Fəaliyyəti ildən-ilə genişlənən “Xalaoğlu” kəndli-fermer təsərrüfatından reportaj
“Xalaoğlu” kəndli-fermer təsərrüfatı yeni çeşiddə məhsul istehsalına başlayıb, xəbərin var? – deyən Nadir kişi üzümə baxdı.
– Xeyr, hansı məhsullardı? – deyə soruşdum.
– “Xalaoğlu” broyler toyuqları. Adı broylerdi. Ev şəraitində bəslənən toyuqlardan seçilmir. Dadına-tamına söz ola bilməz. Hələ bu il istehsalına başlanılan dovğanı demirəm. Neçə illərdir, “Xalaoğlu” məhsullarının alıcısıyam, – deyib bir az fikirləşdi. Nəsə xatırlayıb güldü:
– Niyə güldünüz? – deyə soruşdum.
– Heç, düzünü desəm “Xalaoğlu”nun ştatdankənar satış müdiriyəm.
– Başa düşmədim.
– Bir dəfə Bakıda yaşayan qohum-əqrəba üçün “Xalaoğlu”nun məhsullarından pay tutdum. Elə o gün, bu gün düz 5 ildir ki, “Xalaoğlu”nun məhsullarını Bakıya göndərirəm. Bir dəfə Bakıya getmişdim. Qohum-əqrəbaya baş çəkməli idim. Amma əliboş getməyi də özümə sığışdırmadım. Əti, pendiri Naxçıvandan gətir, ya da ki, Bakı bazarından al, nə fərqi var, – deyə fikirləşib bazarlıq etdim. Həmişəki kimi hər biri üçün pay düzəldib “Naxçıvan payı” adı ilə, necə deyərlər, sırıdım qohumlara. Amma bu məcburi yalanım şam yeməyinədək baş tutdu. Apardığım ətdən hazırlanmış təamlardan daddıq. Üstündən də bir tikə pendir-çörək götürdük ki, çay xoş gəlsin. Çay süfrəsi arxasında xeyli söhbət etdik. Apardıqlarımın Naxçıvan məhsulu olduğuna inandırdığımı zənn edib sevinirdim. Elə bu vaxt qohumun dediyi söz düşüncəmi alt-üst etdi.
– Nadir, bir də belə iş görmə. Mən Naxçıvan məhsullarının dadına-tamına yaxşı bələdəm. Gətirdiyin Bakı bazarlarında satışa çıxarılan ət və süd məhsullarıdır. O məhsulları isə şükür Allaha, almağa imkanımız var.
– Biz gündəlik istifadə etdiyimizdən Naxçıvan məhsullarının fərqli dada, tama malik olduğunun fərqinə varmamışıq. Sən demə, Naxçıvan məhsullarının digər bölgələrdə yetişdirilən məhsullardan başqa bir dadı, tamı var imiş. Vaxt çatdı. Hava limanına gedirəm. Naxçıvan məhsullarının dadına, tamına bələd olan, Bakıda yaşayan qohumlarım, dostlarım üçün “Xalaoğlu”nun məhsullarından göndərəcəyəm, – deyib xudahafizləşdi.
Nahardan sonra “Xalaoğlu” kəndli-fermer təsərrüfatının rəhbəri Rafiq Əliyevin mobil telefonuna zəng vurub fermer təsərrüfatı və orada yaradılan istehsal sahələri ilə bağlı məlumat verməyi xahiş etdim.
– Buyurun, gəlin. Gördüyümüz işlərlə əyani tanış olun.
Beləcə, üz tutduq Babək rayonunun Nehrəm kəndində fəaliyyət göstərən “Xalaoğlu” kəndli-fermer təsərrüfatına.
Kəndin kənarında yerləşən “Xalaoğlu” kəndli-fermer təsərrüfatında görülən işlər, aparılan quruculuq tədbirləri təəssüratımızı daha da zənginləşdirdi. Sanki gözlərimə inanmadım. Bir il öncə gördüyüm ünvandan əsər-əlamət belə, qalmamışdı. Yeni istehsal sahələri yaradılmış, müxtəlif təyinatlı binalar inşa olunmuş, müəssisənin ətrafına hasar çəkilmiş, xüsusi zövqlə bəzədilmişdi. Giriş qapısında dayanacaq yaradılmış, müəssisə daxilində avtomobil yoluna asfalt salınmış, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan səkilərə dekorativ kərpiclər döşənmiş, yaşıllıq zolaqları salınmışdı. Yaradılan ecazkar mənzərə bizi valeh etdi. Bu kəndli-fermer təsərrüfatı Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilovun baytarlıq xidməti ilə bağlı İspaniyada keçirilən beynəlxalq tədbirdə iştirak etdiyi zaman gördüyü və bizə söhbətində təsvir etdiyi fermer təsərrüfatına bənzəyirdi. Səliqə-sahmanı ilə gözoxşayan bu məkan kənddə aparılan abadlıq-quruculuq tədbirlərinə bir töhfədir.
Müəssisənin girişində bizi elə sahibkar Rafiq Əliyevin özü qarşıladı.
– Çox gözəl şərait yaratmısınız. Sağlığınıza qismət, – dedim.
– Şəraiti yaradan dövlətdir. Biz isə, sadəcə, vasitəçilərik. Buyurun, keçin.
Mühafizə xidməti üçün nəzərdə tutulmuş tikilidən keçib müəssisənin həyətinə yenicə ayaq basmışdıq ki, yaşıllıq zolağında sıralanmış, üstündə meyvəsi olan mandarin tingləri diqqətimi çəkdi.
– Bu mandarin tinglərini haradan gətirmisiniz?
– Mən gətirməmişəm. Yanaşı dayandığı cavan bir oğlanı göstərib, – oğlum Cəfəralı Türkiyədə Giresun Universitetində təhsil alır. Oradan gətirib, dibçəklərə əkib, ev şəraitində becərib, yerli şəraitə uyğunlaşdırıb. Gələcəkdə burada mandarin bağı da salacağıq, – deyib maldarlıq təsərrüfatına tərəf getdi.
– Hələ VII sinifdə oxuyarkən ailə başçısı oldum. Qardaş-bacımı böyütmək üçün ayrı-ayrı adamların əkin sahələrini suvarıb topladığım pulla 2 buzov alıb bəslədim. Kəsimdən sonra həmin pulla buzovların sayını ildən-ilə artırdım. İndi gördüyünüz bu fermer təsərrüfatının bünövrəsi belə qoyulub, – deyən Rafiq Əliyev yaxınlıqdakı binaları göstərərək, – bu iki binanı 2008-ci ildə inşa etdik. Hər biri 360 kvadratmetr olan binalarda hazırda 100 baş sağmal inək, 30 baş cöngə, 50 baş damazlıq düyə, hələlik 20 baş buzov bəslənilir.
– Qaba və qüvvəli yem sarıdan probleminiz yoxdur ki?
– Xeyr. Qış mövsümünə hazırlıq vaxtında aparılıb. Əkin sahələrimizdən kifayət qədər yaşıl və qaba yem tədarük etmişik. Qarışıq qüvvəli yemi isə “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətindən tələbata uyğun olaraq istənilən miqdarda, istənilən vaxt ala bilirik. Bir də ki digər sahibkarlar kimi, biz də gəlir-çıxarımızı vaxtında götür-qoy edir, hər il qış mövsümündə əlavə xərc çəkməmək üçün yaylaqdan dönən zaman ətlik cöngələri satır və ya rayon ərazisində fəaliyyət göstərən “Bərəkət Ət Məhsulları Kompleksi”nə təhvil verib pulunu da nağd alırıq. Bu il də elə etdik. Əldə etdiyimiz gəlirlə yeni istehsal sahəsi üçün hər biri 750 kvadratmetr olan iki bina inşa edib, ətlik istiqamətli quşçuluq təsərrüfatı qurduq, cücələrin bəslənilməsi üçün hər cür şərait yaratdıq. Onu da qeyd edim ki, heyvandarlıq və quşçuluq təsərrüfatları qurmaq işin bir tərəfidirsə, həmin təsərrüfatların sağlamlığının qorunması, sağlam ət və süd məhsulları istehsalı onu tamamlayan və deyərdim ki, vacib tərəfidir. Baytarlıq xidməti muxtar respublikamızda, o cümlədən fermer təsərrüfatımızın fəaliyyət göstərdiyi Babək rayonunda yüksək səviyyədə təşkil olunub. Sağlam təsərrüfatların qorunub saxlanılması üçün mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Elə söhbətimizin əvvəlində əbəs yerə demədim ki, şəraiti yaradan dövlətdir. Biz isə, sadəcə, vasitəçilərik. Kollektivimiz də göstərilən dövlət qayğısından bəhrələnir, təsərrüfatımızı daha da genişləndirməyə çalışır, ərzaq təhlükəsizliyinin təmin olunması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir.
Müəssisədə istehsal edilən südün və quş ətinin son məhsul olaraq istehlakçılara çatdırılması da mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, – deyən sahibkar fermer təsərrüfatının ərazisində tikilib istifadəyə verilən, Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla fəaliyyətə başlayan süd məhsullarının istehsalı və qablaşdırılması, quşların halal kəsimi və paketlənməsi sexləri, soyuducu anbarlarla bizi tanış edib, istehsal sahələri haqqında ətraflı məlumat verdi. Həmçinin üzərində “Xalaoğlu” fermer təsərrüfatında istehsal olunan məhsulların rəsmi çəkilmiş, soyuducu kamera ilə təmin olunmuş yük avtomobillərini göstərərək, – müəssisədə istehsal olunan və “Xalaoğlu” tanıtım nişanı ilə satışa çıxarılan qatıq, ayran, kərə yağı, dovğa və quş ətinin ayrı-ayrı rayonlarda fəaliyyət göstərən xidmət mərkəzlərinə vaxtında çatdırılması da diqqət mərkəzində saxlanılıb, işçilərə iaşə xidməti göstərilməsi üçün yeməkxana, inzibati heyət üçün ayrı-ayrı iş otaqları olan ofis binası da istifadəyə verilib, – deyən Rafiq Əliyev bizi çay süfrəsinə dəvət etdi. Görülən işlərdən, gələcək planlarından həvəslə danışan fermer onu da qeyd etdi ki, yaxın vaxtlarda müəssisənin ərazisində firma mağazası da fəaliyyətə başlayacaq. Biz də öz işindən zövq alan, yorulmaq bilməyən sahibkara uğurlar arzulayıb xudahafizləşdik.
Təəssüratlarımızı, necə deyərlər, elə isti-isti ağ kağıza köçürmək üçün üz tutduq redaksiyaya. Yolboyu istər-istəməz qəlbimə hakim kəsilən bu fikir oldu: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”.
Kərəm Həsənov