Ölkəmizdə kənd təsərrüfatının inkişafının əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində qoyulub. Bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Azərbaycan ittifaq respublikaları sırasında qabaqcıl yerlərdən birini tutub. Lakin ötən əsrin doxsanıncı illərinin məlum hadisələri, bütövlükdə, ölkə iqtisadiyyatını, o cümlədən kənd təsərrüfatını da iflic vəziyyətinə saldı, infrastruktur tamamilə dağıdıldı. Belə bir dövrdə ulu öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtması ilə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Uğurlu aqrar islahatlar həyata keçirilməyə başlanıldı. Ötən əsrin 90-cı illərində ilk dəfə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bu islahatlar sonrakı dövrdə Azərbaycanın bütün ərazisində davam etdirildi.
Son illər muxtar respublikamızda da kənd təsərrüfatının inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qəbul olunan bir sıra sərəncam və qərarlar kənd təsərrüfatının inkişafına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılıb. “Əldə olunan bu nəticələrlə kifayətlənmək olmaz. Çünki aqrar sektorda məhsuldarlığın artımı bir tərəfdən əhali tələbatının ilboyu yerli məhsullar hesabına dolğun şəkildə ödənilməsini təmin edirsə, digər tərəfdən yeni emal müəssisələrinin yaradılmasına və ixrac üçün kənd təsərrüfatı məhsullarının istehsalı hesabına muxtar respublikanın ixrac potensialının artırılmasına əlavə imkanlar yaradır”,– deyən Ali Məclisin Sədri daha bir Sərəncamla “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq edib.
Qeyd edək ki, Naxçıvanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması muxtar respublikada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açaraq əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub, həmçinin sahələrin suvarma suyu ilə təmin edilməsi kənd təsərrüfatının inkişafını təmin edən əsas amillərdən biri kimi diqqətdə saxlanılıb. Odur ki, bu gün əhali ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin edilir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması da ilin istənilən fəslində bazarın təzə məhsullarla təminatına şərait yaradır. Hazırda muxtar respublikada meyvə-tərəvəz saxlanılması üçün ümumi tutumu 13.280 ton olan 29 soyuducu anbar fəaliyyət göstərir və bu anbarlara 4224,07 ton məhsul tədarük olunub.
Dövlət proqramında nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirildi ki, muxtar respublikada kartof əkini ilə məşğul olan sahibkarların yüksəkkeyfiyyətli toxumla təchiz edilməsi məqsədilə cari ilin yanvar-oktyabr aylarında 279 istehsalçı toxumluq kartofla təchiz olunub, eləcə də muxtar respublikanın şəhər və qəsəbələrində yerləşən ticarət mərkəzlərində, kənd təsərrüfatı məhsullarının satışı obyektlərində gündəlik olaraq toxumluq kartofun satışı həyata keçirilib. Əkin sahələrinin genişləndirilməsi məqsədilə cari ilin ötən dövrü ərzində “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 ton toxumluq sarımsaq məhsulu tədarük olunub və 9 ton sarımsaq məhsulu sahibkarlıq subyektlərinə satılıb.
Əhаlinin ucuz və kеyfiyyətli məhsullаrа tələbаtının ödənilməsi, istеhsаlçılаrın öz məhsullаrını birbаşа istеhlаkçılаrа çаtdırmаsı məqsədilə mütəmadi olaraq kənd təsərrüfаtı məhsullarının sаtışı yаrmаrkаsında məhsullаrın bаzаr qiymətlərindən 10-30 faiz аşаğı qiymətə sаtışı həyata keçirilib.
Muхtar respublika əhalisinin qış mövsümündə keyfiyyətli tərəvəz məhsulları ilə təmin оlunmasında həm də istiхana kоmpleksləri mühüm əhəmiyyət kəsb edir. Bu mənada, muxtar respublikada torpaq mülkiyyətçilərinə göstərilən qayğı hər il yeni istixana komplekslərinin yaradılmasına səbəb olur. Cari ildə də yeni istixana komplekslərinin yaradılması davam etdirilib. Belə ki, cari ilin ötən dövründə dövlətdən də maliyyə dəstəyi alan Şərur rayonunun Qarxun kənd sakini Mənsur Abdinov 1296 kvadratmetr, Məmmədsabir kənd sakini Müslüm Məhərrəmov 1600 kvadratmetr, Babək rayonunun Yuxarı Uzunoba kəndində fiziki şəxs Murad Cabbarov 3500 kvadratmetr, Nəzərabad kəndində fiziki şəxs Hikmət Əliyev 2000 kvadratmetr sahədə istixana təsərrüfatı yaradıb. Ümumiyyətlə, bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində bu gün muxtar respublikada ümumi sahəsi 127 min 162 kvadratmetr olan 20 istiхana təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda cari ilin ötən dövründə 1200 tona yaxın məhsul istehsal edilərək satışı həyata keçirilib.
Məhz həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq bu gün tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunub, daxili bazarda məhsul bolluğu yaradılıb. Hazırda əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi üçün dövlət tərəfindən müvafiq tədbirlər davam etdirilir. Ümumilikdə, cari ilin yanvar-oktyabr ayları ərzində kənd təsərrüfatı subyektlərinə 8 milyon 970 min 600 manat kreditin verilməsi tərəvəz istehsalını əvvəlki ilə nisbətən artırıb. Belə ki, bu sahədə məhsuldarlıq ötən ilə nisbətən 1,5 faiz artaraq 76 min 220 ton təşkil edib.
Təbiət öz səxavətini yurdumuzdan əsirgəməyib. Sahib olduğumuz iqlim, bərəkətli torpaqlar, şirin su qaynaqları ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda hər cür tərəvəz məhsullarının əkilib-becərilməsinə imkan verir. Naxçıvanda tərəvəzçilik qədim məşğuliyyət növüdür. Müxtəlif mənbələrdə hələ tarixi İpək Yolu vasitəsilə buradan digər ölkələrə meyvə, səbzə aparılması haqqında məlumatlar da var. Bu inkişafın davamlılığını təmin etmək məqsədilə zamanla ayaqlaşan dövlət proqramları, mütərəqqi qanunlar qəbul olunur, aqrar sahənin inkişafına hesablanmış tədbirlər həyata keçirilir.
Hafizə Əliyeva