəlliyi qəlbimizi oxşadı. Naxçıvanlılar öz şəhərlərini ürəkdən sevirlər ki, onu belə təmiz saxlayırlar. Həmişə belə olmağını arzulayırıq”.
Sərgi-satışa sənaye məhsulları da gətirilib. Urmiyanın “İttihadiyyə” əl işləri istehsalı müəssisəsinin rəhbəri Gülnaz Qərəni deyir ki, buraya çıraqlar, ağacdan düzəldilmiş məmulatlar, həmçinin kiçikölçülü xalçaçılıq məmulatları, hədiyyələr, çantalar, mətbəx avadanlıqları gətirib. Xüsusi zövqlə işlənmiş bu məmulatlara naxçıvanlıların böyük maraq göstərməsini təbii sayan sahibkar qadın onu da diqqətimizə çatdırır ki, bir neçə gün ərzində naxçıvanlıların sənətə yüksək qiymət verdiklərinin şahidi olub.
Sərgi-satışda onlara yüksək səviyyədə qayğı göstərildiyini dilə gətirən qonaqlar vurğuladılar ki, burada heç bir çətinliklə qarşılaşmayıblar. Onlar razılıqlarını ifadə etdilər, göstərilən diqqətə, səmimi münasibətə görə minnətdarlıqlarını bildirdilər.
Mərkəzi bazarda təşkil edilən sərgi-satışda alış-veriş edənlərlə də görüşürük. Şəhər sakini Namiq Fərzəliyev deyir ki, bu günlərdə insanları düşündürən başlıca məsələ Novruz bayramını layiqincə keçirmək üçün zəruri olan məhsulları əldə etməkdir. Düzdür, bu sahədə vaxtilə mövcud olan problemlər illərdir ki, aradan qaldırılıb, dükan-bazarlarımızda bolluqdur. Xüsusən də dadlı və tamlı, özümüzün istehsal etdiyimiz yerli məhsullarla. Bununla yanaşı, dövlətimiz bayram süfrələrinin daha zəngin, daha rəngarəng olması üçün digər məqsədyönlü tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri də qonşu və qardaş İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətində istehsal edilmiş ərzaq və sənaye məhsullarının Naxçıvan şəhərində fəaliyyət göstərən Mərkəzi bazarda birhəftəlik sərgi-satışının təşkil edilməsidir. Bu, çox gözəl haldır. Bu, bizim qonşu İran İslam Respublikası ilə ölkəmiz arasında yaradılmış dostluq əlaqələrinin yüksək səviyyədə olmasının ifadəsidir.
Məlumat üçün onu da bildirək ki, martın 7-dən başlayaraq İran İslam Respublikasının Urmiya şəhərində beynəlxalq sərgi keçirilir. Sərgidə Naxçıvan Muxtar Respublikasının iş adamları da iştirak edirlər. Sərgidə Naxçıvan Biznes Mərkəzi ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən 15 şirkətin nümayəndə heyəti iştirak edir. Hər iki ölkə sahibkarları üçün körpü rolunu oynayan və iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sərgidə qida sənayesi məhsulları, dərman preparatları, yüngül sənaye məhsulları, mebel və kənd təsərrüfatı məhsulları nümayiş etdirilir. Ümumilikdə, muxtar respublikanın 15 şirkətinin 36 növdə və 226 çeşiddə məhsulu və naxçıvanlı sənətkarlar tərəfindən hazırlanan 62 əl işləri sənayesi məhsulu sərgiyə gələnlərin böyük marağına səbəb olub.


Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR