23 Dekabr 2024, Bazar ertəsi

Yeni yaşayış binaları əhalinin rahatlığını təmin edir

Hər bir ailə geniş, rahat və işıqlı mənzilə sahib olmağı istəyər. Arzulayar ki, qışda soyuqdan, yayda istidən qoruna biləcəyi, dörd divardan ibarət bir evdə yaşasın, orada övladlarını rahat, məsud böyütsün. Bir sözlə, ev ailənin yuvası, bütün ətraf təsirlərdən qorunacağı məkandır.

Naxçıvanda yaşayış binalarının 20-25 il bundan əvvəlki vəziyyətini yada salanda ilk olaraq gözlər önünə xarab liftlər, uçub tökülmüş və yaxud hər an qəza törədə biləcək eyvanlar, suvağı qopub tökülmüş fasad, ətrafda natəmizlik, hər tərəfdən boy göstərən su çənləri, kanalizasiya suları ilə dolu olan zirzəmilər, qapı-pəncərəsi sınıq-salxaq blok girişləri, yağış yağanda sıradan çıxmış şiferdən birinci mərtəbəyə qədər tökülən suyun yaratdığı gölməçələr, qonşu binalara qədər uzanan zivələrdən asılan geyimlər, hər kəsin ürəyi istədiyi kimi quraşdırdığı çanaq antenlər gəlir. Binalara baxanda çanaq antenlərin çoxluğunu görüb nabələd adam elə düşünərdi ki, bu bina hansısa teleötürücü stansiyanın yardımçı tikilisidir. Yaxşı yadımdadır, hələ məktəb illərində yaşadığı bina haqqında bir müəllimim zarafatla dedi ki, bizim binalar Afrikanın geridə qalmış ölkə­lərindən biri olan Anqolanın binalarından daha bərbaddır. O zamanlar biz uşaq idik və bu bənzətməyə gülmüşdük. Ancaq yaşa dolduqca gördük ki, müəllimimiz bu bənzətməni nə qədər yerində işlədib. Elə evlərin şəraiti də o qədər ürəkaçan deyildi. Tez-tez su xətləri sıradan çıxır, qonşular arasında mübahisə düşür, heç bir qaydaya əsaslanılmadan çəkilən elektrik xətlərindən qəzalar törənirdi. Elə o zamanlar bir çoxları binadakı mənzillərini satıb şəxsi həyətə köçmək istəyirdi. Biri “binada mənzilim var” deyəndə ilk yada düşən səs-küy, səliqə-sahmansızlıq, qayda-qanunsuzluq olurdu. Başqa bir ifadə ilə desək, ingilislərin “mənim evim mənim qalamdır” deyimini heç cür o dövrün yaşayış binalarındakı mənzillərə aid etmək olmazdı. Çünki bu “qalanın” içində hər kəs kommunal xidmətlər sarıdan köməksiz, təbiətin şıltaqlıqlarından müdafiəsiz idi.
Ancaq yaxşı ki, illər öncə əhalinin mənzil-məişət şəraiti sahəsindəki bütün qarışıqlıqlara son qoyulmasına başlanıldı. Mərhələ-mərhələ Naxçıvan şəhərinin ictimai yaşayış binaları yeni görkəm aldı, bu binalar yenidən quruldu, elektrik, mavi yanacaq, su xətləri yeniləndi, istilik probleminə birdəfəlik son qoyuldu, yeniləşən şəhərimizə gözəllik verən, müasir memarlıq inciləri sayılan yeni yaşayış binaları tikildi, gənclərin mənzillə təminatı sahəsində mühüm işlər görüldü. Bu gün Naxçıvan şəhəri nəinki ölkəmizdə, hətta bütün regionda nümunə gücündədir. Bu fikri təkcə yerli sakinlər yox, muxtar respublikamızın qonaqları da təsdiqləyirlər. Müasirləşən şəhərimizdə bu gün insanların istək və arzularına uyğun layihələr reallaşdırılır. İnsanlar yeni mənzilə sahib olmaqla bərabər, gələcək üçün rahat yaşayış əldə edirlər. Maraqlı burasıdır ki, yenidən qurulan və yeni inşa olunan yaşayış binaları günün, gələcəyin tələbi ilə uyğunlaşdırılır, müasirliyi, yeniliyi, dəyişikliyi hər bir sakin gündəlik həyat tərzində hiss edir.
Şəhərlər sosial-mədəni və mənzil-məişət şəraiti, ətraf mühiti, təhlükəsizliyi, təhsil imkanları, tibb, nəqliyyat və rabitə infrastrukturu, əhalinin gəlirləri və digər göstəriciləri ilə tanınır və qiymətləndirilir. Bu gün doğma şəhərimizə baxanda görürük ki, burada insanların rahat şəkildə yaşaması və işləməsi, asudə vaxtını səmərəli və mənalı keçirməsi üçün hər cür şərait var. Naxçıvan şəhərinin ərazisində olan, mənzillərin keyfiyyətinin və rahatlığının yüksək səviyyədə təmin edildiyi yaşayış komplekslərinin əsas üstünlüklərindən biri də onların hamı üçün əlverişli olan aşağı qiymətləridir. Komplekslərin inşasında mütəxəssislər ən tələbkar alıcı auditoriyasının tələbləri – komfortlu yaşayış və sosial rifahı təmin edən ideyalarını ortaya qoyublar. Eyni zamanda yüksəkkeyfiyyətli inşaat materiallarından istifadə etməklə, innovativ texnologiyaları tətbiq etməklə yeni layihələrin gerçəkləşməsinə nail olunub, maksimum sosial-ictimai bir ab-hava yaradan komplekslər inşa edilib.
Bundan başqa, müasir şəhərimizin yaşayış komplekslərində asudə vaxtı səmərəli və mənalı keçirmək, rahat və çeşidli alış-veriş etmək, eyni zamanda sağlam həyat tərzi keçirmək üçün bütün şərtlərə cavab verən hər şərait mövcuddur. Məhz Naxçıvan şəhərində böyük şəhər həyatı ilə şəhərkənarı yaşayış arasında harmoniyanın ortaq nöqtələrini tapmaq mümkündür. Çünki hər bir kompleksin ərazisində genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri, uşaq əyləncə qurğuları qurulub.
İndi Naxçıvan şəhərindəki yaşayış komplekslərinə uşaq bağçası, orta məktəb və digər infrastrukturlar daxildir. Bu da hər bir valideynə vaxta qənaətdə, rahatlıqda geniş imkanlar yaradır. Sevindirici haldır ki, şəhərimizdə hər bir yaşayış binasının yaxınlığında ticarət, iaşə və digər xidmət obyektləri də fəaliyyət göstərir.
Beləcə, müasir yaşayış binaları sayəsində hər bir şəhər sakini özünü əmin-amanlıqda hiss edir, rahat və qayğısız yaşayır.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR