Daha bir ili də başa vurmaqdayıq. 2016-cı il muxtar respublikanın tarixinə uğurlu illərdən biri kimi yazılacaq. Bəhs olunan dövrdə həyatımızın bütün sahələrində uğurlu nəticələrə nail olunması sosial-iqtisadi inkişafın dinamik xarakter almasının göstəricisidir.
Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Şərur rayonunun timsalında bunu bütün çalarları ilə görmək olar. Bir neçə ildir ki, özünün yeni inkişaf mərhələsini yaşayan Şərurda son illər həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr bölgəyə böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib. Rayon mərkəzi, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb.
2016-cı ilin ötən dövrü ərzində rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Bəzi obyektlər istifadəyə verilib, bəzi quruculuq ünvanlarında son tamamlama işləri həyata keçirilir. Belə ki, Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseyin tədris korpusunun yenidən qurulması və yataqxanasının tikintisi başa çatdırılıb. Oğlanqalada 576 şagird yerlik məktəb binası və kənd mərkəzi yenidən qurulub, xidmət mərkəzi tikilib. Quruculuq tədbirlərindən Arbatan kəndinə də pay düşüb.
Bu yaşayış məntəqəsində 234 yerlik məktəb binası yenidən qurulub, kənd və xidmət mərkəzləri tikilərək sakinlərin istifadəsinə verilib. Xanlıqlar kəndində “İmamzadə” ziyarətgahının, Mahmudkənddə futbol meydançasının təmiri, Yengicə kəndində müharibə əlili üçün yaşayış binasının tikilməsi də 2016-cı ilin quruculuq ərməğanlarındandır. Bu sırada rayon mərkəzinin Heydər Əliyev prospektindəki hər biri 24 mənzildən ibarət olan 3 mərtəbəli 46 və 48 nömrəli ictimai yaşayış binaları da qeyd olunmalıdır.
Hazırda rayonun bir sıra ünvanlarında təhvilə hazırlanan obyektlər var. Belə ki, Çəmənli kəndində yaxın günlərdə 3 mərtəbədən ibarət olan 360 şagird yerlik kənd tam orta məktəbinin binası, kənd və xidmət mərkəzləri, Arpaçay kəndində kənd və xidmət mərkəzləri istifadəyə veriləcək.
Rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək üçün həyata keçirilən tikinti-quruculuq tədbirləri 2016-cı ildə də davam etdirilib. Rayon Mərkəzi Xəstəxanası binasının əsaslı təmiri bu işlərin davamıdır.
Muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da tikinti-quruculuq tədbirləri bütün sahələri əhatə edir. Yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər bu tədbirlərin tərkib hissəsidir. Şərur rayonunda da yolların müasir tələblər səviyyəsində yenidən qurulması diqqətdə saxlanılıb. Yolların abad saxlanılması istiqamətində görülən işlər öz nəticəsini verib, nəqliyyatın intensiv hərəkəti təmin olunub. Belə ki, 5,9 kilometrlik Çərçiboğan-Arbatan, bir kilometrlik Arbatan-Çomaxtur avtomobil yolu istifadəyə verilib. 9,7 kilometrlik Dərvişlər-Arpaçay-Çəmənli-Babəki avtomobil yoluna asfalt örtük salınıb.
Xəbərlər şöbəsi