23 Dekabr 2024, Bazar ertəsi

Təkcə Naxçıvan Muxtar Respublikasının deyil, eləcə də ölkəmizin ucqar dağlıq ərazilərindən biri olan Şahbuz rayonu özünün füsunkar landşaft və təbiət gözəllikləri, mineral suları, minbir dərdin dərmanı olan şəfalı bitkiləri və ev təsərrüfatlarında istehsal olunan yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları ilə yaxşı tanınır. Bu baxımdan yeni iqtisadi şəraitdə, xüsusən kiçik sahibkarlığın inkişafına diqqətin artdığı son dövrlərdə Şahbuzda mövcud olan yerli resurslar hesabına aqrar sahənin genişləndirilməsi, burada heyvandarlığın daha intensiv inkişaf etdirilməsi maraq kəsb edir. 

Heyvandarlıq bir təsərrüfat sahəsi kimi hazırda Şahbuz rayonunda əsas məşğuliyyət növlərindən biridir. Tarixən də bu bölgənin insanları bu sahədə yaxşı təcrübə əldə ediblər. Məsələn, Kükü kəndində bir vaxtlar heç bir baytarlıq və ya aqronomluq təhsili olmayan insanların məhz nəsildən-nəslə ötürülən təcrübi biliklər sayəsində öz təsərrüfatlarını necə idarə etməsi, xəstəliklərə qarşı mal-qaranı necə qoruması, əlverişsiz mövsümlərdə əkin-biçini necə keçirmələri haqda söhbətlər indi də yaddaşlarda yaşayır. Amma dövr dəyişilib, hər yerdə olduğu kimi, kənd təsərrüfatının bu mühüm sahəsində də elmin, yüksək texnoloji nailiyyətlərin və dünya təcrübəsinin tətbiqi öz əhəmiyyətini göstərir. Çünki bu sahədə istehsal olunan məhsulun ekoloji təmizliyini qorumaqla bərabər, həm də əl əməyinin yüngülləşdirilməsi ilə məhsuldarlığın artırılması və etibarlı satış bazarlarının təmin olunması da günün tələbləri arasındadır.

Əvvəlcə rəqəmlərə müraciət etsək, cari ilin ilk 10 ayının nəticələrinə əsasən, Şahbuzda iribuynuzlu mal-qaranın 23 min 142 baş, xırdabuynuzlu heyvanların isə 125 min başa yaxın olduğunu deyə bilərik. 25 minə yaxın əhalisi və 6 mindən artıq təsərrüfatı olan bir rayonda heyvandarlıq təsərrüfatının bu qədər səviyyəyə çatması, şübhəsiz, uğur sayıla bilər. Nəzərə almaq lazımdır ki, Şahbuzda ərsəyə gətirilmiş ət və süd məhsulları dadlı və keyfiyyətli olduğu qədər, eyni zamanda bu rayonun təbii-iqlim şəraiti və digər amillərdən asılı olaraq bir o qədər də çətin zəhmətlə başa gələn nemətlərdir. Təkcə iribuynuzlu mal-qaranın hardasa ilin 5 ayının tövlə şəraitində bəslənməsi burada yaşayan kəndlinin əziyyətini, məhsulun maya dəyərini artırır. Şübhəsiz, Şahbuzun yüksək dağlıq iqlimi və sərt keçən qış şəraitində bunun başqa alternativi də yoxdur. Ancaq zəhmətkeş Şahbuz kəndlisi dövlətin də dəstəyindən bəhrələnərək öz tələbatından artıq səviyyədə kənd təsərrüfatı məhsulları istehsal edir, güzəranını yaxşılaşdırır. Rayonda olarkən Kükü və Gömür kəndlərində iribuynuzlu, Nursu, Keçili, Güney Qışlaqda isə xırdabuynuzlu heyvanların daha çox olduğunu öyrəndik.
Şahbuzda iri təsərrüfat sahibləri vardır. Keçili kəndindəki fermerlərdən 15 baş iribuynuzlu və 110 baş xırdabuynuzlu heyvanı olan Anar Məmmədovu, 30 baş mal-qarası olan Qadir Səfərovu, 150 baş xırdabuynuzlu heyvan saxlayan Sabir Elyazovu hər kəs tanıyır. Bu adamlar torpağa bağlandıqca özləri üçün yaxşı güzəran da yaradıblar. Hər birinin lüks minik avtomobilləri, yük maşınları, otbiçəni və digər texnikası vardır. Təkcə Keçilidə 50-dən artıq torpaq mülkiyyətçisi otbiçən maşınlardan istifadə edir. Düşünürsən ki, bir vaxtlar yay girəndən məktəblər açılanadək qol gücünə ot biçib tədarük olunma dövrü artıq arxada qalıb. İndi Şahbuz kənd­lisi ot tədarükünə bir həftədən artıq vaxt sərf etmir. Beləliklə, şəhərdə olduğu kimi, kəndlinin də həyat səviyyəsi yüksəlib.
Eyni fikirləri rayonun Kükü, Gömür, Biçənək və digər kəndlərindəki iri təsərrüfat sahibləri haqqında da demək olar. Belə ki, gömürlü fermerlərdən Məmmədalı Ağamalıyev və Həsən Taroyev hər biri 20 başdan artıq iribuynuzlu mal-qara saxlayır. Rayonun böyük kəndlərindən Küküdə də xeyli sayda mal-heyvan saxlayan təsərrüfatçılar vardır. Burada Fariz Dünyamalıyevin 15 başdan çox iribuynuzlu mal-qarası, Ramazan Səfərovun isə 100 başdan çox xırdabuynuzlu heyvanı vardır. Bu torpaq mülkiyyətçiləri də təsərrüfatları ilə özlərinə yaxşı güzəran qurub, fərdi avtomobil və kənd təsərrüfatı texnikası əldə ediblər. Kükülü İslam Mustafayev isə fərdi təsərrüfatında bəslədiyi 30 başdan artıq cins keçi ilə ailəsinin bütün ehtiyaclarını tam ödəyir.
Şahbuzun müxtəlif kəndlərində belə işgüzar torpaq mülkiyyətçiləri çoxdur. Ancaq təcrübə göstərir ki, kənd təsərrüfatının inkişafı təkcə bitkiçilik və heyvandarlıq üzrə xammalın istehsalı ilə bitmir. Xüsusən heyvandarlıqda ətlik və südlük istiqamətində heyvanların baş sayının artırılması ilə yanaşı, cins tərkibinin də yaxşılaşdırılması, kəndlinin istehsal etdiyi məhsulun süfrələrə hazır şəkildə gətirilməsinə imkan verən yerli emal sənayesinin inkişafı əsas şərtlərdəndir. Dövlətin xüsusən Şahbuz kimi ucqar dağ rayonlarında ev təsərrüfatlarının inkişafına maraqlı olduğu, hər cür kredit və metodoloji dəstək verdiyi bir dövrdə bu sahə üzrə kiçik sahibkarlığı inkişaf etdirmək çox asandır. Şahbuzda ət və süd emalı müəssisəsinin olmaması bu sahə üzrə işə başlayacaq sahibkarlar üçün geniş bazar imkanları vəd edir. Təkcə Naxçıvan şəhərinin deyil, elə Şahbuz kəndlərinin ərzaq mağazalarındakı idxal mənşəli müxtəlif heyvandarlıq məhsullarını Şahbuzda hazırlanıb qablaşdırılmış qovurma, kərə yağı, süd, pendir, kəsmik, qurut kimi milli mətbəximizdə həmişə olmuş nemətlərlə əvəz etməyin vaxtı gəlib çatıb.
Heyvandarlıqda kəmiyyət göstəricisindən keyfiyyət göstəricisinə keçilməsi üçün bəslənilən heyvanların cins tərkibinin yaxşılaşdırılması yüksək məhsuldarlığa imkan verən amillərdəndir. Düzdür, indi Şahbuzda da bu sahədə mühüm işlər görülür. İlkin nəticələr də əldə olunub. Belə ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə bu il 172 süni mayalandırma aparılıb, 62 baş sağlam buzov alınıb. Bu məsələnin nə qədər vacib olduğunu isə yenə rəqəmlərin təhlili ilə demək olar. Belə ki, cari ilin ilk 10 ayının nəticələrinə əsasən, Şahbuzda 13 min 600 tona yaxın süd istehsal olunub. Bu rəqəmin sağmal inəklərin sayına olan nisbəti isə, təqribən, 1100 litr təşkil edir. Halbuki fikirlərini öyrəndiyimiz kənd təsərrüfatı mütəxəssislərinin sözlərinə görə, təsərrüfatlarda cins inək bəsləməklə təkcə süd istehsalında bundan iki-üç dəfədən çox məhsul əldə etmək olardı.
Şahbuzlu fermerlər daim dövlətin qayğısını hiss ediblər. Bu gün də torpağa bağlı hər bir şahbuzlu yaradılmış imkanlardan maksimum istifadə etməyə çalışır. Belə imkanlar isə qarşıdakı dövrdə daha çox olacaq.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR