23 Dekabr 2024, Bazar ertəsi

– Ay oğul, bu uşağa məktəbli ayaqqabısı ver. Özü də Şirvanşahların ayaqqabısı olsun.
Satıcı:
– Dayı, Şirvanşahın uşaqlıq ayaqqabısını mən hardan tapım? O kişi neçə illər bundan əvvəl dünyasını dəyişib, – deyib xeyli güldü:

– Oğul, mən Naxçıvanda fəaliyyət göstərən “Şirvanşahlar” Ayaqqabı Fabrikinin istehsal etdiyi məktəbli ayaqqabılarını deyirəm.
– O fabrikin yuxarı yaşlılar üçün ayaqqabı istehsal etdiyini bilirəm. Ancaq məktəbli ayaqqabıları istehsal etdiyindən xəbərim yoxdur.
Söhbətə qulaq asan, qonşu dükanda əyləşən satıcı:
– Ağsaqqal düz deyir. “Şirvanşahlar” Ayaqqabı Fabriki bu il məktəbli ayaqqabılarının istehsalına başlayıb. Mən də nəvəm üçün aldım. Çox gözəl, dəridən hazırlanmış rahat ayaqqabılardır. Məktəbli formasını tamamlayır. Həmin ayaqqabıları almaq üçün gərək ayaqqabı fabrikinə gedəsən. Sonra bir az fikirləşib:
– Hə, yadıma düşdü, fabrik uzaqdadır. Elə Cahan Ticarət Mərkəzindən çıxıb yolu keçin. “Gənclər şəhərciyi” adlanan ərazidə ucaldılan çoxmərtəbəli binaların köhnə 9 mərtəbələrə tərəf hissəsində fabrikin firma mağazası fəaliyyətə başlayıb. Oradan nə cür ayaqqabı istəsəniz tapa bilərsiniz. Özü də münasib qiymətə.
Ağsaqqal razılıq edib nəvəsi ilə birlikdə qapıya tərəf yönəldi.
– Tələsməyin. Mən də o mağazaya gedirəm, – deyib onlara bələdçilik etdim.
Yolu keçib bir-birindən yaraşıqlı binaları seyr edən ağsaqqal:
– Şükür. Bu günləri də gördük. Təkcə şəhərimiz yox, kəndlərimiz də günü-gündən dəyişir, abadlaşır. İnsanların rahatlığı üçün hər cür şərait yaradılır. Yay tətili zamanı Bakıda yaşayan nəvələrim də gəlmişdi. Kəndimizdə yaradılan şəraiti görüb:
– Baba, kəndimiz lap şəhərə dönüb, – dedilər.
“Şirvanşahlar” Ayaqqabı Fabrikinin firma mağazasına yaxınlaşdıq. Mağazaya daxil olanda gözlərimə inanmadım. Müxtəlif modeldə, müxtəlif çeşiddə ayaqqabılar, necə deyərlər, adamın üzünə gülürdü. Elə nəvəsi ilə mağazaya gələn ağsaqqal da təəccübləndi:
– Bəs deyirdilər Naxçıvanda ayaqqabı istehsal etmək müşkül məsələdir.
– Təşəbbüskarlıq və dövlət qayğısı olan yerdə müşkül məsələ yoxdur. Sadəcə, bu qayğıdan lazımınca bəhrələnmək lazımdır, – deyən “Şirvanşahlar” Ayaqqabı Fabrikinin direktoru Namiq Əliyevlə salamlaşıb, – mübarəkdir, xeyirli-uğurlu olsun, – dedim.
– Ağsaqqal, nəvənin hansı ayaqqabı xoşuna gəlir?
– Bax o yuxarıdakı 3 ayaqqabını ver baxaq. Görək hansını bəyənir.
Uşağın sevincinin həddi-hüdudu yox idi.
– Baba, bu, gözəldir. Ayağıma da rahat olur. Məktəbli formama da uyğundur, – deyən uşaq mağazada o baş-bu başa yürüyüb rahatlığını da yoxladı.
Ağsaqqal pulunu ödəyib xeyli fikirləşdi:
– Oğul, bu cür ayaqqabını niyə bazar qiymətindən ucuz satırsan? Birdən dəri ayaqqabı olmaz ha? Keçən il ayaqqabı almışıq, yağış yağan kimi uşağın ayağına su dolur.
– Arxayın olun. Bu, yerli məhsuldur. Təmiz dəridən hazırlanıb. Ayaqqabıda heç bir problem olmayacaq.
– Bala, sən satıcısan, haradan bilirsən ayaqqabı hansı materialdan hazırlanıb?
– Mən satıcı deyiləm. Elə bu ayaqqabıları tikənəm. Fabrikin direktoruyam. Adım da Namiqdir.
– Ay oğul, 70 yaşım var. Direktorun ayaqqabı tikməyini, müştəriyə ayaqqabı satmağını birinci dəfədir, görürəm.
– Borcumuzdur. İnşallah bundan sonra tez-tez görüşərik, – deyən Namiq Əliyev ağsaqqalı qapıyadək yola saldı.
– Hər modeldə ayaqqabılarınız var?
– Əlbəttə. Zamanı boşa vermədik. Çalışdıq. Əməyimizin bəhrəsini görürük, – deyib fabrikə getməyi məsləhət gördü.
Fabrikdə ahəngdar iş prosesi hökm sürürdü. Kimisi müxtəlif modellərə uyğun dərilər kəsir, kimisi kəsilmiş dəriləri tikir, kimisi də həmin hissələri qəliblərə çəkib, altlıqların yapışdırılması üçün qızdırıcıya qoyurdu.
Elə bu vaxt işçilərdən biri Namiq Əliyevə yaxınlaşıb əlindəki qəlibi göstərərək, – Dəriləri bu qəlibə çəkim? – deyə soruşdu.
– Xeyr. Bu başqa modelin qəlibidir. Bax bu qəlibə çəkəcəksən, – deyib stolun üstündəki digər qəlibləri göstərdi.
– Gəncdir. Öyrənir. Bu işin ustası olması üçün zaman tələb olunur. Elə biz də bu sənəti belə öyrənmişik. 1994-cü ildə “Şirvanşahlar” Xarici İqtisadi Əlaqələr Assosiasiyasını yaradıb ticarətlə məşğul olurduq. Lakin hələ gənc yaşlarımdan ayaqqabı istehsalına marağım olduğundan 2000-ci ildə kiçik bir sexdə ayaqqabı istehsalına başladıq. Satışa çıxarılan məhsullara tələbat artdı. Daha çox və keyfiyyətli məhsul istehsal etmək üçün ayaqqabı fabrikinin inşa olunması, müasir texnoloji avadanlıqların alınıb quraşdırılması zərurəti yarandı. Digər sahibkarlar kimi biz də dövlət qayğısından bəhrələndik. Yeni istehsal sahəsi qurmaq üçün biznes-plan hazırlayıb Sahibkarlığa Kömək Fonduna təqdim etdik. 2008-ci ilin mart ayında Sahibkarlığa Kömək Fondundan 70 min manat dövlət maliyyə dəstəyi göstərildi. Son illər Naxçıvan şəhərində yaradılan sənaye şəhərciyində 750 kvadratmetr torpaq sahəsi ayrıldı ki, burada da müəssisə üçün 2 mərtəbəli bina inşa olundu. Binada ayrı-ayrı iş otaqları, 5 istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana və digər yardımçı otaqlar istifadəyə verilib. Müasir texnoloji avadanlıqların alınması üçün 2008-ci ildə Sahibkarlığa Kömək Fondundan 44 min manat güzəştli kredit ayrılıb. Bu vəsaitlə Almaniya, Macarıstan, Yaponiya, İran və Türkiyə mənşəli 16 adda müasir texnoloji avadanlıq alınıb gətirilərək quraşdırılıb. Bir sözlə, müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsal etmək üçün hər cür şərait yaradılıb.
Yeni istehsal sahəsinin yaradılması məqsədilə 2009-cu ilin mart ayında Sahibkarlığa Kömək Fondundan əlavə olaraq 60 min manat dövlət maliyyə dəstəyi göstərildiyini bildirən müsahibim onu da qeyd etdi ki, Türkiyənin “Tekər” firmasının istehsalı olan ayaqqabı altlıqları istehsal edən avadanlıq, köməkçi dəzgahlar, müxtəlifölçülü və müxtəlif modelli qəliblər alınıb gətirilərək quraşdırılıb. Gündəlik istehsal gücü 400-500 cüt olan ayaqqabı altlıqları istehsalı sexi 2009-cu ilin may ayından fəaliyyətə başlayıb. Ümumilikdə, quruculuq tədbirlərinə və texnoloji avadanlıqların alınıb quraşdırılmasına 380 min manat vəsait sərf olunub ki, bunun da 206 min manatı daxili imkanlar hesabına ödənilib. Gündəlik istehsal gücü 350-400 cüt ayaqqabı olan müəssisədə tələbata uyğun olaraq müxtəlif çeşidlərdə ayaqqabı istehsal edilir. Hazır­da Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin, “Gəmiqaya”, “Cahan” və “Dizayn” Holdinq Şirkətlər ittifaqlarının, Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin sifarişlərinə uyğun olaraq müxtəlif çeşiddə ayaqqabılar istehsal olunur. Ayaqqabı altlıqları istehsalı üçün lazım olan material xammal şəklində, digər 15 adda materiallar isə hazır məhsul şəklində Türkiyə Respublikasından idxal olunur. Təbii ki, müəssisənin maliyyə imkanları genişləndikcə, dəridən hazır­lanan digər məhsulların da istehsal olunması və əlavə işçi qüvvəsinin cəlb edilməsi planlaşdırılır.
İstehsal prosesinin təkmilləşdirilməsi və yeni modellərdə ayaqqabı istehsalı da diqqət mərkəzində saxlanılıb. Cari ildə ali, orta ixtisas və ümumtəhsil məktəblərinin formalarına uyğun ayaqqabı istehsal etmək üçün Türkiyə Respublikasında fəaliyyət göstərən bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayaqqabı istehsalçıları ilə əlaqələr qurulub, müxtəlif yaş qruplarına uyğun müxtəlif ölçülərdə və modellərdə qəliblər alınaraq yeni modellərdə məktəbli ayaq­qabılarının istehsalına başlanılıb. İstehsal olunan müxtəlif çeşiddə qadın və kişi ayaqqabılarının topdansatışı müəssisədə, pərakəndə satışı isə firma mağazada həyata keçirilir.
Daxili bazarı yüksəkkeyfiyyətli məhsullarla təmin etmək əzmi ilə çalışan kollektiv cari ili uğurlu göstəricilərlə başa vurmaq üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir. Müəssisədə istehsal olunan ayaqqabıların ölkəmizin digər regionlarında satışa çıxarılması və xarici bazarda tanıdılması istiqamətində işlər davam etdirilir. Paytaxt Bakı şəhərində və xarici ölkələrdə keçirilən biznes forumlarda və sərgilərdə yaxından iştirak edilir. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkət və firmalarla əlaqələr qurulur ki, bu da yerli məhsulların ölkəmizin digər regionlarına və xarici bazara çıxarılmasına əlverişli şərait yaradır. Artıq “Şirvanşahlar” Ayaqqabı Fabrikinin istehsal etdiyi ayaqqabı altlıqları sifarişə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən ayaqqabı istehsalı müəssisələrinə göndərilir.
Namiq Əliyevin söhbətinə qulaq asan zaman onun ip çəkməkdən düyün bağlamış barmaqları diqqətimdən yayınmadı.
– Siz də ayaqqabı tikirsiniz?
– Əlbəttə, bu müəssisədə çalışan işçilərin hamısı mənim yetirmələrimdir.
Öz işindən zövq alan, zəhməti ilə yaşayan, sənəti yaşatmağı bacaran sənətkar sahibkara işlərində uğurlar arzulayıb oradan ayrıldıq.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR