Sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə hər bir rayonun istehsal potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişaf etdirilməsi mühüm şərtdir.
Məlum olduğu kimi, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyil. Bu məqsədlə muxtar respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz sahibkarlığın inkişafı təşkil edir.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, yaxud mövcud olanların fəaliyyəti bərpa edilir və ya genişləndirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, istehsal potensialının gücləndirilməsi istiqamətində 2016-cı ilin ötən dövrü ərzində muxtar respublikada avtomobil şinlərinin üzlənməsi, mebel, qapı-pəncərə, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsi, çörək (lavaş), unlu-qənnadı məmulatları, eyni zamanda istixanalar, soyuducu anbarlar, heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları və xidmət sahələri olmaqla, 28 sahənin yaradılması başa çatdırılıb.
Müxtəlif ölçü və formada qızıl-gümüş zinət əşyaları, medal və döş nişanları, qaynaq çubuğu (elektrod), qarışıq yem, unlu-qənnadı, meyvə şirələri, mürəbbə və turşu, xama istehsalı, həmçinin quşçuluq, arıçılıq təsərrüfatları və xidmət sahələri olmaqla, 12 sahənin yaradılması istiqamətində isə işlər davam etdirilməkdədir.
2000-ci ildən ötən müddət ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən 1219 layihənin maliyyələşdirilməsinə 134 milyon 204 min manatdan artıq həcmdə kredit verilib, bu tədbirlərin dаvаmı olaraq 2016-cı ilin ötən dövrü ərzində 21 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 15 milyon 69 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib.
Xəbərlər şöbəsi