Gülçülük təsərrüfatının məhsulları xarici bazara çıxarılır
Təbiətin özünəməxsus gözəlliklərindən gözünə-könlünə dolduranlar necə də xoşbəxt və bəxtəvərdirlər. İlahi qüdrətdən qələm çəkilmiş təbiətimizin ecazkarlığı bir də ondadır ki, hər guşəsinin öz gözəlliyi var. Məsələn, aranın çəmənzarı, dağın laləzarı adamı bihuş etmirmi? Dörd tərəfini gül-çiçək ətri bürüyürsə, könlün açılmırmı?
Duymaq istəyənlər min çiçək ətri,
Baharda bir qonaq ola dağlara.
Dağların laləli çağını necə də gözəl təsvir edir şair. Təbiətə vurğunluqdan yaranan misralardır. Xəyalımda bənövşə dəstəsi, nərgizdən hörülmüş bir tac hiss etdim bu qoşmaları radio dalğalarından dinlədikcə. Yamanca yerinə düşmüşdü, gül görüşünə getdiyimiz yolda radiodan bizə gül ətirli poeziya buketindən sovqat tutmuşdular. Dağların nazlı-qəmzəli gözəllərini xatırladan gül-çiçəklərini vəsf edirdi şair:
Alma çiçəyidi çəmən çiçəyi,
Tapıbdı qayada, daşda dibçəyi?
Ətir qoxur şehli, zərif ləçəyi,
Gözəllikdən gözümə don biçəyim,
Ay mənim gözəlim, maralçiçəyim.
Efirdən dinlədiyimiz təbiət təsvirli, gül ətirli, çiçək libaslı bu şeirlər yolboyu xəyalımızda durna qatarına döndü. Onlar yol açdı bizə, sorağını alıb üz tutduğumuz ünvana doğru. Getdiyimiz ünvanda gül əkilib-becərildiyini eşitmişdik. Düşündük ki, gülçülərin qəlbi də ləçəklər kimi zərif olur, yoxsa?..
Sorağını aldığımız ünvana maraqla gedirdik. Axı gül adı gələndə istər-istəməz insanın əhval-ruhiyyəsi yüksəlir. Bu da sirr deyil ki, qadınlara əlamətdar günlərdə ən gözəl hədiyyə elə gül buketi olur. Nişanlı gənclərin, sevən oğlanın da qıza ən böyük hədiyyəsi gül-çiçək deyilmi? Şübhəsiz, qadın qəlbini, ilk növbədə, fəth edən məhz təbiətin bu ətirli çiçəkləri muxtar respublikamızın dağlarında da çoxdur. Yadımdadır. Yaz açılandan kol dibində bitən boynubükük bənövşə, çəmənləri bəzəyən nərgiz, dağlara yaraşıq verən lalələr, qərənfillər və daha minbir ətir saçan neçə-neçə güllər masaları bəzəyər, otaqlara ətir saçardı. İndi isə güllərin zamanı yoxdur. Payız, qış, yaz və yaxud yay aylarında təzə-tər çiçəklər almaq imkanımız var. Çünki bu gün ölkəmizdə sahibkarlığa göstərilən qayğı güllərə də bahar ömrü bəxş edib. Yaxşı haldır ki, muxtar respublikamızda da gülçülük təsərrüfatı yaradılıb. Babək rayonunun Zeynəddin kəndindən olan Əsəd Abbasovun zəhməti öz bəhrəsini verib. Maşınımız kəndin içindən keçərək abad yollarla Zeynəddinin üst tərəfində olan pay torpaqlarına tərəf buruldu. Ağ göyərçinə bənzər istixananın qarşısında dayandıq. Gənc sahibkarla tanışlıqdan sonra təsərrüfatı gəzdik.
…Çöldə qar soyuğu, içəridə bahar ətirli güllər, çiçəklər. Bir-birinə təzad təbiət lövhələri. Güllərin biri açıb, biri qönçə, digəri təzə pöhrədi. Geniş zolaqlar içərisində üzə gülən, ətrafa xoş rayihə saçan güllərə baxmaqdan doymaq olmur.
Sahibkar deyir ki, gülçülük təsərrüfatı 2014-cü ilin aprel ayında yaradılıb və 4600 kvadratmetr olan sahədə 8 istixanaya 9 növdə, 50 min gül şitili əkilib: qerber, qızılgül, lilya, qladyol, qərənfil, dekorativ yaşıllıqlar və sair.
Yəqin seçilib əkilən bu güllər gözəlliyi ilə yanaşı, məhsuldarlığına görə də əlverişlidir, – deyə soruşduqda bildirir ki, bəli, məhsuldar güllərdir. Qerber güllərini göstərərək deyir ki, əvvəlcə 7-8 gül verir. Amma bir ildən sonra məhsulu azalır. Gərək təzədən yeni şitillər əkilə. Qızılgülü isə kəsdikcə yan tərəfdən başqası çıxır, yəni çoxalır. Odur ki, may ayının əvvəlindən sonunacan müxtəlif növ qərənfillər, qızılgül və qerberin əkini başa çatdırılır. Qladyol, şəppi, astomeniya gülləri 101-ci gün bar verir. Odur ki, bir az gec əkilir. Noyabr ayının axırına güllər dərilib satışa çıxarılır.
Təsərrüfatda daha çox becərilən qırmızı qərənfillərin qarşısında dayanırıq. 26 ildir ki, şəhid qanından rəngini alan, Azərbaycan xalqının müqəddəs gülünə çevrilən qərənfil…
Şübhəsiz, gül becərmək böyük diqqət və nəvaziş tələb edən sahədir. Axı zərif bir sahədir gülçülük. Odur ki, üç qardaşın birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 6-7 nəfər ailə üzvü həvəslə çalışır. Gül şitillərinin haradan gətirildiyini öyrənmək istəyirik. Türkiyədən, Antalya şəhərindən, – deyir Əsəd Abbasov. Və əlavə edir ki, Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində gül becərib ərsəyə gətirmək xüsusi təcrübə tələb edir. Havadakı nəmliyi təmin etmək, eləcə də normal istiliyə nail olmaq üçün Türkiyənin gülçülük təsərrüfatlarında lazımi təcrübəyə yiyələnmişik. Odur ki, təsərrüfatda yaradılan qazanxana, havatəmizləyicinin qoyulması, güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa edilən qulluq, xəstəliklərə qarşı tədbirlərin diqqətlə aparılması ailə təsərrüfatına məhsul bolluğu bəxş edir.
Torpaq mülkiyyətçisi üst-üstə qalanmış qutuları göstərərək – artıq təzə-təzə satışa başlamışıq, Bakıya göndəririk, – deyir. Sonra təsərrüfata gedən yolun başlanğıcından danışır. Bildirir ki, 12 ildir, gül satışı ilə məşğuluq. Bakı, İran, Türkiyədən gətirib Naxçıvan şəhərində özümüzə məxsus “Al çiçəyim” mağazasında satmışıq. Sonra düşündük ki, Naxçıvanda sahibkarlığa yaradılan geniş şəraitin qarşılığında niyə özümüz gülçülük təsərrüfatı yaratmayaq? İki il öncə yaradılan təsərrüfatı cari ildə Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürüb genişləndirməyimiz də məhz bu qayğıdan qaynaqlanıb. İstixanaları birləşdirərək, 1000 kvadratmetr də artıraraq 5600 kvadratmetrə çatdırdıq.
Bəli, 2014-cü ilin yazında “Əgər təsərrüfatdan istədiyimiz nəticəni götürsək, gələcəkdə daha çox gül becərəcəyik” inamı ilə işə başlayan ailə təsərrüfatının birgə əməyi “gül açdı”. İndi növbənöv güllər təkcə Naxçıvanda deyil, Bakı şəhərində də özünə yaxşı alıcı qazanıb. Amma onlar daha geniş bazarlara çıxmağı qarşılarına məqsəd qoyublar. Odur ki, bu gün Rusiya Federasiyasının Moskva, Krasnodar şəhərlərində və Ukrayna Respublikasında da Naxçıvan gülləri satışa çıxarılır və əlbəttə, yeni bazarlara hələ yollar gedəcək. Bu barədə inamla danışan Əsəd Abbasov deyir ki, bu gün sahibkarlığa yaradılan geniş imkanların müqabilində yeni gül növləri ilə təsərrüfatı genişləndirəcəklər.
Bəli, təbiətimizin insan əlinin sığalına bu gün daha çox ehtiyacı var. Axı ona ana deyirik. Anaya qulluq isə əbədidir. Demək, ətrindən doymadığımız gül-çiçək libaslı ana təbiətimizin qorunması, onun gül libasının çoxaldılması bizim övladlıq borcumuzdur. Gənc təsərrüfatçı Əsəd Abbasov kimi. Necə deyərlər, gül ək, ətri gəlsin...
Hafizə Əliyeva