23 Dekabr 2024, Bazar ertəsi

Bunun nəticəsidir ki, bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlayır

29 dekabr 2016-cı il. Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixi bir hadisəyə şahidlik, eyni zamanda ev sahibliyi edir. Son günlərin ən çox danışılan mövzularından biri olan Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı bu tarixdən etibarən fəaliyyətə başlayır. 1992-ci ildən muxtar respublikaya hərəkəti tamamilə dayandırılan dəmir yolu nəqliyyatının İran İslam Respublikasının Təbriz-Tehran-Məşhəd şəhərləri istiqamətində fəaliyyətə başlaması təkcə Naxçıvan üçün deyil, ümumi regionun inkişafı və tranzit imkanları baxımından atılmış mühüm addımdır. Bu layihənin həyata keçirilməsi ötən əsrin əvvəllərindən blokada vəziyyətinə salınmış Naxçıvanın dayanıqlı inkişafının sayəsində mümkün olub.  

 Əvvəlcə onu qeyd edək ki, dəmir yolu nəqliyyatı istənilən dövrdə sərnişin və yüklərin daşınmasında ən perspektivli vasitələrdən sayılıb. Çünki yüklərin həcminə, sərnişinlərin sayına, maliyyə xərclərinin münasibliyinə, eyni zamanda daha təhlükəsiz daşınmalara görə dəmir yolları müstəsna əhəmiyyətə malikdir. Naxçıvan ərazisində də ötən əsrin əvvəllərindən dəmir yollarının mövcudluğu muxtar respublikanın tranzit imkanlarını ortaya qoyub. Lakin bu sahədə mühüm irəliləyişlərə ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində nail olunub. Muxtar respublikada yük və sərnişindaşımalarına olan tələbatı təmin etmək, xidmətin səviyyəsini yüksəltmək məqsədilə ulu öndərimizin şəxsi təşəbbüsü ilə 1976-cı ildə dəmir yollarının Naxçıvan Hissəsinin mərkəzi aparatı İmişli stansiyasından Naxçıvan şəhərinə köçürülüb və hərtərəfli fəaliyyəti təmin edilib. Bu mühüm qərar muxtar respublikada dəmiryol infrastrukturunun formalaşdırılmasında, hərəkətin intensivliyinin təmin olunmasında, eyni zamanda Naxçıvanda bu sahənin mühüm bazasının əsasının qoyulmasında əhəmiyyətli rol oynayıb. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr, erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi dəmir yolu şəbəkəsinə də ciddi ziyan vurub, 240 kilometrdən artıq dəmir yolu xətti dağıntılara məruz qalıb. Nəticədə, 

Mehri-Kərçivan sahəsində qatarların hərəkəti dayandırılıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu ölkədən təcrid edilib, muxtar respublika blokada vəziyyətinə düşüb. İctimai-siyasi vəziyyətin kəskinləşdiyi həmin dövrdə muxtar respublikada bütün müəssisələrin fəaliyyəti iflic vəziyyətinə düşüb, iqtisadi katastrof özünün pik nöqtəsinə çatıb. Lakin ümummilli liderimizin gərgin əməyi sayəsində Naxçıvan əhalisi sabaha olan ümidini itirməyib, “blokada xəbərçisi” sayılan dəmir yolu nəqliyyatı muxtar respublika daxilində öz fəaliyyətini davam etdirib. Aparılan təhlillər onu göstərir ki, bu nəqliyyat növünə daxildə o qədər ehtiyac duyulmasa da, Naxçıvanın istənilən dövr üçün qan damarı rolunu oynayan dəmir yolu öz işləkliyini məhdud ərazi və imkanlar çərçivəsində davam etdirib. Təbii ki, sonrakı dövrlərdə muxtar respublikaya gətirilən və buradan göndərilən yükdaşımalarında, eləcə də sərnişindaşımada alternativ vasitələrdən istifadə olunsa da, dəmir yollarının inkişafı diqqətdən kənarda qalmayıb. Və nəinki kənarda qalmayıb, hətta bu sahədə mühüm infrastruktur tədbirləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada bütün sahələrə göstərdiyi böyük qayğı dəmir yollarını da əhatə edib. Ötən illər ərzində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, vağzal binaları, stansiyaların idarə­etmə mərkəzləri, digər inzibati və yardımçı binalar əsaslı təmir olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Pro­qramı”nın uğurla icra olunması muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafında yeni mərhələnin əsasını qoyub. Son illər Culfa stansiyasında Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və radio-rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilib. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanları yaradılıb, 2011-ci ildən Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılıb. 2014-cü ildə cəmiyyətin İnfrastruktur İdarəsinin inzibati binası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Hazırda Ordubadda sərnişin vağzalı və Yol Sahəsinin inzibati binalarının tikintisi, İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarının əsaslı təmirinin davam etdirilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir.
Yeni avadanlıqların, maşın və mexanizmlərin alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması, vaqonların istismara yararlı vəziyyətdə olması da diqqət mərkəzində saxlanılıb, yük və sərnişindaşımalarının etibarlılığı təmin edilib. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi muxtar respublikada nəqliyyatın bu növündən istifadə edənlərin sayının artmasına səbəb olub. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, bu ilin 11 ayında muxtar respublikada dəmir yolu vasitəsilə 138 min 414 sərnişin və 48 min 804 ton yük daşınıb. Ötən əsrin 90-cı illərindən blokadaya salınan muxtar respublikada bu sahəyə diqqət göstərilməsəydi, sadaladığımız tədbirlər həyata keçirilməsəydi, bu gün Naxçıvan qonşu ölkələrlə birgə həyata keçirilən beynəlxalq layihələrə qoşula bilməyəcəkdi. Çünki hansı sahə olursa olsun, infrastrukturu mövcud olmayan və ya müasir tələblərə cavab verməyən baza ilə qarşılıqlı əməkdaşlığa maraq oyatmaq və burada rol oynamaq mümkün deyil. Bir sahədə yeni infrastruktur yaratmaq isə vaxt və böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bu baxımdan muxtar respublikanın dəmiryol təsərrüfatında ötən illər ərzində görülmüş böyükmiqyaslı işlər indi öz bəhrəsini verir.
Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlamasının perspektiv tərəfləri haqqında bəhs etmək də yerinə düşər. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Çərçivə Sazişində öz əksini tapıb. Bu ilin ötən dövrü ərzində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında dəmir yollarının rəhbər heyəti və ekspertlərinin iştirakı ilə Naxçıvan, Təbriz, Tehran və Bakı şəhərlərində bir neçə görüş keçirilib, imzalanmış ikitərəfli protokollara əsasən, Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması, onunla əlaqədar tariflər razılaşdırılıb. Göstərilən istiqamət üzrə ümumi uzunluğu 1858 kilometr olan dəmir yolunda hərəkət üçün Bakı şəhərindən gətirilmiş 3 ədəd müasirtipli sərnişin vaqonundan istifadə olunacaq. Qeyd edək ki, bu beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması Naxçıvandan İran İslam Respublikasının adıçəkilən şəhərlərinə və əks-istiqamətdə sərnişinlərin rahat gediş-gəlişinə, eyni zamanda hər iki tərəfin turizm sektoruna öz töhfəsini verəcək. Digər tərəfdən, növbəti mərhələdə bu dəmir yolu xətti ilə yükdaşımaların həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dəmir yolunun iqtisadi əhəmiyyətini xeyli artıracaqdır. Belə ki, artıq Saraks üzərindən Orta Asiyaya və Bəndər-Abbas limanına marşrutlar işlənib, yükdaşıma tariflərinə güzəştlər olub. Bunun nəticəsidir ki, cari ilin ötən aylarında Türkmənistan Respublikasından İran İslam Respublikası ərazisindən keçməklə muxtar respublikamıza 53 vaqon – 3383 tondan artıq gübrə gətirilib. Bundan əlavə, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan dəmir yollarına birləşdirilməsi ilə muxtar respublikanın inkişafı daha da sürətlənəcək, blokadanın yaratdığı çətinliklər tam aradan qaldırılacaq.
Görünən odur ki, keçmişdə olduğu kimi, müasir dövrdə də Naxçıvan regionda tutduğu beynəlxalq dəhliz statusunu bərpa edəcəkdir. Bu isə Şərqlə Qərb arasında transformativ rol oynayan Naxçıvanın getdikcə artan siyasi çəkisindən xəbər verir.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR