Əhalinin davamlı olaraq keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına yönəlmiş dövlət siyasəti hazırda həyata keçirilən işlərin əsas istiqamətlərindən biridir.
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatının inkişafına yönəldilmiş mühüm dövlət proqramlarının uğurlu icrası məhz bu istiqamətdə görülmüş işlərin əsas qayəsini təşkil edir. Son statistik məlumatlara əsasən, muxtar respublika iqtisadiyyatının kənd təsərrüfatı sahəsində də müsbət dinamikanın qorunub saxlanıldığını demək olar.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada 348 milyon 879 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub. Qeyd olunan dövrdə muxtar respublikada istehsal olunmuş kənd təsərrüfatı məhsulunun ötən ilin müvafiq dövrü ilə müqayisəsinə gəldikdə 6,4 faiz artım olduğunu görməkdəyik. Qeyd edək ki, belə müqayisə muxtar respublikada istehsal olunmuş ümumi daxili məhsul üzrə 0,7 faiz təşkil edir. Təhlildən göründüyü kimi, muxtar respublika iqtisadiyyatı yeni iqtisadi şəraitə çevik uyğunlaşıb, prioritet sahələrdən biri olan kənd təsərrüfatında əldə olunan artım digər sahələrlə müqayisədə yüksək səviyyəyə çatıb.
Aqrar sektorda bitkiçilik və heyvandarlıq məhsulları istehsalı, onların emalı, saxlanması və satışı davamlı olaraq diqqət tələb edən məsələlərdəndir. Muxtar respublikada daxili bazarın qorunması aqrar sahənin, o cümlədən heyvandarlığın da inkişafına şərait yaradır. Belə ki, son statistik məlumata əsasən, heyvandarlıq məhsulları istehsalında davamlı artım təmin olunub. Cari ilin yanvar-oktyabr aylarında muxtar respublika üzrə diri çəkidə 18,6 min ton ət, 75,2 min ton süd istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı üzrə 1,6 faiz, süd istehsalı üzrə 1,3 faiz artım deməkdir.
Xəbərlər şöbəsi