Kənd təsərrüfatında sığortanın mühüm növlərindən biri taxıl əkinlərinin sığortasıdır. Xüsusən payızlıq taxıl əkinlərinə müxtəlif təbiət hadisələri zərər vurduğundan torpaq mülkiyyətçilərinin bu zərərlərə qarşı sığortalanması vacib məsələdir. Əmlakı və məhsulu gözlənilməz hadisələrə qarşı sığorta etdirmək fermer və torpaq mülkiyyətçiləri üçün böyük əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının mühüm sahələrindən biri taxılçılıqdır. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması üçün geniş sahədə taxıl əkinləri aparılır. Taxıl ehtiyatının yaradılmasında torpaq mülkiyyətçilərinin istifadəsində olan əkin sahələrinin məhsulunun qorunması və onun sığortalanması da mühüm əhəmiyyət kəsb edir. Hazırda payızlıq taxıl əkini yekunlaşmışdır. Min hektarlarla sahədə taxıl əkini aparılmışdır. Lakin nəzərə almaq lazımdır ki, muxtar respublikanın sərt iqlim şəraitində payızlıq taxıl əkinlərinin müxtəlif hadisələrdən məhv olması və ya zərər görməsi ehtimalı da vardır. Belə zərərlər əkinlərin cücərti zamanı şaxta və donvurmadan, daha sonra zərərvericilərin təsirindən, dolu yağmasından, yetişmiş məhsulun yanmasından ola bilər. Buna görə də taxıl əkini aparılan sahələrin sığortalanması baş verə biləcək müxtəlif sığorta hadisələri zamanı torpaq mülkiyyətçilərinə dəyən zərərlərdən maddi təminat verir.
Kənd təsərrüfatında sığortanın təşkili və onun fəaliyyətinin stimullaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Bu məqsədlə təbii hadisələrdən kənd təsərrüfatı məhsullarının sığortalanması üçün müvafiq qanunlar və qərarlar qəbul olunmuşdur. Bu qanunlara əsasən, taxıl sahələri yanğın, dolu, sel, daşqın və şaxtavurma kimi gözlənilməz hadisələrdən tam məhv olduqda və ya bir hissəsi məhv olduqda məhsulun sığortalanma dərəcəsi nəzərə alınmaqla dəymiş zərər məbləği dairəsində sığorta ödənişi verilir. Kənd təsərrüfatında sığorta etdirənlərin mənafeləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən muxtar respublikamızda taxıl sahələrinin sığortası zamanı sığorta haqlarının 50 faizi dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinin qaydalarına uyğun olaraq sığorta olunan kənd təsərrüfatı məhsulunun dəyərinin 5 faiz həcmində sığortahaqqı müəyyən olunur. Bu zaman kənd təsərrüfatı məhsulunun sığorta məbləği sığorta müqavilələrinin bağlandığı ildən əvvəlki dövrün orta məhsuldarlığı nəzərə alınmaqla və rayonun orta göstəricisi əsasında müəyyən edilir.
Kənd təsərrüfatında əmlakın sığortası üzrə sığorta tarifləri sığorta hadisələri nəzərə alınmaqla sığortaçı tərəfindən müəyyən olunur. Əmlakını üç ildən az olmayaraq ardıcıl sığorta etdirmiş, lakin həmin müddətdə sığorta ödənişi almamış sığortalıya sonrakı illər üçün hesablanmış sığortahaqqından dördüncü ildən başlayaraq güzəştlər edilir.
Kənd təsərrüfatı məhsulunun və əmlakın sığortası könüllülük prinsipləri əsasında həyata keçirilir. Bu zaman sığortanın şərtləri və aparılması qaydaları qanunvericiliyə uyğun olaraq sığortaçı ilə sığortalı arasında bağlanan sığorta müqaviləsində müəyyən edilir. Dövlət tərəfindən zəmanət verilən kənd təsərrüfatının sığortası fermerlər və torpaq mülkiyyətçiləri üçün gözlənilməz hadisələrdən dəymiş zərərlərin əvəzinin ödənilməsi üçün yaxşı imkanlar yaradır. Odur ki, hazırda payızlıq taxıl əkinlərinin yekunlaşdığı bir vaxtda torpaq mülkiyyətçiləri öz əkinlərini dövlət sığorta orqanlarında sığorta etdirməklə hazırkı qış aylarında ola biləcək şaxtaların vurduğu zərərlərə qarşı və gələcəkdə dolu, sel, tufan və digər hadisələr nəticəsində dəyə biləcək zərərlərə qarşı sığorta təminatı ala bilərlər.
Əli Cabbarov