Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və muxtar respublika Vergilər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində nağdsız ödənişlərin əhəmiyyəti barədə maarifləndirici seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası çərçivəsində keçirilən seminarda kollecin müəllim və tələbələri iştirak edib.
Tədbiri kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq nağdsız ödənişlərin genişləndirilməsinin əhəmiyyətindən danışıb, vətəndaşların rahat şəkildə nağdsız ödəniş etmələri üçün yaradılmış müasir infrastrukturdan bəhs edib.
Seminarda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin İqtisadi təhlil və statistika şöbəsinin rəisi Tural Şirəlizadə çıxış edərək nağdsız ödənişlərin mahiyyəti və nağdsız əməliyyatların həcmindəki artımı şərtləndirən amillər barədə danışıb, bu sahənin inkişaf etdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən işlər, əldə olunan nəticələr, bu nəticələrin muxtar respublika iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edib. Tural Şirəlizadə bankların təklif etdiyi elektron bank xidmətləri, bu xidmətlərin əldə olunması və istifadəsinin ictimai faydaları haqqında da seminar iştirakçılarına məlumat verib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Nağdsız ödəniş üsullarının vergi daxilolmalarındakı artıma təsiri və iqtisadi səmərəliliyi” mövzusunda çıxış edib. Bildirilib ki, nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində 2016-cı ilin 1 noyabr tarixinə muxtar respublika ərazisində 549 ədədi Naxçıvan şəhərində, 632 ədədi rayon və kənd mərkəzlərində olmaqla, 1181 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılıb. 2014-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin həcminin artırılması məqsədilə hər 6 ayda bir “Nağdsız ödəyin, hədiyyə qazanın” adlı həvəsləndirici tədbir keçirilir. Bu həvəsləndirici tədbirlər çərçivəsində ötən dövr ərzində nağdsız hesablaşma üsullarından (POS-terminal, bankomat və internet resurslardan) istifadə edərək ödəniş aparmaqda aktivlik göstərən 842 vətəndaşa 55 min manat dəyərində hədiyyələr təqdim edilib.
Tədbirdə internet üzərindən ödənişlərin aparılması, POS-terminallardan istifadə qaydalarından, nağdsız ödənişlərin istehlakçılara verdiyi təhlükəsizlik, rahatlıq və vaxt itkisinin minimuma endirilməsi məsələlərindən ətraflı bəhs olunub.
Çıxışlardan sonra sorğu-anket vərəqələri paylanılıb və seminar iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb.
Çıxışlarda o da vurğulanıb ki, belə tədbirlərin keçirilməsi muxtar respublika əhalisində POS-terminallardan istifadəyə olan marağı daha da artırır, nağdsız hesablaşmaların artırılmasına və alıcılıq mədəniyyətinin daha da yüksəlməsinə təkan verir, əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsində əhəmiyyətli rol oynayır.
Məlumat üçün bildirək ki, bu qəbildən olan tədbirlərin 2016-2017-ci tədris ili ərzində muxtar respublikada fəaliyyət göstərən 20-dən çox orta ixtisas və ümumtəhsil məktəblərində keçirilməsi nəzərdə tutulub.
Xəbərlər şöbəsi