23 Dekabr 2024, Bazar ertəsi

Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir etməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun nəticəsində də özəl sektorun, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır.

Bu sırada kənd təsərrüfatı məhsullarının uzun müddətə saxlanması üçün soyuducu anbar komplekslərini də qeyd etmək lazımdır. Soyuducu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının ödənilməsində mühüm rola malikdir. Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatı, əsasən, yerli istehsal hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, sahibkarlığın inkişafına göstərilən dəstək, verilən güzəştli kreditlər və şəxsi vəsaitlər hesabına bu gün muxtar respublikamızda soyuducu və digər təyinatlı ərzaq məhsullarının saxlanması üçün anbarların ümumi tutumu 15395 tona çatdırılıb. Hazırda Naxçıvanda dövlət maliyyə dəstəyi ilə yaradılmış, bilavasitə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq kənd təsərrüfatı məhsullarının tədarükünün həyata keçirilməsi üçün tutumu 6000 ton olan ixtisaslaşdırılmış soyuducu anbar və sahibkarlıq subyektlərinin öz istehsal məhsullarının saxlanması üzrə tutumu 9395 ton olan ixtisaslaşdırılmış soyuducu və digər təyinatlı ərzaq məhsulları üçün anbarlar mövcuddur.
2016-cı ildə əhalinin mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə belə məhsullar soyuducu аnbаrlаrа tədarük edilib. 1 iyun 2016-cı il tarixdən 28 noyabr 2016-cı il tarixə soyuducu anbarlara kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə tələbatdan artıq istehsal edilmiş cəmi 4224,07 ton məhsul tədarük olunub. Bunun da 3067,29 tonu kartof, 631,67 tonu soğan, 220,0 tonu ərik, 280,6 tonu alma, 0,13 tonu armud, 0,17 tonu şaftalı, 0,06 tonu üzüm, 10,22 tonu kələm, 13,93 tonu sarımsaq məhsuludur. Tədarük edilmiş meyvə-tərəvəz məhsullarından 1446,26 tonunun satışı həyata keçirilib.
İqtisadiyyatın əsas prioritet sahələrindən hesab olunan aqrar sektorun inkişafı ilə bağlı cari ilin ötən dövrü ərzində soyuducu anbarların yaradılması istiqamətində 1 layihənin maliyyələşdirilməsinə 50 min manat vəsait ayrılıb. Ümumilikdə isə 2000-ci ildən 2016-cı ilin ötən dövrünədək Sahibkarlığa Kömək Fondu tərəfindən 11 layihənin maliyyələşdirilməsinə 4.297.840 manat dövlət maliyyə dəstəyi göstərilib. Fondun güzəştli kreditləri hesabına bu layihələrin reallaşdırılması yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Naxçıvanda bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, soyuducu anbarların yaradılması sahəsində müsbət nəticələr əldə olunmuş və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR