Avtomobilimiz Naxçıvan-Culfa magistral yolundan ayrılıb Babək rayonunun Nehrəm kəndinə üz tutur. Ətrafa diqqət kəsilirik. Qar yorğanına bürünmüş, yazın nəfəsini həsrətlə gözləyən ucsuz-bucaqsız torpaqlar… Amma bu şaxtalı, qarlı günlərdə qapısını açıb daxil olduğumuz ünvan adama yaz nəfəsi, bahar ətri bəxş edir. Düşünürəm ki, insan əli boz tikanı istəsə gülə döndərər, – deyən şairin qənaəti çox düzdür. Təki torpağa məhəbbət, zəhmətə sevgi olsun. Ata-babalardan qanımıza hopdurulan bu hisslərsə bu gün daha da güclənib, torpağa məhəbbət artıb. Çünki zəhmət adamı layiq olduğu qayğı və dəyəri görür. Elə Nehrəm kəndində yaradılan, Nehrəm-Çeşməbasar yolu üzərində yerləşən “Nehrəm-Aqro” istixana kompleksi də bu qayğının bəhrəsidir.
Burada çoxlarımızın da bildiyi bir məsələni qeyd etmək istəyirəm ki, son illər aqrar sahədə xeyli uğurlar əldə edilib, sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb. Aqrar sahədə müasir texnologiyanın tətbiqi ilə yanaşı, keyfiyyət amili ön planda saxlanılır. 2008- 2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası və 2016-2020-ci illər üçün meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı yeni proqramın qəbul edilməsi kənd təsərrüfatının dinamik inkişafına təkan verib, ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradıb.
Məhz keyfiyyət amilinin diqqətdə saxlanılmasının nəticəsidir ki, bu gün, bəlkə də, dünyanın ən dadlı kənd təsərrüfatı məhsulları Naxçıvanda yetişir. Bunu təkcə biz demirik, ölkəmizin müxtəlif regionlarından Naxçıvana gələnlər, hətta əcnəbilər belə təsdiq edirlər. Və əlbəttə ki, dadlı-tamlı məhsulların yetişdirilməsində, muxtar respublika iqtisadiyyatının uğurlu inkişafında hər bir bölgənin, hər bir rayonun öz payı var. Eləcə də nehrəmli təsərrüfatçıların. Çünki münbit torpağı, bol su mənbələri hesabına burada hər il bol və keyfiyyətli məhsul yetişdirilir.
Adıçəkilən təsərrüfatın rəhbəri Nağı Nağıyevdir. O, 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən verilən 160 min manat güzəştli kredit və öz imkanları hesabına belə bir təsərrüfat yaradıb. Kompleks müasir texnologiyalar əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim yoxlama sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma avadanlıqları ilə təchiz edilib və 2013-cü ildən burada müxtəlif tərəvəz məhsullarının yetişdirilməsinə başlanılıb. Təsərrüfatdan gələn gəlir hesabına güzəştli kredit vaxtından əvvəl ödənilib.
Sahibkar deyir ki, fəaliyyətə başlayarkən burada 6 ədəd istixana yaradıblar. Cari ildə isə daha bir istixana tikilib. İstixanalarda, əsasən, yerli pomidor və xiyar məhsulları yetişdirilir. Yay aylarında torpağa aqrotexniki qulluq göstərilir və avqust ayında əkinə başlanılır. Noyabr ayının sonuna isə məhsullar yetişib hasilə gəlir. Amma əkin davam edir. Yanvarın sonunda da əkin aparılacaq ki, ardıcıl olaraq satış həyata keçirilsin.
Məhsullar dadı-tamı ilə vaxtilə bazarlarımızda hegemonluq edən idxal məhsullardan tamamilə fərqlənir. Nehrəm kimi böyük bir kənddə tərəvəzçilikdə qazanılan təcrübə də kollektivin yüksək nəticələr qazanmasında mühüm rol oynayır. Burada yetişdirilən tərəvəz bitkilərinə aqrotexniki qulluq zamanı yalnız təbii gübrələrdən istifadə olunur. Məhsulun toplanması, qablaşdırılması lazımi qaydalara uyğun olaraq aparılır. Torpaq mülkiyyətçisi bildirir ki, ötən il 67 ton pomidor, 22 ton xiyar yığılaraq satışa göndərilib. Tədarük olunan məhsulun satışı necə həyata keçirilir? – sualımıza isə sahibkar cavab verir ki, hazırda burada yetişdirilən məhsullar, əsasən, Naxçıvan şəhərindəki bazarlarda satılır. Çox vaxt da gəlib elə təsərrüfatın özündən alırlar.
Bəli, bu gün muxtar respublikamızda kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən hərtərəfli dövlət dəstəyi hesabına belə istixanaların sayı ildən-ilə artır. “Nehrəm-Aqro” istixana kompleksi də məhz bu dəstəyin nəticəsi kimi bu gün muxtar respublikamızda əhalinin yerli tərəvəz məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
Hafizə Əliyeva