23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını xeyli dərəcədə dəyişdirib. Həyata keçirilən bu tədbirlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə zəmin yaradıb. Cari ildə də bu sahədə aparılan işlər diqqət mərkəzində saxlanılır. Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur.

Hazırda Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yeni yaşayış binasının tikintisi davam etdirilir. Zirzəmi ilə birlikdə səkkiz mərtəbədən ibarət olan binanın təməli 2015-ci ilin may ayında qoyulub. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən ötən dövrdə binada hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda daxildə suvaq işləri aparılır, pilləkənlərə daş döşənir. Binanın fasad hissəsi isə üç tərəfdən travertin daşla milli memarlıq üslubunda üzlənib, digər tərəfdə isə işlər davam etdirilir. Yaşayış binası hazır olduqdan sonra zirzəmi hissədə 210 kvadratmetrlik anbar və foye yerləşəcək. Birinci mərtəbədə isə mağazalar fəaliyyət göstərəcək. Digər mərtəbələrin hər birində isə bir mənzil yerləşməklə bina 6 mənzilli olacaq. 220 kvadratmetrlik mənzillərin hər birində üç yataq otağı, bir salon, foye və mətbəx yerləşəcək. Milli və müasir memarlıq elementlərindən istifadə edilməklə tikintisi aparılan binada hər mənzilin üç eyvanı olacaq.
Şəhərin “İstiqlal” küçəsindəki yaşayış binalarına da son illərin quruculuq tədbirlərindən pay düşüb. Hazırda burada 111 nömrəli yaşayış binasının yenidən qurulması işləri davam etdirilir. Bu quruculuq tədbirinə cari ilin sentyabr ayından başlanılıb. İlkin olaraq qəzalı vəziyyətdə olan eyvanlar və sonradan artırılan hissələr sökülüb, sonrakı mərhələdə binanın ətrafı beton sütunlarla möhkəmləndirilib. Bununla yanaşı, yaşayış binası arxaya doğru 3 metrlik məsafəyədək artırılıb, dam örtüyü vurulub. Binanın eninə doğru artırılması burada yaşayan sakinlərin mənzil sahəsinin genişlənməsinə şərait yaradıb. Ötən dövrdə zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binanın kommunikasiya xətləri yenilənib, pəncərələri dəyişdirilib, daxildə pilləkənlərə və fasadın müəyyən hissələrinə üzlük daş vurulub. Hazırda binanın ətrafında abadlıq işləri görülür, yerə kilid daş döşənir. 36 mənzilli yaşayış binasının yenidən qurulması burada yaşayan sakinlərin rahatlığını tam təmin edəcək.
Naxçıvan şəhərində tikintisi davam etdirilən obyektlərdən biri də Cəlil Məmmədquluzadə küçəsində inşa edilən yeni Ticarət Mərkəzi və Otel Kompleksidir. Binanın birinci mərtəbəsində dörd hədiyyələr mağazası, iki kinozal, dörd fərqli mətbəxlərə məxsus restoran, ikinci mərtəbədə isə 4-ü ikiotaqlı, 39-u isə birotaqlı olmaqla, 43 otaqlı otel, anbar, camaşırxana, yuyulan əşyaların saxlanma otaqları yerləşəcək. Buradakı saat qülləsi isə altımərtəbəlidir. Qüllənin birinci mərtəbəsi giriş, ikinci mərtəbəsi mətbəx, digər mərtəbələrin hər biri isə kafe üçün nəzərdə tutulub. Eyni zamanda qüllənin hər iki üzünə saat yerləşdiriləcək. Hazır­da obyektin ikinci mərtəbəsində otel otaqlarını bir-birindən ayıran divarların tikintisi aparılır, binanın dam örtüyü vurulur, altımərtəbəli saat qülləsi binasının sonuncu mərtəbəsində beton-qəlib işləri görülür.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR