Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi 2016-cı ilin noyabr ayında da diqqətdə saxlanılmışdır.
Ötən ay daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrin aparılması sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikada 493 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. Təsdiq olunmuş qrafik əsasında Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Çərçiboğan və Aşağı Yaycı, Ordubad rayonunun Dəstə və Kələntər Dizə, Babək rayonunun Şıxmahmud və Çeşməbasar, Şahbuz rayonunun Badamlı, Culfa rayonunun Ərəfsə kəndlərində vətəndaşlara səyyari xidmət göstərilmiş, ümumilikdə, 87 müraciətə baxılmışdır. Bu dövrdə 512 texniki sənəd haqqında məlumat Milli Qeydiyyat Sisteminə daxil edilmiş, 361 texniki sənəd hazırlanmışdır.
Əmlakların real bazar münasibətlərinə uyğun qiymətləndirilməsi vacib məsələdir. Noyabr ayında daxil olmuş müraciətlərə əsasən 14 əmlak qiymətləndirilmiş, yeni yaranmış 49 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. “Dədə Qorqud yurdu Naxçıvan” tarixi və etnoqrafik atlasının tərtib olunması ilə əlaqədar 240 xəritə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə təqdim olunmuşdur. Bundan başqa, Şərur rayonunun Çərçiboğan, Çomaxtur və Danyeri bələdiyyələrinə aid sərhəd xəritələri və yerquruluşu materialları elektron variantda işlənmiş, Culfa rayonunun Qazançı, Ləkətağ, Milax və Saltaq bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin xəritələri hazırlanmışdır.
Sədərək rayonunda icra nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə əkin atlaslarına uyğun meyvə-tərəvəz əkinlərinin aparılması və torpaqlardan səmərəli istifadə ilə bağlı maarifləndirici tədbirlər keçirilmiş, Bakı şəhərindən mütəxəssis dəvət olunaraq müasir geodeziya-ölçü cihazlarından istifadə ilə bağlı 3 günlük treninq təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti