Payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq çıxış edib.
Bildirilib ki, bu gün muxtar respublikamızda 29 muzey, 3 dövlət teatrı, 2 dövlət filarmoniyası, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif müəssisəsi, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və digər mədəniyyət obyektləri fəaliyyət göstərir. Bu, o deməkdir ki, 500-dən çox mədəniyyət obyektinin payız-qış mövsümünə normal hazırlığı təşkil edilməlidir. Buna görə də rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin müdirləri, respublika müəssisələrinin rəhbərləri indidən işlərinin düzgün qurulması, müəssisələrdə təhlükəsizlik qaydalarına əməl edilməsi, mal-materialların təyinatı üzrə düzgün bölünməsi və səmərəli istifadəsini nəzarətdə saxlamalıdırlar.
Vurğulanıb ki, Naxçıvan şəhər 2 nömrəli və Sədərək Rayon Uşaq Musiqi məktəblərinin, həmçinin Şərur rayon Yuxarı Yaycı, Oğlanqala, Kürçülü, Axaməd, Şahbuz rayon Daylaqlı, Kiçikoba, Babək rayon Xəlilli, Yarımca, Xal-xal, Kəngərli rayon Yurdçu, Ordubad rayon Gilançay, Tivi, Culfa rayon Gal, Qızılca, Saltaq kəndlərində kənd mərkəzlərinin tikintisi başa çatdırılıb. Bu ünvanlarda klub müəssisələri və kənd kitabxana filialları üçün yerlər ayrılıb. Həmin obyektlərin istilik sistemi müasir tələblər səviyyəsində qurulub. Eyni zamanda Culfa rayonunun ərazisindəki “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və “Gülüstan” Tarix-Mədəniyyət Qoruğunun inzibati binası istilik sistemi ilə təmin edilib.
2015-2016-cı illərin payız-qış mövsümündə muzeylərdə, kitabxanalarda, klub müəssisələrində mədəni xidmət işinin düzgün qurulması, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin yüksək səviyyədə aparılması üçün payız-qış mövsümü ərzində ortaya çıxan problemlər aradan qaldırılıb.
Diqqətə çatdırılıb ki, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində müəssisə və təşkilatlara lazım olan mal-materialların siyahısı hazırlanıb, müəssisələrin istilik sistemlərinə baxış keçirilib, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb.
Sonra Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qənbərov, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmamqulu Əhmədov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov qışa hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Payız-qış mövsümünə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasına mədəniyyət və turizm naziri Natəvan Qədimova yekun vurub.
Xəbərlər şöbəsi