23 Dekabr 2024, Bazar ertəsi

Üstüpülülər bu məhsulun yetişdirilməsində zəngin təcrübəyə malikdirlər

Bu günlərdə bazarda iki qadının söhbətinə istər-istəməz qulaq kəsildim. Qadınlar kələm satıcılarından məhsulu haradan gətirdiklərini soruşdular. Sonra biri dönüb yanındakı qadına: – Görəsən, Naxçıvanda təkcə Üstüpüdə kələm əkilir? – deyə sualqarışıq təəccübünü bildirdi və əlavə etdi: – Çox şükür, bu gün Naxçıvanın hər yerində yaxşı əkin-biçin aparılır. Görürsən, bazarlarımız necə bolluqdur?! Yadında deyil, 15-20 il əvvəl bostan-tərəvəz məhsulları da sanki göyə çəkilmişdi. Amma indi hətta yol kənarlarında belə, bostan-tərəvəz məhsulları yan-yana düzülüb.
– Bilirəm. Kənd adamına göstərilən qayğının nəticəsidir ki, süfrələrimizdə bolluqdur. Daha başqa yerlərdən gələn məhsullara ehtiyacımız qalmayıb.
Həmsöhbəti onu tələsdirdi:
– Yəqin ki, Üstüpüdə kələm daha yaxşı məhsul verir, ona görə çox əkirlər. İnsafən də çox dadlı məhsuldur. Görürsən, alıcısı çoxdur. Gəl, tez ol, biz də alaq, qurtarar qışda turşusuz qalarıq, – deyə zarafatından da qalmadı.
Və bu məni payız fəslinin bol məhsulu olan kələm haqqında yazı hazırlamağa sövq etdi.
Sözsüz ki, payız fəslində bazarlarda ən çox satılan tərəvəz məhsullarından biri də kələmdir və bunlar arasında Ordubad rayonunun Üstüpü kəndində yetişdirilən kələm daha çoxdur. Şahidi olduğum söhbət əsasında görəsən niyə, – deyə öz-özümə verdiyim sualın cavabını isə elə üstüpülülərin özlərindən almamış düşündüm ki, ata-babalarımızın əkib-becərdikləri elə məhsullar var ki, bunlar diyarımızın müxtəlif ərazilərində daha çox məhsul verir, dadı-tamı ilə fərqlənir. Bəzi meyvə və tərəvəzlər muxtar respublikanın şəhər və kəndlərinin embleminə çevrilib artıq. Naxçıvan göycəsi, Ordubad limonu, əriyi, Kükü alması, Şahtaxtı qovunu, Nehrəm qarpızı, Zeynəddin çiyələyi, Bənəniyar üzümü, Şıxmahmud sarımsağı ilə alıcılara çoxdan tanışdır. Üstüpü kəndi kələmi ilə muxtar respublika bazarında özünə daha geniş yer tutub. Bu yazımızda Üstüpü kələmi haqqında daha geniş məlumat verməyi qarşımıza məqsəd qoymuşuq.

Muxtar respublika ərazisinin iqlim şəraiti, təmiz dağ suları, münbit torpağı, günəşli havası regionumuzda kənd təsərrüfatının inkişafı üçün başlıca amillərdir. Dövlət tərəfindən də kəndliyə hər cür şərait yaradılıb, qayğı göstərilir. Qalır torpağa bağlılıq ki, bu da qədim diyarımızın sakinlərinin qanına hopub. Elə üstüpülülər də torpağına bağlı, yurdunu sevən insanlardır. Rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən kəndin torpaq sahələrindən səmərəli istifadə olunması da zəhmətsevərliyin nümunəsi kimi təqdir olunur. Və bu torpaqlarda daha çox kələm əkininə üstünlük verilir.
Kənd sakini, ixtisasca aqronom olan Bilal Cəfərov bizimlə söhbətində bildirdi ki, Üstüpü kəndi qədim olduğu kimi, burada kələm əkini də qədimdən ata-baba məşğuliyyəti kimi sevilib. Biz gözümüzü açıb kəndimizdə əkin sahələrində kələm görmüşük. Babalarımız da danışırlar ki, onların bu kənddə kələmin nə vaxtdan əkilməyi haqda məlumatları yoxdur. Sovet dövründə kolxoz sahələrində də kələm əkilib-becərilirdi. Düzdür, onda kəndli əkdiyinə, becərdiyinə sahib deyildi. Amma bu gün nə əkiriksə, xeyrini də özümüz görürük. Odur ki, üstüpülülər torpaqları həvəslə əkib-becərir, yaxşı da qazanırlar.
Kələm sərin havanı sevir. Bu kənddə əkilən kələmin becərilməsində heç bir dərman preparatından istifadə olunmur. Yalnız sahələrə üzvi gübrələr verilir. Su da ki, boldur. Kələm çox xeyirli sahədir. Bir hektar sahədən 130 sentner məhsul götürmək olur.
3,5 hektar ərazidə sözügedən sahənin əkini ilə məşğul olan Azər Abdullayev dedi ki, ağlım kəsəndən torpaqlarımızda kələm becərildiyini görmüşəm. Sahələrdə kələmin amaqer, belaruska, daşkənd-10, çernobıl və həmçinin dədə-baba sortları əkilir. Həmsöhbətim kələm toxumunun yetişdirilməsindən də danışaraq bildirdi ki, sahədən 10-15 kiloqramlıq kələmlər götürülür, sərin yerə qoyulur. Yaza qədər qalır. Bəzən kələm hissəsini kəsib gövdəsini saxlayırıq.Yazda gövdənin pöhrələr verdiyini görürük. Bu gövdələri aprel ayının əvvəlində sahələrdə əkib- becəririk. Onlar çiçək açır və toxum əmələ gəlir. Toxumu yığır və növbəti ildə həmin toxumdan istifadə edirik. Kələm az xərc aparan və çox gəlir gətirən sahədir. Belə ki, bir xörək qaşığı toxumdan 1500-dək şitil alınır. Kələmin növündən asılı olaraq bəzən 2 qaşıq toxum 2 hektar sahəyə əkilir. Payızda yığılıb evlərin zirzəmilərində sərin yerdə saxlanan kələmlər mart ayının axırınacan təzə-tər qalır. Əsasən də bərk kələmlər. Çünki yarpaq sıx olduğundan ona hava keçmir. Odur ki, xarab olmur.
Bu qədim əkinçilik ənənələrini yaşadan kənd sakinləri Hümbət Bayramov, Hikmət Orucov, İntiqam Hüseynov, Hüseyn Babayev də muxtar respublikada aqrar islahatın bəhrələrindən danışdılar. Bildirdilər ki, bir vaxtlar əkinçi bazarlara yaxın düşə bilmirdi. Əziyyətlə hasilə gətirdiyi məhsulu elə bazarların girişindəcə orda daimi oturan satıcılara verir, cüzi qazancla geri dönürdü. İndi isə torpaq mülkiyyətçilərinin zəhməti dəyərləndirilərək Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları təşkil olunur. Hər bir kənd adamı əziyyətlə hasilə gətirdiyi məhsulu şənbə-bazar günləri bu yarmarkaya çıxarıb rahat şəkildə sata bilir. Nə yerpulu istəyən var, nə də çəkil o yana deyən.
Gənc əkinçi Elvin Nəcəfov da onun sözünü təsdiqlədi: – Bir hektar sahədə kələm əkmişəm, yaxşı da məhsul götürmüşəm. Hər həftə yarmarkaya çıxardığım məhsuldan xeyli qazanc əldə edirəm.
Kələmin faydaları çoxdur. Alimlər müəyyən ediblər ki, kələmin tərkibində zəngin olan C vitamini immun sisteminə müsbət təsir edir, iştahanı artırır. C vitamini həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır. Bundan əlavə, kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə xəstəlikləri, onikibarmaq bağırsağın xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir.
Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir. Kələm bağırsaqların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır, orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, dövrün ən böyük problemi sayılan arıqlamağa kömək edir. Kələm yodla xüsusilə zəngindir. Bu mikro­element beyinin və qalxanvarı vəzin normal fəaliyyəti üçün olduqca vacibdir. Kələmdən müxtəlif dəri xəstəlikləri zamanı da istifadə oluna bilər.
Bəli, səfalı bir guşədə, dağlar qoynunda yerləşən dilbər guşəmiz Üstüpü kəndinin sakinləri bərəkətli torpaqlarını əkib-becərir, dədə-baba məşğuliyyətlərini yaşadır, aqrar sahəyə göstərilən böyük qayğıdan bəhrələnərək kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasına töhfələrini verirlər. Bununla onların məşğulluğu təmin olunur. Belə ki, bu gün üstüpülülər torpaqlarını daimi iş yerlərinə çeviriblər.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR