Muxtar respublikada yaradılan müasir meliorasiya və irriqasiya sistemləri torpaqların su təminatını yaxşılaşdırır. Noyabr ayında muxtar respublikada 15 kilometr magistral kanal, 32 kilometr ara arxlar və 2 kilometr kollektor lildən təmizlənmiş, 3 kilometrlik açıq drenaj təmir edilmişdir. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 3 kilometr uzunluğunda istiqamətləndirici bənd tikilmişdir.
Bu dövrdə içməli su təminatı da diqqətdə saxlanılmış, Culfa rayonunun Saltaq kəndinə içməli su verilməsi üçün Əlincə çayı vadisində yeni kaptaj tikilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 48 subartezian quyusunda təmir işləri yerinə yetirilmiş, 5 kəhrizin bərpası isə davam etdirilmişdir. “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərinin Tumbul kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti