23 Dekabr 2024, Bazar ertəsi

Alış-veriş etmək sosial həyatımızın mühüm tərkib hissəsidir. Tələbatların ödənilməsi üçün ehtiyaclara və maddi imkanlara görə hər gün dükan, bazar və marketlərə üz tutur, alış-verişlər edirik. Şübhəsiz, bir çoxlarının gündəlik qayğılarımızın bir hissəsi kimi baxdığı, bəzilərinin isə, sadəcə, vaxt keçirib, əylənmək vasitəsi kimi yanaşdığı alış-verişdən hər kəs razı qalmaq istəyir. Bu da təbiidir. Çünki cəmiyyətin inkişafı ilə hər bir sahədə olduğu kimi, pərakəndə ticarət xidmətləri sahəsindəki müasirləşmə də özünü vacib tələbat kimi göstərir.

Vaxt var idi ki, yarıqaranlıq, uçuq-sökük kənd mağazalarına, yaxud iri dəmir qapılı şəhər qastronomlarına təzə mal gələn kimi mağaza müdiri dərhal dost-tanışlarına xəbər göndərib gizlincə həmin malları satardı. Sadə camaatın da qismətinə aylarla, hətta illərlə rəflərdə toz basıb qalmış rezin ayaqqabılar, kibrit, paltar sabunu və elektrik lampaları kimi ucuzvarı mallar və bir də heç vaxt düymələri düz gəlməyən dəbsiz köynək və kostyumlar qalardı. Ən sadə istehlak mallarının çatışmadığı həmin “piştaxta altından satış”ın tüğyan etdiyi Sovet dönəmi artıq arxada qalıb. Bir anlığa geri qayıdıb yenə həmin günlərə bir daha baxanda adamların rifahı üçün lazım olanların deyil, lazım olmayan qərarların nəyə görə verilməsi indi çox düşündürücü gəlir. Bəli, düşünəndə ki, böyük bir imperiyada adamlar kərə yağı, yaxud təzə ayaqqabı almaq üçün saatlarla növbəyə dururdularsa, bəs onda, görəsən, hansı yaşayış keyfiyyətindən danışmaq olardı? Halbuki insanın yaşadığı həyatdan zövq alması üçün elə o dövrdə də kifayət qədər iqtisadi və mədəni imkanlar olub. Ancaq iqtisadi sahədə verilən qərarlarda bu potensialın məhz keyfiyyətli yaşayış və yüksək həyat səviyyəsi naminə istifadə olunması üçün əsl müdriklik və uzaqgörənlik lazım olduğunu yalnız indi görürük.

O dövrdən bəri çox şey dəyişilib. Müasir ticarət xidmətləri olduqca rəngarəng və çoxçeşidlidir. Bütün dünyada olduğu kimi, bizdə də ticarət xidmətləri sürətlə modernləşir, insanları maraqlandıran bütün yeniliklər burada da tətbiq olunur. Sual oluna bilər ki, bunlar hansı yeniliklərdir? Elə götürək yaşadığımız Naxçıvanı. Diqqətlə baxsaq, görərik ki, indi insanların rahat alış-veriş etmələri üçün hansı şərait yaradılıb. İndi insanlar istəsələr öz alış-verişlərini internetdən, məhəllədəki yaraşıqlı marketlərdən, onlarla və yüzlərlə mağazanın yerləşdiyi iri ticarət mərkəzlərindən, kəndlərimizdəki modern xidmət mərkəzlərindən edə bilirlər. Ənənəvi Şərq tipli bazarlar və həftəsonu yarmarkaları da Naxçıvan əhalisinin müxtəlif çeşidli ərzaq və təzə meyvə-tərəvəz məhsulları ilə təmin olunmasında mühüm rol oynayır. İndi daha alış-veriş edərkən əsəb gərginliyi deyil, göstərilən xidmətlərdən məmnunluq hissləri keçirir, yaradılmış bu şəraitə görə min­nətdarlıq edirik.
Ticarət həm də bir idarəetmə sahəsidir. Belə ki, burada göstərilən xidmətlərin səviyyəsi dövləti də ciddi şəkildə maraqlandırır. Xidmətlərin yüksək standartlar səviyyəsində qurulması, sığorta, təhlükəsizlik, istehlakçı hüquqlarının qorunması, dövlət büdcəsinə vergilərin cəlb olunması və sair kimi məsələlərin həlli dövlətin mühüm tənzimləmə funksiyalarındandır. Əhalinin istehlak mallarına olan tələbatının ödənilməsi ilə yanaşı, alıcılıq qabiliyyətinin də qorunub saxlanılması üçün ticarət xidmətlərində tətbiq edilən hər cür yenilik bu baxımdan diqqətçəkicidir. Alış-veriş zamanı insanları ən çox maraqlandıran sürətli xidmət və informasiya təminatı ilə yanaşı, ailə büdcəsinə qənaət edilməsinə imkan yaradan yeniliklər müasir ticarət xidmətlərində hər kəsin ürəyincədir.
Müasir ticarət mərkəzlərimizdə əhaliyə nümunəvi ticarət xidmətləri göstərilməsi üçün hər cür şərait yaradılıb. Bir-birindən yaraşıqlı, geniş və işıqlı market və mağazalar, təyinatına görə uyğun rəflərdə yerləşdirilmiş bol çeşiddə istehlak malları, lazım olan müxtəlif məhsulların rahat seçim imkanı, ödənişlər üçün tətbiq olunan elektron alətlər və müştərilərlə gülərüz rəftarı ilə seçilən gənc satıcılar müasir ticarət şəbəkəsinin ümumi por­tretidir. Hər gün yüzlərlə və hətta minlərlə alıcının axın etdiyi iri marketlərdə bütün işlərin qaydasında getməsi üçün yaradılmış komfortlu şərait, son nəticədə, insanların rifahında və sahibkarın uğurunda özünü göstərir.
Ticarət xidmətlərində mühüm tələbatlardan biri informasiya komfortudur. Şübhəsiz, alış-veriş etmiş hər bir alıcı nəyi haradan və neçəyə aldığını, ümumən nə qədər pul xərclədiyini bilmək, aldığı mallara görə zəmanət almaq istəyir. Buna görə də indi müasir standartlara cavab verən marketlərimizdə tətbiq olunan optik oxuyuculu elektron satış servisləri, alıcılara təqdim olunan satış qəbzləri adamların alış-verişdən sonra öz büdcələrinə nəzarət etmələri üçün çox vacibdir. Düzdür, bunun əhəmiyyətini bilməyən bəzi alıcılar kassadan ayrılmamış bu qəbzləri atır, oradakı məlumatlardan xəbərsiz qalır, hüquqlarından istifadə edə bilmirlər. Halbuki burada alınmış hər bir malın qiyməti, ödənmiş verginin həcmi açıqca göstərilir və hər hansı bir səbəbdən müştəri aldığı malı geri qaytarmaq istədiyi halda həmin satış qəbzləri onlar üçün zəmanət rolunu oynayır. Naxçıvan şəhərində çox sayda belə market və ticarət mərkəzləri vardır ki, onların xidmətlərindən yararlandıqda həmin informasiya komfortundan istifadə edir, ailə büdcəsinə qənaət etmək üçün düzgün qərarlar verə bilirik. Qeyd edək ki, belə xidmət şəhərimizdəki turistlər üçün də rahatlıq yaradır, xidmətdəki imici yüksəldir. Digər bir tərəfdən, kompüterlə idarə olunan belə satış xidmətləri elə sahibkarların öz işlərini də asanlaşdırır. Belə ki, onlar bu qayda ilə işlədikdə öz mal dövriyyəsini və kassa əməliyyatlarını istənilən vaxtda nəzarət-təftiş etmək, satılan və satılmayan mallar haqqında gündəlik tələbatı müəyyən etmək, bir sözlə, müştərisini məmnun yola salmaq imkanı qazanır. Yaxşı haldır ki, şəhərimizdə bu cür müasir tələblər səviyyəsində öz işini quran ticarət obyektlərinin sayı artmaqdadır. Çox deyil, beş-on il əvvəl belə mağaza və marketlər bir neçə idisə, indi onlarla sayda nümunəvi mağazada rahat alış-veriş etmək mümkündür. Bir alıcı kimi inanırıq ki, belə nümunəvi praktikanı mənimsəməyən digər ticarət obyektləri də gələcəkdə öz işlərini günün tələbləri səviyyəsində quracaq, nümunəvi ticarət obyektləri sırasına qoşulacaqlar. 

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR