23 Dekabr 2024, Bazar ertəsi

Hər birimizin istehlak zənbilində heyvandarlıq məhsulları mühüm yer tutur. İnsan orqanizminə lazım olan zülal, yağ, vitamin və digər faydalı elementlərin əksəriyyəti belə məhsulların istehlakı ilə ödənilir. Ancaq ət, yağ, süd və sair kimi qida məhsullarının tərkibi sağlam olmalıdır ki, orqanizm də ondan faydalanaraq sağlam inkişaf edə bilsin. Əks təqdirdə, bu və ya digər xəstəliklərlə yoldaş olmağımız qaçılmazdır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, heyvanlarda olan yoluxucu xəstəliklərin 60 faizinin insanlara keçmə ehtimalı var. Dünyada mövcud olan bioloji terrorizmin 70 faizini isə heyvan mənşəli mikroblar təşkil edir. Məhz belə olan tərzdə baytarlıq heyvandarlıq məhsullarının sağlam tərkibinə zəmanət verilməsində çox mühüm rol oynayır. Əbəs yerə deyilmir ki, səhiyyə insanları, baytarlıq isə bəşəriyyəti müalicə edir. Bəlkə də buna görədir ki, bu sahədə aparılan işlər tibdən daha çətindir. Çünki həkimin vəzifəsi onunla ünsiyyət qurmağı bacaran insanı sağaltmaqdırsa, baytar həkimin vəzifəsi hər hansı “səssiz” orqanizmi bilik və təcrübəyə əsaslanmaqla, həm də yüksək hiss və duyarlılıq keyfiyyətlərinə malik olmaqla müalicə etməkdir. 

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə dünyada qəbul olunmuş prinsiplərə nəzər salsaq, görərik ki, baytarlıq xidmətinin əsas vəzifələri arasında ölkə ərazisinə xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısını almaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq, baytarlıq-sanitariya təhlükəsizliyini təmin etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada heyvan kəsim məntəqələri, emal müəssisələrində, tədarük, saxlanma, satış və digər yerlərdə baytarlıq-sanitariya ekspertizasını həyata keçirmək tədbirləri vardır. Baytar­lıq xidmətinin qarşısında həmçinin heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq, çirklənməni aradan qaldırmaq, baytarlıq elminin inkişafı üçün tədbirlər görmək kimi vəzifələr də qoyulub. Təkcə sadalanan bu faktlardan da görürük ki, baytarlıq çox mürəkkəb bir elm sahəsidir. Digər tərəfdən bunu nəzərə alaq ki, bütün ölkələr üçün strateji sahə hesab edilən ərzaq təhlükəsizliyi məsələlərinin həlli yüksəkkeyfiyyətli baytarlıq xidmətinin təşkil olunmasından birbaşa asılıdır. Bəs hazır­da muxtar respublikada bu vacib sahənin vəziyyəti necədir?

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində olduq və bizi maraqlandıran suallara cavab axtardıq. Xidmətin ərazisinə daxil olarkən muxtar respublikamızın müasir quruculuq ab-havasının buradan da yan keçmədiyinin şahidi olduq. Geniş və abad həyətdə baytarlıq xidmətinin müasir səviyyədə qurulmasına şərait yarada biləcək bina və maşınların, səliqə-sahmanın olduğu nəzərimizdən qaçmadı. Bu qənaətimizi Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə söhbətimizdə də bir daha gördük. Öyrəndik ki, bir zamanlar unudulmuş sahələrdən biri olan baytarlıq muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində mühüm inkişaf yoluna qədəm qoyub. Bu sahədə infrastrukturun yaradılması, maddi-texniki bazanın gücləndirilməsi qısa müddətdə muxtar respublikanın hər bir bölgəsində mühüm baytarlıq tədbirlərinin həyata keçirilməsinə şərait yaradıb. Muxtar respublikada hazırda 1 Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, 8 Baytarlıq İdarəsi, 8 baytarlıq laboratoriyası və 168 baytarlıq məntəqəsi fəaliyyət göstərir. Baytarlıq xidmətinin daha da yaxşılaşdırılması məqsədilə görülən işlərin sayəsində Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin binaları və Xüsusi təhlükəli xəstəliklərin diaqnostik müayinəsi laboratoriyası yenidən qurulub, laboratoriyada müayinələrin aparılması üçün yeni şöbə yaradılıb və müasir avadanlıqlarla təmin edilib. Məqsədyönlü şəkildə görülən işlərin nəticəsidir ki, muxtar respublikamızda yaradılan kənd mərkəzlərində baytarlıq məntəqələri də istifadəyə verilib. Ona görə ki, kənd təsərrüfatının inkişaf etdirilməsində baytar­lıq da mühüm istiqamət təşkil edir. Bu isə onun göstəricisidir ki, indi kəndli baytarlıq xidməti üçün rayon mərkəzinə və yaxud muxtar respublika paytaxtına gəlmir, elə öz təsərrüfatında bu xidmətdən istifadə edə bilir. Nəzərə alsaq ki, muxtar respublikada əhalinin 70 faizi kəndlərdə yaşayır və onların əksəriyyəti kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən heyvandarlıqla məşğul olur, o zaman baytarlıq xidmətindən istifadə edən təsərrüfat sahiblərinin qarşılarında necə böyük imkanların açıldığını əminliklə söyləmək olar.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov bizimlə söhbətində bildirdi ki, baytarlıq sahəsinə göstərilən dövlət qayğısı sayəsində hazırda bu sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Regionda baytarlıq xidmətinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, baytarlıq tədbirlərinin vaxtında və mütəşəkkil aparılması üçün dövlət vəsaiti hesabına dərman preparatları alınaraq muxtar respublikaya gətirilir. Dərman preparatları soyuducu kameralarda müəyyən olunmuş temperaturda saxlanılır, “soyuq zəncir” prinsipinə əməl edilməklə xüsusi maşınlar vasitəsilə rayon baytarlıq idarələrinə çatdırılır. Öyrəndik ki, son illər 7 ədəd dezinfeksiya avtomaşını və 3 ədəd “NİVA” markalı minik avtomobili baytarlıq xidməti əməkdaşlarının istifadəsinə verilib. Məqsəd muxtar respublika üzrə epizootik sabitliyi saxlamaqdan, peyvəndləmələrin, baytarlıq diaqnostika müayinələrinin, digər tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsindən ibarətdir. Söhbət əsnasında öyrəndik ki, cari ilin ilk 9 ayında diaqnostik olaraq brusellyoz xəstəliyini müayinə məqsədilə 48929 baş iribuynuzlu, 89717 baş xırdabuynuzlu, 25092 baş törədici heyvanlardan qan nümunələri götürülərək baytarlıq laboratoriyalarında seroloji müayinədən keçirilib. Eyni zamanda manqo xəstəliyinə görə 440 baş təkdırnaqlı, epididimit xəstəliyinə görə 25092 baş törədici heyvanda, vərəm xəstəliyinə görə 26757 baş iribuynuzlu heyvanda diaqnostik müayinələr aparılıb.
Profilaktik məqsədlə kənd təsərrüfatı heyvanları arasında qarayara xəstəliyinə qarşı 114969 baş iribuynuzlu, 806231 baş xırdabuynuzlu, 4099 baş təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 101020 baş iribuynuzlu, 447941 baş xırdabuynuzlu, leptospiroz xəstəliyinə qarşı 10363 baş iribuynuzlu, emkar xəstəliyinə qarşı 40249 baş iribuynuzlu, bradzot xəstəliyinə qarşı 73035 baş xırdabuynuzlu heyvanlarda, nodulyar “H” (taun) xəstəliyinə qarşı 961101 baş quşda, lasota ilə 498781 baş cücədə, çiçək xəstəliyinə qarşı 258203 baş xırdabuynuzlu, brusellyoz xəstəliyinə qarşı 224300 baş xırdabuynuzlu, pasterellyoz xəstəliyinə qarşı 45852 baş iribuynuzlu heyvanlarda, 48989 baş quşda, aueski xəstəliyinə qarşı 41667 baş iribuynuzlu, trixofitiya xəstəliyinə qarşı 1441 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı 44661 baş iribuynuzlu heyvanlarda peyvəndləmə tədbirləri aparılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Xidmət rəisi ilə söhbətimizdə kadr məsələlərinə də toxunduq. Müsahibimiz bildirdi ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində Baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübə keçmələri üçün xidmətin tədris mərkəzi kompüter dəstləri və hər cür avadanlıqlarla təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kolleci ilə birgə hazırlanmış tədbirlər planına əsasən həmin müəssisələrdə Baytarlıq ixtisası üzrə təhsil alan tələbələrin elmi-nəzəri biliklərinin praktik olaraq möhkəmləndirilməsinə əlverişli şərait yaradılıb. Həmsöhbətimiz onu da vurğuladı ki, hazırda muxtar respublikada 292 baytar həkimi var. Ancaq əsas məqsədimiz bu sahədə gənc kadrların yetişdirilməsidir ki, bunun üçün də hərtərəfli şəraitimiz var.
Yeri gəlmişkən bir məsələni qeyd edək ki, baytarlıq sahəsi üçün ixtisaslı kadrların hazırlanması mühüm məsələdir. Kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet sahə kimi elan olunduğu muxtar respublikamızda son dövrlərədək gənclərin bu sahəyə maraq göstərməməsi baytarlığın hərtərəfli inkişaf etdirilməsinə bu və ya digər çətinliklər yaradıb. Baytar kadrların böyük əksəriyyətinin orta yaşlardan yuxarı olması da bu mənzərəni sübut edir. Ancaq qeyd etmək lazımdır ki, son illərdə muxtar respublika rəhbəri tərəfindən bu sahədə aparılan islahatlar və atılan addımlar ümumi vəziyyəti müsbətə doğru çox dəyişib. Regionun ən böyük ali təhsil müəssisələrindən olan Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində Baytarlıq təbabəti kafedrasının yaradılması, kafedra üçün yeni binanın istifadəyə verilməsi və lazımi vəsaitlərlə təmin olunması bu sahədə tədrisin keyfiyyətinə böyük təsir göstərib. Adıçəkilən kafedranın müdiri Yunis Rüstəmli bizimlə söhbətində bildirdi ki, kafedrada yaradılmış şərait həm tələbələrin bu sahəyə marağını artırır, həm də yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfəsini verir. Öyrəndik ki, hazırda baytarlıq ixtisası üzrə 42 nəfər təhsil alır. Türkiyə Respublikasının Qars, Ərzurum, Elazığ universitetləri ilə qurulmuş əməkdaşlıq münasibətləri nəticəsində hər il tələbələr həmin universitetlərdə klinik təcrübə və dərslərdə iştirak edirlər. Məhz bu ilin oktyabrında naxçıvanlı tələbələr Qars Qafqaz Universitetinin Baytarlıq fakültəsində heyvan anatomiyası, cərrahiyyə və süni mayalanma fənləri üzrə mühazirə və laboratoriya dərslərində iştirak ediblər.
Muxtar respublikada baytarlıq ixtisası üzrə kadrların hazırlanmasına öz töhfəsini verən müəssisələrdən biri də Naxçıvan Dövlət Texniki Kollecidir. Cari ildə kollec üçün yeni binanın istifadəyə verilməsi, hərtərəfli şəraitin yaradılması burada tədris olunan dərslərin keyfiyyətinə böyük təsir göstərib. Kollecdə olduğumuz zaman baytarlıq ixtisasında təhsil alan tələbələrlə də görüşdük. Öyrəndik ki, hazırda bu ixtisas üzrə 70 tələbə təhsil alır ki, bu tələbələrdən 42-ni qızlar təşkil edir. Tələbələrlə söhbət zamanı öyrəndik ki, onların, demək olar ki, böyük əksəriyyəti öz arzuları ilə bu ixtisası seçiblər. Müasir dövrdə dünyanın əksər ölkələrində, eləcə də muxtar respublikamızda ehtiyac duyulan bu sahəyə qızların böyük maraq göstərməsi bizi də sevindirdi. Çünki təcrübədən də məlumdur ki, qadınlar bu sahədə kişilərə nisbətən daha çox həssaslıq nümayiş etdirirlər. Digər tərəfdən, heyvanlara münasibətdə qadın psixologiyasının daha çox nəvazişlik duyğusu üzərində qurulduğunun çox şahidi olmuşuq. Bu mənada, baytarlıq xidmətinin inkişaf etdiyi bir çox ölkələrdə bu sahələrdə çalışan qadınların sayının çox olması normaldır. Yetər ki, bu sahəyə daxildən gələn sevgi ilə yanaşasan. Etiraf edək ki, adıçəkilən kollecdə tələbələrlə görüşdən sonra yaxın gələcəkdə muxtar respublikada bu sahədə perspektivli nəticələrin yüksək olacağına inamımız daha da artdı.
Bu faktı unutmayaq ki, bir ölkənin və ya regionun iqtisadi inkişafı baytarlıq xidmətinin təşkilindən, bu sahədəki kadrların hazırlığından çox asılıdır. Nəzər salsaq görərik ki, bu gün kənd təsərrüfatının inkişaf etdiyi Qərb ölkələrində baytarlıq ən mühüm sahə kimi tanınır. Ona görə ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında, yüzlərlə çeşiddə heyvandarlıq məhsullarının ixrac və idxalında, müxtəlif xəstəliklərin qarşısının alınmasında baytarlıq xidmətinin rolu əvəzolunmazdır. İnanırıq ki, həyata keçirilən tədbirlər regionumuzda bu sahənin də nümunəvi inkişafına imkan verəcək. Çünki muxtar respublikamızın müasir iqtisadi inkişafı bunu tələb edir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR