Muxtar respublikanın füsunkar təbiəti, iqlim şəraiti, təmiz havası və digər amillər regionumuzda arıçılığın da inkişafına geniş imkanlar açır. Aparılmış tədqiqatların nəticələrinə əsasən məlum olub ki, muxtar respublikamızda keyfiyyətli bal istehsal etmək üçün zəngin xammal var. Bu imkanlardan səmərəli istifadə edən arıçılar keyfiyyətli bal məhsulu yetişdirir, daxili bazara töhfələrini verirlər.
Havaların soyuması ilə əlaqədar olaraq artıq arıçılıqda qışlama dövrü başlayıb. Bu dövrdə arıçılar nə etməlidirlər? Hansı tədbirlər həyata keçirilməlidir ki, arı ailələri qışdan salamat çıxsın və bol məhsul istehsalına nail olunsun?
Arıçılıq erkən yaz, beçəvermə, bal məhsulunun əldə olunması və qışlama dövrləri olmaqla, 4 mövsümü əhatə edir. Hər hansı bir dövrə aid olan tədbirlər yerinə yetirilmədikdə arıçı ondan sonrakı dövrlərdə müvəffəqiyyət qazana bilməz.
Arı ailələri qış dövrü özləri üçün yığdıqları bal və güləmlə qidalanırlar. Onlar qış salxımı yaratdıqdan sonra çox qida sərf etmirlər. Qidanın daha çox sərf olunduğu vaxt erkən yazda nəsil artımına başladıqları dövrdür. Bu səbəbdən pətəkdən bal götürülərkən arıların qış ehtiyacları nəzərə alınaraq lazımi miqdarda balın yuvada saxlanması vacibdir. Naxçıvan Muxtar Respublikasının iqlim və florasının müxtəlif olduğunu nəzərə alaraq bölgələr üzrə yem ehtiyatının qış və yaz dövrü üçün dağlıq zonada 18-20 kiloqram, dağətəyi zonada 16-18 kiloqram, aran zonasında 14-16 kiloqram saxlanılması məsləhət görülür.
Qışlama üçün saxlanılan çərçivələrin hamısı dolu olmalıdır. Çərçivələrin üst hissəsi möhürlənmiş bal, aşağı hissəsi isə üzəri açıq bal və ya boş olan gözcüklərdən ibarət olmalıdır. Çünki arılar, əsasən, boş gözlər üzərində salxım qurur. Kiflənmiş, qıcqırmış və xarab olmuş bal qətiyyən qış yemi kimi pətəkdə saxlanılmamalıdır. Qış üçün saxlanılacaq olan 1-2 çərçivədə güləm olması erkən yaz dövründəki nəsil artımı fəaliyyətləri üçün çox mühüm əhəmiyyət daşıyır. Arıların qışlaması üçün çəmən və xüsusilə də dağ çəmənlərinin çiçəklərinin balı daha qiymətlidir.
Gənc arılarla qışlamaya girən arı ailəsi yaza da normal çıxır və güclü bir arı ailəsi inkişaf edərək bal mövsümünə gəlib çatır.
Bal götürdükdən sonra axırıncı yoxlamalar aparıldıqda arı ailələri qışlama vəziyyətinə gətirilir. Pətəyin içərisində arıların zəbt etmədiyi boş çərçivələr çıxarılır və yerinə bölmə taxtası qoyulur. Pətəkdən uçuş bacaları daraldılır. Pətəyin qapağının altına və bölmə taxtasından arxada qalan boşluğa nəmuducu materiallar doldurulur. Pətəyin içərisində artıq nəmin yığılmasının qarşısının alınması üçün uçuş bacası və havalandırma deşiyi açıq saxlanılmalıdır.
Qapalı yerdə qışlama zamanı bir neçə şərtə əməl olunmalıdır. Belə ki, arıxanaya giriş-çıxış az olmalı, pətəklər yerdən 25-30 santimetr yüksəklikdə yerləşdirilməli, üst-üstə ən çoxu 3 sıra pətək qoyulmalıdır. Eyni zamanda pətəklər düzülərkən ehtiyat analar olan arılar ortada, güclü ailələr isə alt və üst hissədə yerləşdirilməli, pətəklər divara çox yaxınlaşdırılmamalı, uçuş bacası gediş yolunun qabağında olmalıdır.
Bilmək lazımdır ki, qışlama yerində ev heyvanları saxlanılmamalı, uçuş bacası pəncərə toru ilə tutulmalı, havalandırma deşikləri açıq olmalı, qızdırıcılardan istifadə edilməməli və arılar qışlayan tikililərdə havanın temperaturu sabit saxlanılmalıdır. Temperaturun -2 dərəcədən +4 dərəcəyə qədər olması vacibdir. Həm də ona diqqət yetirilməlidir ki, arı saxlanılan yerdə rütubət normadan artıq olmasın. Rütubət normadan artıq olarsa, bal rütubəti özünə çəkir ki, bu da balın qıcqırmasına gətirib çıxarır. Qıcqırmış bal ilə qidalanan arılar xəstələnir, bu da arıların ölümü ilə nəticələnir.
Açıq havada qışlama zamanı küləkdən müdafiə mütləq nəzərə alınmalıdır. Belə ki, qışlama üçün Günəşin yaxşı əhatə etdiyi yer seçilməlidir. Açıq havada qışlama zamanı arıxananın ətrafı hasarlanmalıdır. Küləyin qarşısını almaq üçün arıxananın ətrafına sıx ağac əkilməlidir. Uçuş bacasının istiqamətini elə yerləşdirmək lazımdır ki, yağışın, qarın istiqaməti ilə üst-üstə düşməsin. Arıxananı küləkdən müdafiə etmək üçün hasarlamaq, ətrafına ağac əkmək mümkün olmadıqda pətəklərin ön divarlarına maili lövhələrin söykənməsi məsləhət görülür.
Arıçılıq təsərrüfatlarında hər 100 arı ailəsinə 10 ehtiyat ana arı ailəsi nəzərdə tutulur. Ehtiyat ana arı ailəsini qışlamaq üçün arakəsmə ilə təchiz edilmiş digər pətəyin yanına köçürmək olar. Elə etmək lazımdır ki, ehtiyat ana arı ailəsi ilə əsas pətəyin arıları bir tərəfdən digər tərəfə keçə bilməsin. Ehtiyat ana arı ailəsinə qulluq digər arılara olan qulluq kimidir. Qışlama zamanı 3-4 gündən bir pətəklərə baş çəkilməlidir. Uçuş bacasına nəzarət edilməli, ölmüş arılar və mum qırıntıları buradan təmizlənməlidir.
Arıçıların bu tövsiyələrə əməl etmələri onların bol və keyfiyyətli məhsul istehsalında başlıca amillərdəndir. Təcrübəli arıçıların bu tövsiyələrə əməl etmələrinin nəticəsidir ki, onlar hər mövsümdə yüksək məhsuldarlığa nail olur, xeyli qazanc əldə edirlər.
Vaqif MƏMMƏDOV
“Naxçıvan Muxtar Respublikası
Arıçıları” İctimai Birliyinin sədri