23 Dekabr 2024, Bazar ertəsi

Belə rəvayət edirlər ki, bir kəndli qış ilə dostluq edirmiş. Kənd­li qışdan xahiş edir ki, sən nə vaxt gəlsən, xəbər et, mən hazırlıq görüm. Qış da kəndliyə onun xahişini yerinə yetirəcəyinə söz verir. Kənd­li bağ-bağçasında görməli olan işləri bir tərəfə atıb qışdan xəbər gözləyir. Bir gün səhər oyananda görür ki, qar yağıb. Dostuna bərk əsəbiləşir. Gedib onu tapır və deyir ki, sözünə sahib deyilsən, gəlişindən vaxtında məni xəbərdar etmədin. Qış gülə-gülə cavab verir ki, mən əhdimə sadiqəm. Və səni də vaxtında xəbərdar etmişəm. Əvvəlcə dağların zirvəsinə yağdım, fikirləşdim ki, dostum məni görür. Bir az gözlədim, dağların ətəklərinə endim. Xeyli möhlət verdim, sonra enib həyət-bağçanıza gəldim. Kişi səhv etdiyini başa düşür, dostunun haqlı olduğunu görür.
Muxtar respublikanın zəhmətkeş əhalisi, kənd sakinləri, torpaq mülkiyyətçiləri hələ yazdan qışa hazırlaşırlar. Əkir-becərir, toplayır, satır, özlərinə qış tədarükü görürlər. Bu baxımdan neçə illərdir, Naxçıvan şəhərində, rayon mərkəzlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası böyük əhəmiyyət daşıyır. Satış-yarmarkada kəndli bağında, bostanında əkib-becərdiyi məhsulu özü satmaq imkanı, alıcı isə əldən-ələ keçməyən məhsulu ucuz qiymətə almaq imkanı qazanıb.
...Ötən şənbə günü təşkil edilən yarmarkada da qaynarlıq vardı. Məhsulların çeşidi, müxtəlifliyi də payız mövsümünə uyğun idi.

Yarmarkanın girəcəyində piştaxtanın arxasında dayanan Ordubad rayon Dırnıs kənd sakini Hüseyn Məmmədovla söhbətləşdik. O dedi ki, 1992-ci ildən, muxtar respublikada aqrar islahatlar həyata keçiriləndən kartof əkini ilə məşğuldur. Ancaq alıcı çoxluğundan onunla ətraflı söhbət edə bilmədik. Söhbətimizi digər bir torpaq mülkiyyətçisi ilə davam etdirdik. Şərur rayonundan olan Adil Məmməd­ov bildirdi ki, yarmarka fəaliyyətə başlayandan hər həftə buraya məhsul gətirir. Yay mövsümündə kifayət qədər pomidor, xiyar, badımcan, bibər satıb. Bu gün isə yarmarkaya kartof gətirib. Dedi ki, bizə belə satış yeri təşkil edildiyi kimi, məhsulumuzun xarab olmaması üçün soyuducu anbarlar da tikilib. Hazırda anbarda 8 ton kartof saxlayıram.
Şərur rayonunun Muğanlı kəndindən olan satıcı piştaxta üzərinə düzdüyü heyvaları tərifləyir, – şirin heyvadır, sinə məlhəmidir, soyuqdəymənin dərmanıdır, yaxşı mürəbbəsi olur, – deyirdi. Piştaxtaya bir müştəri yaxınlaşdı. Sonradan onun şəhər sakini Mirvari Məmmədova olduğunu öyrəndim. Heyvanı əlinə götürüb iylədi, bəh-bəh edəndən sonra 5 kiloqram çəkməsini xahiş etdi.
Bir az aralıda isə Şahbuz rayonunun torpaq mülkiyyətçiləri piştaxta arxasında dayanmışdılar. Onlar arasında Keçili kənd sakini İsrafil Əliyevi gördüm. Neçə ildir, bazara növbənöv alma, armud çıxarıb satdığını bilirdim. Piştaxtanın üzərində kənardan belə, alıcını çağıran almalar üzə gülürdü. Sanki budaqdan indicə dərilmişdi. Bunu necə təzə-tər saxladığını soruşdum. Qonşusu Bəxtiyar Baxşıyev söhbətə qoşuldu. Dedi ki, bizim yerlərə qış tez gəlir. Odur ki, bağların məhsulunu tez yığıb anbarlarda saxlayırıq. Şənbə və bazar günləri də satmağa gətiririk.
Onun yaxınlığında Kolanı kəndindən olan Hünər Orucov isə beçə əti, şor-kərə, qaymaq, bal satırdı. Dedi ki, kəndliyə bu gün yaxşı şərait yaradılıb. Necə yaşamaq özümüzdən asılıdır. Təkcə heyvandarlıq məhsulları deyil, xeyli cəviz də gətirmişdim, satıb qurtarmışam.
Həmin gün yarmarkaya Ordubad rayonundan da xeyli məhsul çıxarılmışdı. İstehsalçıların qurudub hazırladıqları meyvələrlə yanaşı, dədə-baba üsulu ilə hazırlayıb müxtəlifölçülü qablara yığdıqları mürəbbələrin də alıcıları çox idi. Xüsusilə də cəviz, gilas, ərik, zoğal, gilənar, badımcan mürəbbələri alıcılar tərəfindən sevə-sevə alınırdı. Əbülfəz Əliyevin gətirdiyi tut doşabına da alıcılar böyük maraq göstərirdilər. Bu məhsullardan alan şəhər sakini Hüseyn Səfərov minnətdarlığını bildirməyi də unutmadı.
Yaxınlıqdakı gəncin: – Üstüpü kələmi, – deyə müştərilərə səsləndiyini görüb ona yaxınlaşdıq. Elvin Tarverdiyev piştaxtaya tığ vurduğu kələmləri göstərərək, – hər həftənin şənbə-bazar günləri yarmarkaya çıxırıq, – dedi. Yaxşı da qazanırıq. Niyə də qazanmayaq? Əkib-becərmək üçün hər cür qayğı var.
Bu gəncin zəhmətdən yoğrulmuş əllərinə, qayğılı üzünə baxdıqca Dədə Qorqudun “Torpağı əkmirsənsə, qorumağına, qorumursansa, əkməyinə dəyməz” deyimi yadıma düşdü. Bəli, məhz dövlətin əkinçiyə yaratdığı şərait, torpağına bağlı insanların zəhməti sayəsində bu gün muxtar respublikamızın bazarları təzə-tər məhsullarla dolub-daşır. Elə qarşı tərəfdə “Naxçıvan bağları”nın məhsulu, istixanada becərilən məhsullarla dolu piştaxtalar da bunu təsdiq edirdi. Muxtar respublikanın dağlarından yığılan yemişan, zirinc, müxtəlif dərman bitkiləri, çaşır, baldırğan turşuları alıcılara təqdim edilirdi.
Bəli, payız günlərində bağ-bağçanın məhsulu tükənsə də, istehsalçılar satış-yarmarka üçün tədarük edib anbarlarda saxladıqları kartof, alma, armud məhsulları ilə yanaşı, pomidor, xiyar, bibər, üzüm məhsulları da gətirmişdilər. Piştaxta üzərində alça qurusu ilə yanaşı, onun cemindən hazırlanmış “lavaşa”ya da rast gəldik. Culfa rayonundan olan satıcı isə bazara ələyəz, əvəlik çıxarmışdı. Ərik, alça, gavalı qurusu da satırdı. Tərifləyirdi ki, yarma sıyığının, əriştə aşının dadı-tamıdır.
Satış-yarmarkanın ət məhsulları satılan hissəsində də gözəl bir şərait yaradılmışdı. Burada sanitariya qaydalarına ciddi diqqət yetirilir. Qəssab Rəsul Yusifov bildirdi ki, burda qiymət dəyişməzdir. Mal və heyvan ətinin 1 kiloqramı 8 manat, quzu ətinin isə 1 kiloqramı 9 manata satılır.
Yarmarkada muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin məhsullarına da geniş yer verilmişdi. Çeşid-çeşid makaron və qənnadı məhsulları, xörək duzu, mineral sular bu dəfə də alıcılar tərəfindən həvəslə alınırdı.
Beləcə, illərdir ki, hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir və bu yarmarka şəhər sakinlərinin ən çox üz tutduqları yerdir. Niyə də olmasın? Bu gərəkli tədbir həm satanlar, həm də alanlar üçün sərfəlidir. Şəhər sakini Qafar Quliyev yarmarkanın əhəmiyyətini vurğulayaraq dedi ki, Allah bu işi təşkil edənlərin ömrünü uzun eləsin. Kəndliyə hər cür şərait yaradılıb. Onların çəkdikləri zəhmət indi hədər getmir. İstehsal etdikləri məhsulları özləri sata bilirlər. Bu, alıcıları da qane edir. İlin bütün fəsillərində məhsul ala bilirik. Özü də ucuz qiymətə.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR