Naxçıvanın bütün yaşayış məntəqələri kimi yolları da müasirdir
Naxçıvan ulu əcdadlarımızın daş yaddaşı, Gəmiqaya qədimliyinin, Möminə xatın kamilliyinin, Əlincə mətinliyinin, Gülüstan hikmətinin, Qızlar bulağı kövrəkliyinin vətənidir. Bu yurdda Əcəmi daşı sözləşdirib, Mirzə Cəlil, Cavid sözü daşlaşdırıb. Bu diyarda daş sözü bağrına basıb, söz də daşı. Uca daşla uca söz Naxçıvan möhtəşəmliyini yaradıb. Bu yurd yaranışından ulular diyarı, dahilər vətəni olub. Bu elin insanları qaya dözümündən, daş mətanətindən, torpaq həlimliyindən yoğrulub. Coşqunluğu Araz çayından, kövrəkliyi dağ bulaqlarından alıb. Bu həqiqət qədim səyyahların salnamələrində yazılıb, dünyaya çatdırılıb. Çünki qədim Naxçıvan karvan yolları üzərində qərar tutub. Və gerçəklikdir ki, Naxçıvanın dünyaya tanınmasında onun bu coğrafi mövqedə yerləşməsi mühüm rol oynayıb.
Təsadüfi deyil ki, yolları mədəniyyətin, intibahın başlanğıcı hesab edirlər. Bu da bir aforizmə çevrilib ki, mədəniyyət yoldan başlayır. Yol iqtisadiyyatın inkişafının təməlidir. Bu aspektdən yanaşdıqda bu gün Naxçıvan diyarında yol quruculuğuna göstərilən qayğı bilavasitə insanların dolanışığına, rifahının, həyat səviyyəsinin yüksəlməsinə yönəldilib. Başqa sözlə desək, Naxçıvanda yol təsərrüfatının inkişafı onun hərtərəfli tərəqqisinə xidmət edir. Bu gün Naxçıvana ayaq basan hər kəs də bu həqiqəti təsdiq edir ki, yol tikintisi quruculuq tədbirlərinin tərkib hissəsidir.
...Bu gün qədim diyarın döyünən ürəyi olan Naxçıvan şəhərindən bölgələrə şaxələnən yollar, obrazlı desək, Naxçıvanda aparılan möhtəşəm quruculuğun qan damarlarına bənzəyir. Vaxtilə ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi və tarixin bütün dövrlərində öz aktuallığını saxlayacaq: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” müdrik kəlamının işığında muxtar respublika ərazisinə baxanda qəlbən qürur duymamaq olmur. Çünki yol çəkmək çətin və ağır işdir. Bu prosesdə dağları, təpələri yarmaq, dərələrdən körpülər salmaq, minbir əziyyətə qatlaşmaq gərəkdir. Yol çəkənin yetərincə gücü və imkanı, ölçü-biçi və hesablamaq bacarığı, vaxtında və dərhal ən düzgün, ən optimal qərar qəbul etmək qabiliyyəti olmalıdır. Əslində, hər bir yol özündə saysız-hesabsız, hətta bəzən unudulmuş cığırları belə, birləşdirir. Həm də ata-babalardan savab bir əməl sayılıb yol çəkmək. Və elə bu amil də yola qayğı göstərənlərin Vətənə bağlılığının bir göstəricisidir.
Bu da bir həqiqətdir ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf edib gücləndikcə Naxçıvanda bütün sahələrdə olduğu kimi, yol infrastruktur layihələri də uğurla həyata keçirilir, dünya standartlarına uyğun yollar salınır, körpülər inşa edilir. Bu gün uzunluğu 82 kilometr olan dördzolaqlı Naxçıvan-Sədərək magistralından Şərur, Kəngərli rayonlarının əhalisi rahatlıqla istifadə etməklə yanaşı, bu yol qədim diyarımızla qardaş Türkiyəni birləşdirən yol olduğundan Naxçıvan üçün böyük əhəmiyyət kəsb edir.
Yol-nəqliyyat təsərrüfatının yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyan kompleks işlərin görülməsinə istiqamətlənən və uğurla başa çatan “Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq Təzəkənd-Çalxanqala-Qıvraq, Çeşməbasar-Boyəhməd avtomobil yolları yenidən qurulub. Məhz bu proqramın icrası nəticəsində Naxçıvan ərazisindən keçməklə Qərb və Şərq sivilizasiyalarını birləşdirən Böyük İpək Yolunun bərpası istiqamətində 8 kilometrdən çox uzunluğu olan Naxçıvan dairəvi avtomobil yolunun, 32 kilometr uzunluğundakı Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası qısa müddətdə və keyfiyyətlə başa çatdırılıb. Naxçıvan-Culfa yolunun açılış mərasimində ölkə rəhbərinin “Naxçıvan tranzit mərkəzə çevrilməkdədir” deməsi Naxçıvanın yaxın gələcəkdə dünya ilə əlaqəsinin genişlənməsi və daha da çiçəklənməsindən xəbər verir.
Muxtar respublikada aparılan yol quruculuğundan Naxçıvan-Şahbuz-Batabat avtomobil yoluna da pay düşüb. 2014-cü ildə yenidən qurulan bu yolun əhəmiyyəti həm də Naxçıvanda turizmin inkişafına dəstək veriləcək bir amil kimi qiymətləndirilməlidir.
Diyarımızda daha bir yol var. Naxçıvan Beynəlxalq Hava Limanına uzanan yol. Bu yolun dəyəri həm də ondadır ki, Naxçıvana gələn qonaqların muxtar respublikamızda yol quruculuğuna göstərilən qayğı barədə ilk təəssüratları məhz bu abad yoldan formalaşır.
…Salınan böyük magistral yolların ən ucqar yaşayış məntəqələrinə belə, şaxələnməsi hər kəs tərəfindən o mənada təqdir edilir ki, o yerlərə bu vaxtlara qədər uzanan yollara yol deyil, cığır, iz demək olardı. Bu gün isə dağ kəndlərinə çəkilən yollar belə, müasir standartlara cavab verir, geniş magistrallardan fərqlənmir. Oxucu düşünə bilər ki, məgər indiyəcən bu kəndlərə yol yox idimi? Əlbəttə, var idi. Amma bu gün dağların sinəsi ilə qıvrılan Cəhri-Buzqov, Çeşməbasar-Boyəhməd, Aşağı və Yuxarı Qışlaq yollarına, Qarabağlar, Şahtaxtı, Yaycı, Gülüstan və digər yaşayış məntəqələrimizə çəkilən geniş, asfalt yollara baxanda istər-istəməz müstəqilliyin son iki onilliyində görülən işlərdən fəxarət hissləri duyursan. Çünki daha qar-yağış yağanda kəndlərə getmək müşkülə çevrilmir, insanlar əzab-əziyyətə düçar olmurlar. Artıq uzun illərdən bəri kənd sakinlərini narahat edən problemlər öz həllini tapıb. İndi insanlar dağ kəndlərinə, sərhəd bölgələrimizə ilin bütün fəsillərində rahat gedib-gəlirlər.
Mən dağ kəndində böyüdüyümdən bu mövzunu qələmə alarkən yaddaşıma uşaqlıqdan yazılan bir hadisə düşdü. Yaxşı yadımdadır. Qonşumuz xəstələnmişdi. Onun xəstələnməyindən gec xəbər tutmuşduq. Rayon mərkəzinə zəng vurmaq istədilər, telefon kəsilmişdi. Kənddə bir maşın vardı. Onunla xəstəni xəstəxanaya apardılar. Bərk də yağış yağırdı. Maşın gedib yolda batmışdı. Naəlac qalıb xəstəni qucaqlarında rayon mərkəzinə aparmışdılar. Amma səhərçağı xəstəni həkimə çatdıranda artıq gec olmuşdu…
…Əvvəllər ucqar dağ kəndlərində yaşayanlar yollara görə maşın ala bilmirdilər, bu gün isə dünyanın ən son model avtomaşınları kənd yollarında rahatca idarə olunur. Yolların abadlığı yay aylarında kənd yerlərinə gedən qonaq-qaranın da sayını artırıb. Kim istəməz ki, xüsusən də yay aylarında bir tərəfi dağa söykənən, bir tərəfindən çay axan təbiətin dilbər guşələrində, ağacların kölgəsində sərinləməsin, kim istəməz ki, bulaqların dişgöynədən suyundan içib, dağlarından kəklikotu, nanə dərib, göz yaşı kimi şəffaf suyun altından daşları sayılan çayın zümzüməsinə qulaq asmasın? Kəndlərimizdəki sirli-soraqlı yerlərlə yaxından tanış olmasın? Bu imkanı qazananların əminəm ki, ilk növbədə, yollarımızın abadlığından qəlbləri razılıq hissləri ilə döyünür.
Bu da bir həqiqətdir ki, müasir, dünya standartlarına cavab verən yolların salınması həm də siyasi əhəmiyyət daşıyır. Yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafını və maliyyə imkanlarını özündə əks etdirdiyi kimi, insanların həyat səviyyəsini də səciyyələndirən əsas göstəricilərdəndir. Yol tikintisi layihələrinin uğurla icra olunmasının ölkənin iqtisadi-sosial həyatında önəmli rol oynadığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir... Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır”.
Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti 2011-ci il sentyabrın 2-də “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”, 5 mart 2013-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”, 2014-cü il avqustun 27-də “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında”, cari ilin 20 may tarixində “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar imzalayıb. Bu tarixi sənədlərin icrası çərçivəsində Culfa rayonunun Əlincəçay vadisi boyunca yerləşən və 25 min nəfər sakinin yaşadığı 20 kəndin, Kəngərli rayonunda 12 min insanın yaşadığı 5 kəndin, Hacıvar-Vayxır-Sirab istiqamətində 18 min sakinin yaşadığı 13 kəndin və daha 31 min nəfərdən çox insanın yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işləri görülüb ki, bu da muxtar respublikamızda yol təsərrüfatına göstərilən qayğının bariz ifadəsidir. Və yol quruculuğu istiqamətində aparılan tədbirlər indi rayonların kəndlərinə qəsəbə, qəsəbələrə isə şəhər görkəmi bəxş edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Yol tikintisi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlarına göstərdiyi qayğının təzahürüdür”. Elə son illərdə muxtar respublika ərazisində 3 min kilometrdən artıq yol çəkilməsi də bunun göstəricisidir.
…Bəli, bu gün diyarımızın müxtəlif guşələrini bir-birinə qırılmaz tellərlə bağlayan və bölgələrimizi firavan həyata qovuşduran yollara baxanda düşünürsən ki, bu yollardan istifadə edən sakinlər addımlarını daha qətiyyətlə atacaqlar. Dövlətçiliyin möhkəmlənməsi, doğma yurdun qüdrətlənməsi, çiçəklənməsi üçün zəhmətkeş insanlar bu yolla gələcəyə doğru gedirlər.
Son olaraq qeyd edək ki, bütün canlıların yolu-izi olur. Salınan hər ləpirin izə çevrilməsinə də zaman gərəkdir. Əslində, bizi dünəndən bu günə gətirən, sabaha aparan da yollardır. Onların bəzisi təbiətin qoynundan salınıb, bəzisi isə şəhərdən kəndə uzanıb...
...Bu yazıda yollardan danışdım. O yollar ki, təkcə coğrafi məkanları deyil, qəlbləri, ürəkləri birləşdirir. Doğma diyarın iqtisadiyyatının, mədəniyyətinin inkişafı ilə yanaşı, əhalinin güzəranının yaxşılaşmasına xidmət edir. Sabaha, daha firavan həyata aparan YOLUMUZ uğurlu olsun!..
Hafizə Əliyeva
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsinə
təqdim olunmaq üçündür