Bəzən dünyanın xəritəsindəki sərhədlərə baxaraq çoxlu suallar haqqında düşünürsən. Görəsən, tarixboyu dövlətlər və ayrı-ayrı regionlar yaranarkən gedən mürəkkəb proseslər xalqların taleyinə öz təsirini necə göstərmişdir? Yaxud bunlar belə olmasaydı, indi bu qırmızı xətlər haradan keçərdi? Amma, hər halda, dünyada bir region haqqında danışarkən ərazinin havası, suyu, canlı təbiəti, təbii ehtiyatları ilə yanaşı, çox vaxt buradakı inkişafın mərhələləri, yerli əhalinin tarixi məşğuliyyət növləri, milli dəyərlərinə bağlılığı və dövlətçiliklə bağlı məsələlərin ön plana çəkildiyi suallarla rastlaşırsan. Deməli, okeanlar, dənizlər, iri çaylar, dağ silsilələri və digər təbii amillər planeti ayrı-ayrı regionlara böldüyü kimi, tarixi proseslər və müasir iqtisadi-mədəni inkişafın səviyyəsi də region anlayışına yeni baxışlar formalaşdırır.
Qeyd etdiyimiz kimi, region məfhumu genişdir və hər regionun coğrafiyasına görə özünəməxsus tədqiqat problemləri vardır. Məsələn, çoxlu sayda ölkəni özündə birləşdirən Avropa regionu, qarmaqarışıq Yaxın Şərq regionu və ya cəmisi üç ölkənin təmsil olunduğu Cənubi Qafqaz regionu və sair. Vahid dövlət tərkibindəki regionların tarixi keçmişinin, coğrafiyasının, təbii, iqlim və mineral ehtiyatlarının, turizm və rekreasiya potensialının, yerli əhalisinin məşğuliyyətinin, dil-ləhcə, məişət, mətbəx, hətta geyim fərqlərinin, iqtisadi inkişaf səviyyəsinin, eləcə də ona təsir edən amillərin öyrənilməsi müasir regionşünaslar qarşısında çoxlu sayda elmi problemlər qoyur. Cəmiyyətin inkişafının tələblərinə uyğun olaraq, bu məsələlərin hər birinin öyrənilib üzə çıxarılması isə, ümumilikdə, elmə və dünya mədəniyyətinə qazandırılan töhfələr olmaqla yanaşı, regional inkişafa da elmi prizmadan yanaşmanın metodoloji əsaslarından birini təşkil edir.