23 Dekabr 2024, Bazar ertəsi

Bu ödənişlərə üstünlük verənlər mükafatlandırılıblar

Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq həmin əməliyyatların həcminin artırılması məqsədilə hər 6 ayda bir dəfə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir keçirilir, nağdsız ödənişlərə üstünlük verənlər qiymətli hədiyyələrlə mükafatlandırılırlar. Həmin il ərzində elektron ödəniş vasitələrindən istifadə edərək ödəniş aparan vətəndaşların ödədikləri məbləğə müvafiq olaraq 223 nəfərə 20 min, 2015-ci ildə 398 nəfərə 20 min, 2016-cı ilin birinci yarımili ərzində 221 nəfərə 15 min manat dəyərində hədiyyələr verilib. İlin ikinci yarısı üçün muxtar respublika üzrə 214 nəfər hədiyyə qazanıb.

Bu barədə ötən gün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə nazirlikdə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin altıncı tirajında vergilər nazirinin müavini Nurlan Əliyev geniş məlumat verib və nağdsız ödənişlərin aparılması sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb.

Görülmüş tədbirlərin nəticəsində muxtar respublika üzrə cari ilin 11 ayı ərzində nağdsız ödənişlərin həcmi 25 milyon 96 min manata çatdırılıb. Təqdirəlayiq haldır ki, 2016-cı ilin noyabr ayında nağdsız ödənişlərin həcminin 80 faizi muxtar respublikamızın rayonlarının payına düşüb.
Bildirilib ki, seçim zamanı obyektivliyi təmin etmək məqsədilə bir neçə kriteriyaya diqqət yetirilib. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi say etibarilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilib. Əminliklə demək olar ki, belə tədbirlər əhalidə POS-terminallardan istifadəyə olan marağı daha da artıracaq, nağdsız hesablaşmaların artırılmasına təkan verəcək.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Elvin Axundov nağdsız ödənişlərin üstünlükləri və bu sahədə bank orqanlarının apardıqları stimullaşdırıcı tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, əhalinin nağdsız ödənişlərə çıxış imkanlarının artırılması məqsədilə Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında real sektorun bütün sahələrində POS-terminalların quraşdırılması davam etdirilib, 1 dekabr 2016-cı il tarixə onların sayı 552-si Naxçıvan şəhəri, 639-u isə rayon və kənd mərkəzlərində olmaqla, 1191 ədədə çatdırılıb.
Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomat və ödəniş kartlarının sayı da artıb. Belə ki, 1 dekabr 2016-cı il tarixə bankomatların sayı 56-sı Naxçıvan şəhərində, 43-ü isə rayon və kənd mərkəzlərində olmaqla, 99 ədəd təşkil edib. Ödəniş kartlarının sayı isə muxtar respublika üzrə 241 min 41 ədədə çatdırılıb ki, bu da muxtar respublika sakinlərinin hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir.
Vurğulanıb ki, infrastruktur imkanlarının genişlənməsi nağdsız ödəniş həcminin artımına da öz müsbət təsirini göstərib. Əgər 2015-ci ilin ilk 11 ayı ərzində muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 16 milyon 639 min manat təşkil edirdisə, 2016-cı ilin 11 ayı ərzində bu rəqəm 8 milyon 457 min manat artaraq 25 milyon 96 min manat olub ki, bu da ötən illə müqayisədə 51 faiz artım deməkdir.
Cari ilin yanvar-noyabr ayları ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 9 milyon 120 min manatı POS-terminallar üzərindən, 15 milyon 976 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Aparılmış nağdsız əməliyyatların 3 milyon 82 min manatı isə kommunal ödəniş məntəqələrində quraşdırılmış POS-terminalların payına düşüb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin altıncı tirajında hədiyyə qazanmış şəxslər və hədiyyələrin müəyyən edilməsi haqqında məlumat verib. Bildirib ki, vergi və bank orqanları əməkdaşlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən 1 iyul 2016-cı il tarixdən 1 dekabr 2016-cı il tarixədək, yəni 5 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınıb, muxtar respublikamızın bütün şəhər və rayonlarını əhatə etməklə 214 şəxs müəyyən olunub. Məlumat verilib ki, birinci yer üzrə 400 manatdan 601 manatadək nağdsız əməliyyat aparan şəxslər üçün hədiyyələrin dəyəri 40-65 manat arasında müəyyən edilib. Həmin hədiyyələr muxtar respublika üzrə 122 şəxsə veriləcək. İkinci yer üzrə 601 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslər üçün hədiyyələrin dəyəri 70-90 manat arasındadır. Bu dəyərdə hədiyyəni muxtar respublika üzrə 45 şəxs alacaq. Üçüncü yer üzrə 801 manatdan çox nağdsız əməliyyat aparan şəxslər üçün hədiyyələrin dəyəri 90-120 manat arasında müəyyən edilib ki, bu meyarla muxtar respublika üzrə 47 şəxs hədiyyələrə sahib olacaq.
Sonra Naxçıvan şəhər sakini olan 37 nəfərə müxtəlif hədiyyələr təqdim edilib.
Məlumat üçün bildirək ki, həmin gün Kəngərli rayonunda 21, Şərur rayonunda 34, Sədərək rayonunda 17 nəfərə hədiyyələr təqdim olunub. Bu gün Babək rayonunda 25, Culfa rayonunda 32, Ordubad rayonunda 29, Şahbuz rayonunda 19 nəfərə hədiyyələr veriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR