– Əvvəllər rəng olaraq müxtəlif mebellər seçmək imkanı məhdud idi. Yəni istehlakçı 2-3 çeşiddə olan mebellər arasında seçim etmək məcburiyyətində qalırdı. Naxçıvan şəhərində “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırıldı. İstehsalçılar yeni çeşidlərdə mebel istehsal etmək, alıcılar isə zövqünə və evinin dizaynına uyğun mebellər seçmək imkanı qazandı.
– “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi materiallardan hazırlanan mebellər istər çeşidinə, istərsə də keyfiyyətinə görə alıcılar tərəfindən rəğbətlə qarşılanır.
– Yeni istehsal müəssisələrinin yaradılması daxili bazarı keyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, yeni iş yerlərinin açılmasına da əlverişli şərait yaradır, əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması da bu amillərə xidmət edir.
– Mebel istehsalı ilə məşğul olan sahibkarlar əvvəllər mebel materiallarını xaricdən alıb, daşınma xərci çəkib, əlavə problemlərlə üzləşirdisə, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması ilə bu çətinliklər aradan qaldırıldı. Məhsulların keyfiyyətinə və münasib qiymətinə də söz ola bilməz.
Ayrı-ayrı vaxtlarda və ayrı-ayrı ünvanlarda söhbət etdiyim mebel istehsalı ilə məşğul olan sahibkarların keyfiyyəti ilə seçilən və alıcı zövqünü oxşayan məhsullar istehsal edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında dediyi xoş sözlər bu müəssisə ilə bağlı məqalə hazırlamaq üçün bir vəsilə oldu.
“Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ələddin Allahverdiyevin mobil telefonuna zəng vurub müəssisə ilə bağlı məlumat verməyi xahiş etdim.
– Türkiyədəyəm, Rusiyaya gedirəm. İki gün də Ukraynada olacağam. Həftəsonu Naxçıvana dönəcəyəm, görüşərik, – deyib xudahafizləşdi. Həftəsonu Ələddin müəllimlə müəssisədə görüşdük. Elə ilk sualım da belə oldu:
– Necə istirahət etdiniz?
Güldü:
– Sahibkarın istirahət etməyə maddi imkanı olsa da, vaxtı yoxdur. Bizim həm dövlət, həm də kollektiv qarşısında öhdəliyimiz var. Bu öhdəliyi yerinə yetirmək üçün ayrı-ayrı ölkələrdə biznes əlaqələri qurur, xarici bazarda etibarlı tərəfdaş tapmaq üçün səylər göstəririk. Əks təqdirdə, istər xammalın idxal olunmasında, istərsə də hazır məhsulların satışında problem yaranar. Satışı olmayan müəssisə isə, təbii ki, işçilərin əməkhaqqını və digər ödəmələri vaxtında apara bilməz. Nəticədə, müəssisə fəaliyyətini dayandırar.
– Deməli, müəssisə qurmaq hələ işin başlanğıcıdır. Müəssisənin fəaliyyətini təmin etmək üçün sahibkarın daim çalışması tələb olunur.
– Əlbəttə.
– Eşitdiyimə görə xarici ölkələrdə, ölkəmizin paytaxtı Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olmusunuz. Naxçıvanda böyük bir istehsal müəssisəsi qurmaq istəyi nədən qaynaqlanıb?
– Əvvəla onu qeyd edim ki, mən naxçıvanlıyam. Naxçıvanda doğulub boya-başa çatmışam. Uzun illər xarici iş adamları ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olub, ölkəmizin paytaxtı Bakı şəhərində fəaliyyətimizi genişləndirdik. Necə deyərlər, böyük layihələr həyata keçirmək üçün maliyyə imkanlarımız və biznes əlaqələrimiz yarandı. Digər sahibkarlar kimi, biz də doğma Naxçıvanımızda yeni bir istehsal müəssisəsi qurmaq qərarına gəldik. Təklifimiz rəğbətlə qarşılandı. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından biz də bəhrələndik. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış 15 min kvadratmetr ərazidə 3 istehsal sahəsi, ayrı-ayrı iş otaqları, sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verildi.
Atalar yaxşı deyib: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyən Ələddin müəllimlə birlikdə müəssisəni gəzdik.
Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər və melamin örtüklü plitələr istehsal olunması nəzərdə tutulan müəssisədə artıq laminat-mətbəx dəzgahı və PVC akrilik parlaq panellər istehsalı sahələrində İtaliyanın “Omma”, İspaniyanın “Barbaren”, Almaniyanın “İdm”, Türkiyənin “AS Metal”, “Türk makina” şirkətlərinin istehsalı olan və kompüterlə idarəetmə mərkəzi ilə təmin edilən müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb.
Hər birinin aylıq istehsal gücü 20 min ədəd mebel materialları olan yeni istehsal sahələrində xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 100 çeşiddən çox məhsul istehsal edilir.
Mebel istehsalı müəssisələrini yüksəkkeyfiyyətli materiallarla təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına artan tələbatın ödənilməsi üçün tədbirlər həyata keçirilir. Müəssisədə müasir tələblərə cavab verən ağac yonqarları lövhələrinin boyanması sahəsi və anbar binası istifadəyə verilib. Xammal və hazır məhsulların müəyyən olunmuş şəraitdə saxlanılmasına və istehsal müəssisələrinə vaxtında göndərilməsinə əlverişli şərait yaradılıb. Onu da qeyd edək ki, müəssisənin fasiləsiz fəaliyyət göstərməsində mühüm rol oynayan xammal və hazır məhsulların vaxtında daşınması da diqqət mərkəzində saxlanılıb, “DAF” markalı yük avtomobilləri alınıb.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bunun üçün də mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, dünyada məşhur olan Almaniyanın “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəssisə muxtar respublikamızda yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsulların tələbata uyğun olaraq 20 faizi muxtar respublikamızda, 80 faizi isə ölkəmizin paytaxtı Bakı şəhərində və digər regionlarda satışa çıxarılır. “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO-9001 sertifikatına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Keyfiyyəti ilə seçilən məhsullar nəinki ölkəmizdə, hətta xarici ölkələrdə istehsal edilən eyniadlı məhsullarla rəqabət aparmaq imkanına və gücünə malikdir. Elə bu səbəbdəndir ki, hazırda istehsal edilən mebel materiallarının xarici ölkələrdə tanıdılması ilə bağlı tədbirlər görülür. Bu məhsulların satışı sahəsində qabaqcıl təcrübəyə malik şirkətlərlə biznes əlaqələri qurulur ki, bu da Naxçıvan məhsullarının xarici bazarlara ixrac olunmasına imkan verəcək. Ayrı-ayrı şirkətlərlə bağlanmış müqaviləyə uyğun olaraq “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən mebel materialları yaxın vaxtlarda “Made in Azerbaijan” brendi olaraq Naxçıvan məhsulu kimi xarici bazara çıxarılacaq.
Kərəm Həsənov